Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə keçirilən növbəti maarifləndirici tədbiri xidmətin əməkdaşı Şəhanə Seyidova açıb. Bildirilib ki, bu gün muxtar respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları yüksək səviyyədə qorunur, müraciətlərinə vaxtında baxılır, onların iştirakı ilə mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil edilir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı İman Alırzayev çıxış edərək “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” mövzusunda tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, bu gün keçirilən tədbirin məqsədi də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri İslam mədəniyyəti və dəyərləri ilə tanış etmək, onları maarifləndirməkdir.
Vurğulanıb ki, muxtar respublikamızda dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Son illər yeni tikilən məscidlər, təmir olunan türk-islam abidələri dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş olunub. Sonra tədbir iştirakçılarının “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gəzintisi təşkil edilib.
Nail ƏSGƏROV