Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsində sərnişindaşıma xidməti ilə məşğul olan sürücülər üçün növbəti seminar-müşavirə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin şöbə müdirləri Zaur Əliyev və Elxan Novruzov, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin əməkdaşı İman Adıgözəlov çıxış ediblər. Bildirilib ki, muxtar respublikada digər sahələrlə yanaşı, avtomobil nəqliyyatı sahəsində də əsaslı islahatlar aparılıb və müsbət nəticələr əldə edilib. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, bu sahədə həyata keçirilən müxtəlif tədbirlər avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaların müasir tələblərə uyğun yerinə yetirilməsinə əlverişli şərait yaradıb.
Qeyd edilib ki, bu ilin ötən dövrü ərzində şəhərlərarası və rayonlararası marşrut avtobuslarının qrafiki bir daha nəzərdən keçirilib, qrafiklər daha da təkmilləşdirilib. Xətlərə çıxan avtobus və taksilərin texniki baxışları təşkil olunub.
Vurğulanıb ki, bu gün muxtar respublikamıza gələn turistlərə göstərilən nəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi, qonaqlarla ünsiyyətin düzgün qurulması əsas məsələlərdəndir. Bu mənada, sürücülərin iştirakı ilə maarifləndirici xarakterli seminar-müşavirələrin keçirilməsi, muzeylərə ziyarətlərin təşkili, onların muxtar respublikanı təbliğ edəcək məlumat nəşrləri ilə təmin edilməsi xüsusi önəm daşıyır.
Nail ƏSGƏROV