Xalqımızın çoxəsrlik dövlətçilik tarixində ümummilli liderimiz Heydər Əliyevin müstəsna yeri və rolu var. Misilsiz xidmətləri ilə Azərbaycanın ən parlaq və şanlı tarixini yaratmış dünya şöhrətli siyasi xadimin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü də xalqımızın tarixi taleyində misilsiz rola malikdir. Məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıtmış, həm də milli varlığımızı qoruyub saxlamışdır.
Ötən əsrin 60-cı illərində ölkəmiz iqtisadi vəziyyətinə görə keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri idi. Sənaye və kənd təsərrüfatı sahələrinin günün tələblərinə cavab verməməsi əhalinin güzəranının getdikcə pisləşməsi ilə nəticələnmişdi. 1969-cu ildə Sovetlər Birliyində ümumi məhsulun həcmi 1965-ci ilə nisbətən 43 faiz çoxaldığı halda, Azərbaycanda bu artım cəmi 29 faiz olmuşdu. Baxmayaraq ki, ölkəmizin imkanları yetərincə idi, ancaq təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir, Azərbaycan isə məhvə sürüklənirdi. Bir çox mühüm infrastruktur layihələri bilərəkdən Azərbaycanda yaradılmırdı. Nəticədə, ötən əsrin 50-ci illərindən sonra SSRİ-də başlanan sənayeləşmə Azərbaycandan yan keçir, ölkədə işsizlərin sayı artır, gənc əhalinin bir qismi iş dalınca ittifaqın müxtəlif şəhərlərinə üz tuturdu. Bundan başqa, Azərbaycanın keçdiyi tarixi yol da saxtalaşdırılır, xalqın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin təbliğinə və yaşadılmasına qadağalar qoyulur, yetişən gənc nəsil yad ideologiya altında tərbiyə edilirdi. Məhz bütün bunlara görə də ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründəki fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Dahi şəxsiyyət yaradılmış süni maneələrə sinə gərərək Azərbaycan xalqının milli əsaslar üzərində inkişaf konsepsiyasını irəli sürmüş, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırmışdır.
Hər bir xalq yalnız müstəqilliyini qazanaraq azadlığına qovuşa bilər. Müstəqilliyi əldə etmək üçünsə milli-tarixi iradə, möhkəm təməl və iqtisadi inkişaf lazımdır. Həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndərimiz demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”. Görkəmli dövlət xadimi ölkəmizə rəhbərliyinin birinci dövründə – 1969-1982-ci illərdə Azərbaycanı Sovetlər Birliyinin ən geridə qalmış aqrar respublikasından ən inkişaf etmiş sənaye-aqrar respublikasına çevirərək bugünkü müstəqilliyimizin təməlini qoymuşdur. Görkəmli dövlət xadimi Azərbaycanı xammal istehsalçısından müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevrilməsi üçün mühüm tədbirlər həyata keçirmişdir. Onun səyləri nəticəsində 1969-1982-ci illərdə ölkəmizin müxtəlif regionlarında yaradılmış yeni müəssisələr bu gün də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına əsaslı zəmin yaradır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra respublikanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni bir dövr başlanmışdır. Dahi şəxsiyyət milləti, milli düşüncəni oyatmış, güclü iqtisadi potensial yaratmışdır. Ulu öndər Heydər Əliyev o dövrü belə xarakterizə edirdi: “Qətiyyətlə bildirmək olar ki, 60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafı üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.
Qeyd etmək lazımdır ki, ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu 1969-1982-ci illərdə respublikamızda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuşdu. Həmin illər ərzində Azərbaycanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artmışdır. Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına 15 mindən çox azərbaycanlı oğlan və qız təhsil almağa göndərilmişdir. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi, gələcək müstəqil Azərbaycanın inkişafı istiqamətində atılan mühüm addımlar idi.
1970-ci ildə mütəxəssislər qeyd edirdilər ki, son 100 ildə 1 milyard ton neft istehsal etmiş, Böyük Vətən müharibəsi illərində SSRİ-nin neftə olan ehtiyacının 75 faizini vermiş Azərbaycanın neftayırma zavodları hələ çar dövründə inşa edildiyinə görə müasir tələblərlə ayaqlaşmır. Bu məqamdan məharətlə istifadə edən ulu öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırmış və Bakıdakı bütün neftayırma müəssisələrinin tamamilə yenidən qurulmasına, bir çoxunun isə yenidən tikilməsinə nail olmuşdur. Bununla yanaşı, 70-ci illərdə Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilmişdir. 1970-1982-ci illərdə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycanda 52 memarlıq abidəsində bərpa işləri aparılmış, 650-dən çox tarix və mədəniyyət abidəsinin pasportu hazırlanmışdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli liderin ötən əsrin 70-80-ci illərində Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi tədbirləri belə xarakterizə etmişdir: “Tarixilik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı”.
Dahi şəxsiyyətin XX əsrin 70-80-ci illərindəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılmasıdır. O dövrdə yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Vurğulamaq lazımdır ki, ümummilli liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynamışdır.
Bir faktı da qeyd edək ki, ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirmiş, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ulu öndərimizin milli dəyərlərin qorunması, milli şüurun oyanışı istiqamətində həyata keçirdiyi tədbirlərdən danışarkən demişdir: “Ötən əsrin 70-ci illərində baş vermiş proseslərin təhlili göstərir ki, ulu öndərimiz genişmiqyaslı maarifçilik təşəbbüsünü milli ruhun yüksəlişi və millətin tarixi yaddaşının bərpası vəzifələri ilə vəhdət halında götürür, Azərbaycan dilinin tədrisi məsələlərini diqqətdə saxlayırdı. Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə milli dəyərlərin və milli şüurun bərpasına xidmət edən tədbirlərin görülməsi, Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, akademik nəşrlərin hazırlanması, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətlərindəndir”.
Ötən əsrin 70-ci illərində görülən məqsədyönlü işlər nəticəsində Naxçıvan Muxtar Respublikası da sürətlə inkişaf etməyə başlamışdır. Reallıq budur ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə qalırdı və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında ulu öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli Qərarının mühüm rolu olmuşdur. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdir. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilmişdir.
Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə artmışdır. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilmişdir. Bütün bu genişmiqyaslı quruculuq fəaliyyəti nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artmışdır. Ulu öndərin o vaxt Naxçıvanın elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün atdığı addımlar muxtar respublikanın gələcək taleyində mühüm rol oynamışdır. 1990-cı illərin əvvəllərində Naxçıvan Ermənistan tərəfindən blokadaya alınarkən muxtar respublika əhalisi məhz həmin enerji mənbələri hesabına həyat ritmini qoruyub saxlaya bilmişdir.
Ötən əsrin 90-cı illərinin əvvəllərində, ölkəmizin vətəndaş müharibəsinə, hərc-mərcliyə, xaos və anarxiyaya sürükləndiyi zamanda ümummilli liderimiz növbəti dəfə canı qədər sevdiyi Azərbaycanı xilas etmiş, Naxçıvandan başlanan qurtuluş mübarizəsi Azərbaycanın əbədi müstəqilliyinə təminat vermişdir. 1990-1993-cü illərdə dahi şəxsiyyətin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi muxtar respublikanın təhlükəsizliyinin təmin olunmasına səbəb olmaqla yanaşı, milli dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsi ilə tarixə yazılmışdır. Belə ki, Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən 12-ci çağırış birinci sessiyasında “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edilmiş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikasının ali qanunvericilik orqanının da adı dəyişdirilmiş, muxtar respublikanın ictimai-siyasi həyatına yeni ab-hava gətirilmişdir.
1993-cü ilin yayında ölkəmiz milli dövlətçiliyimizin ikinci dəfə məhvolma təhlükəsi ilə üzləşəndə ulu öndər Heydər Əliyev yenidən xalqın təkidli tələbi ilə Bakıya getmiş və ali hakimiyyətə bu qayıdış xalqımızın ən yeni tarixinə Vətənimizin xilası kimi yazılmışdır. 1969-cu ildən başlanan quruculuq xəttinin 1993-cü ildən sonra davam etdirilməsi hərtərəfli inkişaf edən, dünyada söz sahibinə çevrilən müstəqil Azərbaycanın daha da güclənməsinə səbəb olmuşdur. Hazırda bu siyasi xəttin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı çox qısa zamanda dünyanın ən inkişaf etmiş ölkəsinə çevirmişdir. Ötən dövr onu göstərdi ki, Azərbaycanda Heydər Əliyev siyasi xəttinin alternativi yoxdur. İnsana qayğı, milli və mənəvi dəyərlərə sədaqət, dövlətçiliyimizə yorulmadan xidmət bu siyasi kursun əsasını təşkil edir.
“Şərq qapısı”