Ordumuzun 100 illik yubileyi münasibətilə keçirilən hərbi parad bunu bir daha təsdiq etdi
İyunun 26-da Bakı şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə təntənəli hərbi parad keçirildi. Dövlət və hökumət rəsmilərinin, xarici ölkələrin respublikamızdakı səfirlərinin, hərbi attaşelərinin, o cümlədən beynəlxalq təşkilatların əməkdaşlarının və ictimaiyyət nümayəndələrinin izlədiyi parad bir daha Azərbaycanın hərbi gücünü bütün dünyaya nümayiş etdirdi.
Ordu hər bir ölkənin müstəqilliyinin qarantı, xalqımızın milli ləyaqət rəmzidir. Ötən əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanın fəaliyyətinin nəticəsində yaradılan milli ordumuz çox qısa müddətdə mühüm formalaşma mərhələsi keçərək ölkəmizin ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasına böyük töhfələr vermişdir. Çox çətin tarixi dövrdə yaradılmış Silahlı Qüvvələrimiz cümhuriyyətimizin süqutu ilə fəaliyyətini dayandırsa da, xalqımızın azadlıq arzuları yetmiş illik zaman məsafəsindən sonra yenidən baş qaldırmış, lakin mövcud ictimai-siyasi vəziyyət ordu quruculuğu sahəsində lazımi addımlar atılmasına imkan verməmişdir. Yalnız ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbindən sonra ali hakimiyyətə qayıdışı ölkəmizdə bu strateji sahənin inkişafını reallaşdırmışdır. Bu da tarixin acı bir qismətidir ki, Azərbaycan müstəqilliyinin ilk illərində ərazi bütövlüyünün pozulması faktı ilə qarşılaşmış, ordu quruculuğuna diqqət yetirilmədiyinə, vahid mərkəzdən idarəçilik olmadığına görə torpaqlarımızın 20 faizi düşmənlərimiz tərəfindən işğal olunmuşdur. Görkəmli dövlət xadiminin 1993-cü ilin iyununda yenidən hakimiyyətə qayıdışı cəbhədə atəşkəsin əldə olunması ilə yanaşı, ordu quruculuğu sahəsində köklü islahatların da başlanmasına şərait yaratmışdır. Nəticədə, torpaqlarımızın işğalının qarşısı alınmış, Azərbaycan məhv olmaq təhlükəsindən qurtulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi 1993-2003-cü illər sabitlik və inkişaf illəri kimi tariximizdə qalmışdır. Məhz bu dövrdə milli ordumuzda böyük kadr islahatları aparılmış, Silahlı Qüvvələrimizin komplektləşdirilməsi sahəsində mühüm addımlar atılmışdır. Ali Baş Komandan keçirilən hərbi paradda bu haqda belə demişdir: “2003-cü ildən başlayaraq bütün istiqamətlər üzrə işlər sürətlə gedir, o cümlədən ordu quruculuğu sahəsində. Ordu quruculuğu bizim üçün ən başlıca, ən prioritet məsələdir. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Bizim əsas vəzifəmiz ölkəmizin ərazi bütövlüyünü bərpa etməkdir”.
Son 15 ildə Azərbaycanın iqtisadi qüdrətinin artması ordumuzun da müasir tələblər səviyyəsində formalaşmasına hərtərəfli şərait yaratmışdır. Ordu quruculuğu həyata keçirilən dövlət siyasətində mühüm prioritet istiqamət təşkil etdiyindən ölkəmizdə müdafiə sənayesi inkişaf etdirilmiş, Silahlı Qüvvələrimizin arsenalı yerli və dünyanın ən müasir hərbi-texniki vasitələri ilə təchiz edilmişdir. Ötən dövrdə şəxsi heyətin peşəkarlığının artırılması, ordunun maddi-texniki vəziyyətinin yaxşılaşdırılması sahəsində görülən işlər Silahlı Qüvvələrimizin gücünü xeyli artırmışdır. Lakin Azərbaycan sülhsevər siyasətini sonadək davam etdirərək mövcud problemin sülh yolu ilə həll olunmasına çalışır. Təəssüflər olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi və beynəlxalq hüququn susqunluğu bu problemin həllini gecikdirir. Lakin ordumuzun son iki il ərzində cəbhədə mütəmadi olaraq düşmənlərimiz tərəfindən törədilən təxribatlara layiqli cavab verməsi Silahlı Qüvvələrimizin hansı gücə malik olduğunu hər kəsə sübut etdi. Ölkə başçısı hərbi paraddakı çıxışında bu məsələyə toxunaraq demişdir: “İki il bundan əvvəl Ermənistan xalqımıza qarşı növbəti hərbi təxribat törətmişdir, bizim mövqelərimizi atəşə tutmuşdur, mülki əhaliyə qarşı təcavüz etmişdir. Həm hərbçilərimiz, həm mülki vətəndaşlar şəhid olmuşdur. Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi. Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu, bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı – Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi, eləcə də milli ordumuzun yaradılmasının 100-cü ildönümü ərəfəsində əldə etdiyimiz daha bir uğurumuz isə Naxçıvanla bağlıdır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev ordumuzun Naxçıvanda həyata keçirdiyi uğurlu əməliyyata toxunaraq vurğulamışdır: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı bu bayram ərəfəsində – keçən ay Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Biz strateji yüksəklikləri zəbt etdik. Biz indi strateji kommunikasiya yollarını nəzarət altında saxlayırıq. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur. Bir daha onu göstərdi ki, biz istənilən vəzifəni icra edə bilərik və icra edirik, böyük məharətlə və peşəkarlıqla. Bundan sonra Azərbaycan Ordusu hər an hazır olmalıdır ki, öz ərazi bütövlüyünü bərpa etsin. Biz istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun və Azərbaycanın apardığı siyasət bunun əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Biz çox güclü ordu yaratmışıq. Düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər. Bizim bu gün nümayiş etdirəcəyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə, həm də bütün dünyaya bunu göstərəcək”.
Yeri gəlmişkən onu da qeyd edək ki, hərbi paraddan bir gün əvvəl – iyunun 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbə verilmişdir. Onlar arasında Əlahiddə Ümumqoşun Ordunun iki hərbi qulluqçusu da var. Bundan əlavə, ölkə başçısının həmin gün imzaladığı digər Sərəncamı ilə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Əlahiddə Ümumqoşun Ordunun komandanı “Rəşadət” ordeni, bir hərbi qulluqçu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, dörd hərbi qulluqçu “Vətən uğrunda”, (onlardan bir hərbi qulluqçu ölümündən sonra), on dörd hərbi qulluqçu “İgidliyə görə”, üç hərbi qulluqçu isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.
Bəli, Silahlı Qüvvələrimizin 100-cü ildönümünə həsr olunmuş və hər bir azərbaycanlının böyük qürurla izlədiyi hərbi parada Naxçıvan da öz töhfəsini verdi. 2016-cı ilin aprel döyüşlərində və 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda qaldırılmış Azərbaycan bayraqları hərbi paradda nümayiş etdirildi. Paradı izləyən hər kəsin xalqımıza qələbə sevinci yaşatmış üçrəngli bayrağımızın işğal altında olan digər torpaqlarımızda dalğalanacağına inamı daha da artdı. 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikaların nümayiş olunduğu, milli şahinlərimizin yüksək pilotaj məharəti nümayiş etdirdikləri hərbi parad bütün dünyaya sübut etdi ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordusu sıralarındadır. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir. Eyni zamanda bu hərbi parad hərbçilərimizin yüksək vətənpərvərlik və döyüş ruhunu, xalq və ordu birliyinin yenilməzliyini bir daha göstərdi.
Vurğulamaq lazımdır ki, hələ ötən il bütün dünya Naxçıvanda yaradılmış ilk hərbi hissənin 25-ci ildönümü münasibətilə keçirilən möhtəşəm hərbi paradda bu birlik və həmrəyliyə, qüdrətə böyük heyranlıqla şahidlik etmişdi. Həmin paradda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov şəxsi heyətə müraciətlə demişdir: “Bu gün sizin qarşınızda mühüm vəzifələr dayanır. Bilirik ki, daim şərəfli əsgər və zabit adını doğrultmağa çalışır, Vətənə, ümummilli lider Heydər Əliyev yoluna sədaqət nümayiş etdirirsiniz. Naxçıvan Muxtar Respublikasının fəal strateji mövqedə yerləşməsi sizin üzərinizə düşən məsuliyyəti daha da artırır. Bu gün Silahlı Qüvvələrimizin muxtar respublika ərazisindəki hərbi hissələrində olan birlik, vətənpərvərlik və yüksək döyüş əhvali-ruhiyyəsi, torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. İnsanlar muxtar respublika ərazisindəki ordu birləşmə və hissələrinə güvənərək rahat yaşayır, təsərrüfatlarını genişləndirir, muxtar respublikanın inkişafına öz töhfələrini verirlər”.
Məhz iyunun 26-da paytaxt Bakı şəhərində Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçirilən hərbi parad onu göstərdi ki, peşəkar ordusu olan xalqın müstəqilliyi əbədidir. Bu mənada, ordumuzun gücü imkan verir ki, yaxın gələcəkdə Azərbaycan əsgəri ərazi bütövlüyümüzün təmin olunmasına öz töhfəsini verərək müstəqilliyimizin qarantı olduğunu bir daha bütün dünyaya sübut etsin.
Səbuhi Həsənov