Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 49-cu ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan muzeyin direktoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda məruzə edib. Bildirilib ki, Azərbaycan milli şüurunun böyük himayədarı, müstəqil Azərbaycan dövlətinin xilaskarı və qurucusu Heydər Əliyev xalqı və dövləti üçün xidmət göstərməyi ömrünün başlıca qayəsi hesab edib, Vətənə, xalqa, dövlətə sədaqətlə və yorulmaz xidmətin müstəsna nümunəsini yaradıb. Məruzədə ulu öndərin ölkəmizdə siyasi hakimiyyətə gəldiyi dövrlərdəki dövlətçilik baxımından fəaliyyəti, Azərbaycanın beynəlxalq imicinin artırılması üçün göstərdiyi səyləri, ölkədə həyatın bütün sahələrində inkişafın yaranması üçün atdığı addımlardan geniş söz açılıb.
Konfransda Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Cəbi Quliyev “Görkəmli dövlət xadimi Heydər Əliyev və Naxçıvan” mövzusunda çıxışında ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdəki fəaliyyəti, müstəqillik illərində dövlət başçısı kimi Naxçıvana səfərləri, ulu öndərin qədim diyarla bağlı həyata keçirdiyi işlərdən bəhs edib.
“Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin üzvü Sima Bayramova qeyd edib ki, ölkəmizdə dövlət gənclər siyasətinin əsasını məhz ulu öndər Heydər Əliyev qoyub. Dahi siyasətçi Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daim gənclərə böyük diqqət və qayğı göstərib, gənclərlə işi dövlətin prioritet vəzifələrindən hesab edib.
Sonra ümummilli liderin siyasi fəaliyyətini əks etdirən sənədli film nümayiş etdirilib, tədbir iştirakçıları muzeydəki eksponatlara baxıblar.
Nail ƏSGƏROV