Yolumuz Kiçik Qafqazın ən uca zirvəsi olan başı buludlarla çalmalı Qapıcıq dağının ağuşunda mürgüləyən Ordubad rayonunun səfalı kəndi Tiviyədir. Maşınımız yol aldıqca seyr etdiyimiz gözəl mənzərələr – xəfif əsən küləyin mehindən dəniztək dalğalanan bərəkət ətirli zəmilər, yamyaşıl çəmənliklərə rəngarəng naxış salan çiçəklər, zümrüd rəngli, gözyaşıtək saf bulaqlar, Nuh tufanına şahidlik etmiş məğrur Gəmiqaya bu yerlərin ecazkar tablolarıdır. Gözoxşayan mənzərələrilə insanı məftun edən bu əsrarəngiz yurd yerinin füsunkar gözəlliklərini qələmə almaq üçün coşqun təbiətli şair olmaq lazımdır bəlkə də... Ağrı, Kəmki dağlarını, Haçadağı keçərək Gəmiqayada lövbər salan Nuh Peyğəmbərin mübarək addımları bərəkəti bol, bənzərsiz naz-nemətlər bəxş edib bu yurd yerinə.
Yol boyunca bir-birinin ardınca düzülən palıd, yulğun, əzgil, tut, cəviz, alça, gilas, yemişan, armud və adını sadalamaqla bitməyən növbənöv ağaclar, dağ yamaclarında bitən qırxbuğum, dağ zirəsi, ələyəz, əvəlik, boymadərən, bağayarpağı kimi müalicəvi əhəmiyyətə malik çoxsaylı bitkilər, nadir kollar Tivinin torpağının bar-bərəkətindən xəbər verir. Sehrinə düşdüyümüz mənzərələri ilə yanaşı, həm də kəndin zəngin keçmişindən soraq verən, əsrlərin tarixinə lövbər salan izlər də mövcuddur. Elə 1968-ci ildə kənd ətrafında qeydə alınan antik dövrə aid arxeoloji abidə – Tivi nekropolu bu yurd yerinin tarixi zənginliyindən xəbər verən faktdır, sübutdur. Bu abidə kəndin qədim və orta dövr tariximizin canlı salnaməsidir.
Kəndin toponiminə gəldikdə isə, bu haqda mənbələrdə maraqlı ehtimallar var. Qeyd olunur ki, “Tivi” sözünün mənşəyi ərəb dilində “tiv” – gözəl ətir qoxusu mənasını verib, “ətir saçan” deməkdir. Digər bir mənbədə rast gəldiyimiz məlumatda isə bu oykonim ərazidəki mineral bulaqların adı ilə bağlıdır və toponimiya “tbi”, “tivi”, “tüpü”, “tibi”, “tupu” – “bataqlıq”, “göl”, “su dolan yer”, “su şırnağı” mənalarında işlənilir.
Bu yurd yeri, əsasən, təpə üzərində yerləşir. Kəndin hər iki tərəfindən çay axır. Mənsəbini Gəmiqaya, Qızgəlin çuxuru, Saqqarsu və Nəsirvaz dağlarından alan çayların suyundan, əsasən, suvarılmada istifadə edilir. “Böyükçay” adlanan çayın üzərində salınan yeni körpü və yenidən qurulan yol sakinlərin rahatlığını təmin edib. Rayon mərkəzi ilə kəndi iki yol birləşdirir. Bunlardan biri sovet dönəmindən qalma əyri-üyrü dolambaclarla gedən və elə o vaxtlardan da istifadəyə yarasız yoldur. Digəri isə bir neçə il bundan əvvəl dövlətimizin qayğısı sayəsində salınan strateji əhəmiyyətə malik olan Biləv-Tivi-Nürgüt-Göygöl avtomobil yoludur. Bu yolun istifadəyə verilməsi sakinlər üçün ən böyük ərməğandır.
Əsrlərə şahidlik edən qədim tikililər, evlər, məhəllələr bu kəndin canlı tarixidir. Tivi ağsaqqallarından Qurban Sultanovun sözlərinə görə, kənd, əsasən, on bir məhəllədən və yeni salınan bir neçə qoldan ibarətdir. Ən qədim məhəllə isə güman edilir ki, Dərbənd məhəlləsidir. Bu məhəllələrdən keçərkən qədim dövrlərə aid olan bişmiş kərpicdən və çay daşlarından tikilən evlər insan ruhuna xoş duyğular bəxş edir. Biranlıq düşüncələr keçmişə qanad açır. Kənddə iki böyük meydan var. Bu meydanlarda, əsasən, Tivinin özünəməxsus mərasimləri, şənlikləri keçirilir. Kənddə olan iki məsciddən biri də elə kəndin mərkəzində olan meydanda yerləşir. Digər məscid isə Bəy məhəlləsindədir.
Tivi həm də bulaqlar diyarıdır. 84 yaşlı Famil Bayramov deyir ki, burada hər kəsin bağçasında bir bulaq axır. Bütün yarğanlarda, yol kənarlarında olan bulaqlar kəndin yaşıllıqlarına həyat verir. Onlardan bir çoxu Narzan tiplidir və dəri xəstəliklərinin müalicəsində tövsiyə edilir.
Tividə xalq çalğı alətlərinə də xüsusi maraq var. Hətta burada bu alətləri hazırlayanlar da olub. Qara zurna ifaçısı 75 yaşlı Əbülfəz Abutalıbov deyir ki, nəfəsli alətlərin içərisində zurnanın xüsusi yeri var. Onun sözlərinə görə, cəviz və ərik ağaclarından hazırlanan zurna nəfəsli alətlər içərisində ən qədim olanıdır. Əbülfəz kişi onun Nuh əyyamından qaldığını söyləyir. Tufandan öncə təhlükəni bildirmək üçün bir çobanın dağ başına çıxaraq zurna çalmaqla xəbərdarlıq etməsi ilə bağlı xatırlatdığı rəvayət də maraqlıdır. Əbülfəz kişi deyir ki, “Nuh havası” deyilən hava kənddə indiyədək ifa edilir.
Adət-ənənələrin, milli-mənəvi dəyərlərin, əxlaqi-etnik düşüncələrin qorunduğu Nəbi yurdunda insanların nicat tapdığı Bibqətəl, Dağdağan, Qara daş, Palıd, Qoşa cəviz pirləri və adını sadalamadığımız onlarla belə ziyarətgah kənd adamlarının mənəvi saflığından xəbər verir. İnsanların ümid yeri olan bu pirlərlə bağlı AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli kompleks tədqiqat işləri apararaq onlar haqqında geniş məlumatlar əldə edib. Tədqiqatlar zamanı təkcə Tivi kəndində 70-ə qədər ziyarətgahın mövcud olduğu qeydə alınıb.
Dağlarının qarı qədər təmiz, bulaqlarının suyu qədər safürəkli insanların doğma yurdu olan Tivi camaatı halal çörək üçün tər axıdan, mərd, zəhmətsevər insanlardır. Otlaqlarında qoyun-quzu mələyən, münbit torpaqlarında, bərəkətli əkin sahələrində min bir nemət bitən bu yurd yerinə üz tutanları gülərüz, mehriban qarşılayan qonaqpərvər kənd adamlarının əsas məşğuliyyəti təsərrüfatdır. Aranla müqayisədə havalar bir az gec isinsə də, indi bu yurd yerində təsərrüfat işlərinin qızğın vaxtıdır. Sahələrdə müşahidə etdiyimiz qələbəlik insanın ruhuna xoş təsir bağışlayır. Bir tərəfdə məhsul yığılır, başqa bir tərəfdə əkin sahələri suvarılır.
Kənddə əsas təsərrüfat sahələrindən biri arıçılıqdır. Hər il burada bol və keyfiyyətli bal istehsal edilir. 64 yaşlı Hüseynəli Quliyev uzun illərdir ki, bu sahə ilə məşğul olur. Onun qazanc yeri elə həyətinə sıra ilə düzərək yerləşdirdiyi arı pətəkləridir. Deyir ki, zəngin təbiətimiz var. Arıçılıq üçün sərfəlidir. Bu sahə ilə məşğul olanlara dövlət qayğısı da yetərincədir. Arı xəstəliklərinin qarşısını almaq üçün vaxtlı-vaxtında dərmanlarla təmin olunuruq. Baytar həkimlər də mütəmadi olaraq gəlib arı və heyvandarlıq təsərrüfatlarına baxır, profilaktik tədbirlər aparırlar. Bax gördüyünüz tərəvəz sahələrini ailə üzvlərimlə birlikdə becərirəm. Övladlarımı da torpağa, zəhmətə bağlı ruhda tərbiyə etmişəm. Yetişdirdiyimiz məhsulların isə dadına, tamına söz ola bilməz. Kəndimizdə təsərrüfat suyu da boldur. Bu şəraitdə kim pis dolanırsa, günah onun özündədir. Torpağı iş yeri hesab edirəm. Məni dolandırır, güzəranımı da yaxşılaşdırır. Kifayət qədər torpaq sahəmiz var, suyu başının üstündə, əkinçilikdə işlədiləcək texnikalarımız da öz yerində. Məhsullarımızın alıcıları da heç zaman əskik olmayıb. Gəlirimiz artdıqca işə həvəsimiz də çoxalır.
Muxtar respublikamızda son illər həyata keçirilən möhtəşəm quruculuq işlərindən bu kənd də öz payını alıb. Belə ki, 2015-ci ildə Tividə yenidən qurulan məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, abadlaşan yollar, bir sözlə, insanların gün-güzəranını xeyli dəyişdirən belə diqqət və qayğı kənd adamlarını bu yurda daha sıx tellərlə bağlayıb.
Kənddə olduğumuz zaman Tivi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Hüseynağa Həsənovla geniş quruculuq tədbirləri aparılmış obyektlərlə yaxından tanış olmaq imkanı əldə etdik. Kənd tam orta məktəbinin direktoru Məhəmməd Ağayev ilə həmsöhbət olduq. O dedi ki, əvvəllər köhnə, heç bir şəraiti olmayan binada fəaliyyət göstərən məktəb, bu gün yaraşıqlı binada elektron lövhələrlə, kompüterlərlə, müasir tədris vasitələri ilə təmin olunub. 216 şagird yerlik məktəb binasında 120 şagird təhsil alır. O bildirdi ki, son illər təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar bir sıra uğurların əldə edilməsi ilə nəticələnib. Belə ki, bu tədris ilində məktəbin 11 nəfər məzunu olub. Onlardan 10-u ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərib. Məzunlardan 2-si 500-700 intervalında bal toplayıb.
...Ordubad rayonunun ucqar dağ kəndi olan Tivi bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Dövlətimizin bu yaşayış məntəqəsinə göstərdiyi qayğı kənd sakinlərinin rahat yaşamaq imkanlarını genişləndirib, onların qurub-yaratmaq əzmini yüksəldib. Buna görə də hər bir tivili çalışır ki, öz əməyi, fəaliyyəti ilə bu qayğıya əməli töhfəsini versin.
Bəli, bu gün muxtar respublikamızın ən ucqar dağ kəndlərində yaradılmış infrastruktur kənd sakinlərinin sabaha olan inamlarını daha da artırıb. İndi hər kəs rahat şəkildə öz təsərrüfatı ilə məşğul olur, gün-güzəranını, dolanışığını təmin edir. Dövlət tərəfindən də bu sahəyə yardımlar edilir. Əvvəlki dövrlərdən fərqli olaraq indi istehsal olunan məhsulun da daimi bazarı var. Hər həftə Naxçıvan şəhərində, eyni zamanda rayon mərkəzlərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları kəndlinin üzünü güldürür. Elə tivililər də yaradılmış bu imkanlardan yararlanaraq muxtar respublikamızın iqtisadi inkişafına öz töhfələrini verməyə çalışırlar.
Gülcamal TAHİROVA