Dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatına uyğun vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 mart 2018-ci il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsinə start verilib. Müsahibələrdə ilk olaraq Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsində, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində və Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurasında işləmək istəyən namizədlər iştirak ediblər. Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlikləri, Televiziya və Radio Şurası, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Statistika Komitəsi üstünlük təşkil edib.
Müsahibə zamanı namizədə ixtisasına, iddia etdiyi vəzifənin qulluq funksiyasına, xarici dil biliklərinə, informasiya texnologiyalarından istifadə bacarığına və dünyagörüşünə uyğun suallar verilir. Bu mərhələdə obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə müsahibə qrupunun tərkibində müstəqil ekspertlər, komissiyanın və dövlət orqanlarının nümayəndələri iştirak edirlər. Həmçinin müsahibə prosesinin videoçəkilişi aparılır.
Müsahibəyə hazırlıq məqsədilə iyunun 23-də komissiyanın iclas zalında müstəqil ekspertlər və dövlət orqanlarının nümayəndələri üçün seminar keçirilib.
Müsahibə başa çatdıqdan dərhal sonra namizədlərin yekun bal arayışları hazırlanır və şəxsi işlərinə əlavə olunur. Qanunvericiliyə uyğun olaraq keçid balını toplamış namizəd haqqında məlumatlar komissiyanın müşayiət məktubu ilə müvafiq dövlət orqanına təqdim olunur. Müsahibənin nəticələri haqqında məlumatlar dərhal komissiyanın rəsmi internet saytında yerləşdirilir.
Qeyd edək ki, 36 dövlət orqanı üzrə müsabiqəyə çıxarılan 302 vakant vəzifənin tutulması üçün 394 namizəd sənəd verib. Test mərhələsində müvafiq keçid balını toplamış 136 namizəddən 131-i müsahibə mərhələsində iştirak etmək üçün sənədlərini komissiyaya təqdim edib. Həmçinin ötənilki müsabiqənin test imtahanlarında qanunvericiliklə müəyyən edilmiş keçid balını toplamış və inzibati vəzifə üzrə sertifikat əldə etmiş 17 namizədin müraciəti nəzərə alınaraq onlara müsahibə mərhələsində iştirak etmələri üçün onlara lazımi köməklik göstərilib. Namizədlərə seçdikləri vəzifə üzrə hazırlaşmaları üçün dövlət orqanları üzrə müsahibə proqramları komissiyanın rəsmi internet saytında yerləşdirilib və ümumi, dövlət orqanı və vəzifə üzrə proqramlarda ədəbiyyat siyahıları göstərilib.
Digər dövlət orqanları üzrə müsahibələr komissiyanın rəsmi internet saytında yerləşdirilmiş qrafikə uyğun olaraq iyulun 3-dək davam edəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyanın mətbuat xidməti