III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin Türkiyədən olan iştirakçıları bu fikirdədirlər
Naxçıvan şəhərində keçirilən III Beynəlxalq Gənclik Araşdırmalar Konqresində qardaş Türkiyənin bir sıra nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri də iştirak edirlər. Onlar qədim diyarın bir çox gəzməli-görməli yerləri, tarixi abidələri, mədəniyyət və səhiyyə müəssisələri ilə də tanış olublar. Qonaqlarla görüşüb həmsöhbət olduq, bir neçəsinin Naxçıvanla bağlı təəssüratlarını öyrəndik.
Zəkəriya Bingöl – Marmaris Turizm Məslək Yüksekokulunun müdiri: – III Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin Naxçıvanda keçirilməsi qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı və eyni zamanda Azərbaycan Respublikasının Gənclər Paytaxtı seçilməsi tədbirin burada keçirilməsinə səbəb olan əsas amillərdir.
Vurğulamaq istərdim ki, konqresin yüksək səviyyədə keçirilməsi üçün Naxçıvanda hər cür şərait yaradılıb. Onu da qeyd edim ki, muxtar respublikanın bir çox gəzməli-görməli yerlərində olduq. Naxçıvanın qədim tarixi və mədəni abidələri, ecazkar təbiəti, buradakı səliqə-sahman bizdə xoş təəssüratlar yaratdı.
Mən bir neçə dəfə Naxçıvanda olmuşam. Burada keçirilən festival və tədbirlərdə iştirak etmişəm. Deyə bilərəm ki, qədim diyar beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi üçün ideal məkandır. Ümidvaram ki, III Beynəlxalq Gənclik Araşdırmalar Konqresi kimi yüksək səviyyəli tədbirlər gələcəkdə daha tez-tez keçiriləcək və iki qardaş ölkənin sıx əməkdaşlığı bundan sonra da davam etdiriləcəkdir.
Professor Nevres Hürriyyet Aydoğan – Muğla Sıtkı Koçman Universitetinin rektor yardımçısı, Tibb fakültəsinin dekanı: – Bu tədbirin Naxçıvanda keçirilməsində məqsəd buradakı ali təhsil ocaqları ilə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, təhsil sahəsində məlumat mübadiləsi aparmaqdan ibarətdir. Buradakı ali təhsil ocaqlarında olduğumuz müddətdə gördük ki, Naxçıvanda təhsilə böyük diqqət yetirilir.
Bu, mənim Naxçıvana ilk gəlişimdir. Ancaq Nuhun yurduna ayaq basdığım andan özümü doğma torpağımda olduğum kimi hiss etdim. Bunun əsas səbəbi buradakı insanların göstərdiyi qonaqpərvərlik və mehriban münasibətdir. Tədbirin təşkilində zəhmət çəkən hər kəsə minnətdarlığımı bildirirəm.
Onu da deyim ki, Naxçıvanın zəngin turizm potensialına malik olduğunu əyani şəkildə gördüm. Duzdağ Fizioterapiya Mərkəzi öz möcüzəli xüsusiyyətləri ilə bizi valeh etdi. Naxçıvanın tarixi və mədəni abidələrlə zəngin olması qədim diyarda turizmin inkişafı üçün geniş imkanlar açır.
Zülfikar Bayraktar – Bandırma Onyedi Eylül Üniversitetinin dosenti: – Türk dünyasının böyük oğlu Heydər Əliyevin çox gözəl bir kəlamı var: “Gənclər bizim gələcəyimizdir”. Bəli, əgər gələcəyimizin sağlam təməllər üzərində qurulmasını istəyiriksə, indidən onların yüksək təhsil almaları, yaxşı mütəxəssis kimi yetişmələri üçün lazım olan işləri görməliyik. Naxçıvanda olduğum zaman gördüm ki, burada gəncliyin inkişafı üçün hər cür şərait yaradılıb. Ali təhsil ocaqlarında yaradılan tədris şəraiti olduqca ürəkaçandır. Türkiyəyə qayıdandan sonra yaxın dost-tanışa da təhsil almaları üçün Naxçıvandakı universitetləri seçmələrini tövsiyə edəcəyəm.
Onu da deyim ki, gəzdiyim digər ölkələrdə çox acınacaqlı hallarla qarşılaşmışam. Ancaq Naxçıvana ayaq basan andan burada sabitliyin, əmin-amanlığın hökm sürdüyünü, hər tərəfin, sözün həqiqi mənasında, gülüstana çevrildiyinin şahidi oldum. Yüksək qonaqpərvərlik, mehriban münasibət, təmizlik, səliqə-sahman, bir sözlə, görünən hər şey gözəldir. Burada olmaqdan çox məmnun qaldım, bizə göstərilən diqqətə görə minnətdaram.
Gülşen Bayat – İqdır Üniversitetinin Turizm fakültəsinin müəllimi: – Əvvəlki iki konqres Türkiyədə – Marmaris və Fethiyede keçirilib. Üçüncü tədbirin Naxçıvanda keçirilməsi isə iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığının, bir-biri ilə qırılmaz tellərlə bağlılığın göstəricisidir. Qədim diyarın gəzməli-görməli yerlərini seyr etmək imkanımız da oldu. Bərpa edilmiş tarixi-mədəni abidələr, qədim yurdun ecazkar təbiəti, Naxçıvanın yüksəksəviyyəli mədəniyyət, səhiyyə və təhsil ocaqları muxtar respublikanın inkişafının göstəricisidir. Ən çox diqqətimi çəkən ünvanlardan biri Duzdağ Fizioterapiya Mərkəzi oldu. Etiraf edim ki, belə bir məkanı heç yerdə görməmişəm. Öyrəndim ki, buraya dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri gələrək müalicə alırlar. Ölkəmdə bir çox insan da bu xəstəlikdən əziyyət çəkdiyi üçün bura ilə tanışlığıma çox sevindim. Qayıdan kimi onlara ilk sözüm bu şəfa ocağı barədə olacaq.
Onu da bildirim ki, Naxçıvanı bu cür cənnətməkan diyar təsəvvür etmirdim. Naxçıvan şəhərinin hüsnünə tamaşa etdikcə məndə olduqca xoş duyğular yarandı. Abad küçələr, geniş yollar, əzəmətlə ucalan yaraşıqlı binalar, ecazkar yaşıllıqlar, sakitlik, təmizlik bu yeri möhtəşəm göstərən əsas amillərdir. Naxçıvanı gördüyüm üçün çox sevindim. Gələcəkdə də tez-tez yolumu buradan salmağı düşünürəm. Bizə göstərilən yüksək qonaqpərvərliyə və mehriban münasibətə görə hər kəsə minnətdaram.
Nail ƏSGƏROV
Tural AĞAYEV