24 Dekabr 2024, Çərşənbə axşamı

Ölkəmizdə dövlət gənclər siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini mühüm vəzifə kimi daim diqqət mərkəzində saxlamış, gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələ elan etmişdir. Ümummilli liderimiz bu sahədə hüquqi bazanın yaradılması və gənclərlə işin daha da təkmilləşdirilməsini diqqət mərkəzində saxlamış, onların potensialından düzgün istifadə olunması üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsini təmin etmişdir.
Gənclər siyasəti bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq icrası başa çatmış “Azərbaycan Gəncliyinin Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Xüsusi istedada malik olan uşaqların (gənc­lərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” ölkə gənclərinin fəal həyat mövqeyinin düzgün formalaşmasında mühüm əhəmiyyət kəsb etmişdir. 2007-ci ilin ölkəmizdə “Gənclər ili” elan olunması, Azərbaycan gənclərinin forumlarının keçirilməsi bu sahədə görülən işlərin əhatə dairəsini daha da genişləndirmişdir.

Bütün bunların nəticəsidir ki, bu gün ölkəmizdə bilikli, elmli, savadlı və yüksək düşüncəyə malik gənc nəsil yetişir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər ­siyasəti təkcə paytaxt Bakı şəhərini deyil, bütünlükdə ölkəmizi əhatə edib.
Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti bu gün uğurla həyata keçirilir. Son illər gənc­lərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həll edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi bu istiqamətdə atılan mühüm addımlardandır.
Muxtar republikamızda gənclərin mütaliə mədəniyyətinin artırılması da diqqət mərkəzində saxlanılmışdır. Naxçıvan Muxtar Respublika Kitabxanasının, AMEA-nın Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Naxçıvan Dövlət Universitetinin və Gənclər Mərkəzinin elektron kitabxanalarının maddi-texniki bazasının və kitab fondunun gücləndirilməsi, eləcə də “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı gənclərin mədəni inkişafı, dünyagörüşlərinin zənginləşdirilməsi sahəsində atılan mühüm və vacib addımlardır.
Eləcə də Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Gənclər Fondunun yaradılması və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncam gənclərin bütün sahələrdə inkişafına hesablanmış məqsədyönlü siyasətin tərkib hissəsidir. Naxçıvan şəhərində Gənclər Mərkəzinin istifadəyə verilməsi isə gənclərin xüsusi layihələr vasitəsilə vahid bir məkanda toplanması, onların asudə vaxtlarının səmərəli təşkili baxımından xüsusi əhəmiyyətə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclərin fəaliyyətilə bağlı çıxışında demişdir: “Müasir dövrdə informasiya texnologiyalarının tətbiqi işinin və informasiya mübadiləsinin çevik forması olan sosial şəbəkələrin getdikcə genişlənməsi gənclər qarşısında əlavə fəaliyyət sahəsi açmışdır. Bizim üçün xoşdur ki, muxtar respublika gəncləri bu sahəyə nüfuz etməyi bacarmış, sosial şəbəkələrdə fəallığı xeyli artırmışlar. Gənclərimiz sosial şəbəkələrdən əsasən təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkəmiz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışırlar”.
Gənclərin sosiallaşması, eləcə də internet resurslarından düzgün şəkildə istifadəsi ən aktual məsələlərdən biridir. Son dövrlər gənclərin sosial şəbəkələrdə fəallıqları daha da artıb. Hazırda “Naxçıvan həqiqətləri”, “Naxçıvan gəncləri” sosial qruplarında gənclərimizin aktivliyi artmaqdadır. Belə ki, muxtar respublikamızın görməli yerlərinin, tarixi abidələrinin tanıdılması baxımından sosial şəbəkələrdə edilən paylaşımlar Naxçıvanın bugünkü inkişafından, müasirliyindən və gənc­lərin fəallığından xəbər verir.
Hər il ölkəmizin bir rayon və şəhəri Gənclər Paytaxtı elan edilir. 2018-ci ildə Naxçıvan şəhərinin namizədliyi irəli sürülmüş, internet üzərindən aparılan səsvermədə muxtar respublika gənclərinin fəallığı şəhərimizin Gənclər Paytaxtı seçilməsi ilə nəticələnmişdir. Naxçıvan şəhərinin bu ada layiq görülməsi gənclərimizin internetdən, sosial şəbəkələrdən düzgün istifadəsinin bariz nümunəsidir.

Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi bir daha sübut etdi ki, muxtar respublikamızda dövlət gənclər siyasəti uğurla aparılır və gənclərin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Onlar bu şəraitdən səmərəli istifadə edərək ulu öndər Heydər Əliyev yoluna sədaqət və ehtiramlarını öz fəaliyyətlərilə sübut edirlər. Ali Məclis Sədrinin dediyi kimi: “Gənclik gələcəkdir. Sağlam gənclik isə həm də sağlam gələcək deməkdir. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti hər bir gəncə özünü təsdiq etməsi, yüksək bilik qazanması və dəyərli vətəndaşa çevrilməsi üçün geniş imkanlar açır. Azərbaycan inkişaf edən dövlətdir və təbii ki, müstəqillik dövründə yetişən, onun bəhrəsini görən hər bir gənc də öz fəaliyyəti ilə bu inkişafa dəstək verməli, dövlət müstəqilliyimizin qədrini bilməlidir. Biz bu gün yetişən gəncliyə böyük ümidlə baxırıq. İnanırıq ki, muxtar respublika gəncləri bundan sonra da öz fəaliyyətlərini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yola sədaqət ruhunda quracaqlar. Bu yol – gəncliyin özünü təsdiq və özünü doğrultmaq yoludur”.

Azad CABBAROV
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri,
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR