Yaşadığımız hər gün tarixə dönür. Tarixə yazılan günlərin isə hamısı yaddaqalan olmur. Amma bəzi günlər heç vaxt unudulmur, yaddan çıxmır, bir xalqın tarix yaddaşına əbədilik yazılır. Belə unudulmaz günlərdən birini də xalqımız yaxın vaxtlarda yaşadı. May ayının sonlarında düşmənin Naxçıvan istiqamətində əl atdığı təxribata cavab olaraq Əlahiddə Ümumqoşun Ordu 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklər əldə etdi. Günnüt qələbəsi hərbi-strateji əhəmiyyətinə görə qüdrətli ordumuzun aprel döyüşlərindən sonrakı ən böyük zəfəri idi.
Günnütlülərin 26 illik torpaq həsrətinə son qoyuldu. 26 il sonra Günnüt kəndindən murdar erməninin izi birdəfəlik silindi, kənddə müqəddəs “Quran” səsi eşidildi, ən uca zirvəyə – Qızılqaya yüksəkliyinə Azərbaycan bayrağı sancıldı. Həmin gecə qələbə zəfəri yaşamağımız xalqımızın bir an belə düşünmədən canını Vətəni üçün qurban verməyə hazır olan igid oğulları sayəsində oldu. Tatarov Adil Əli oğlu öz adını qədim Naxçıvanın qəhrəmanlıq tarixinə yazdı.
Bu günlərdə şəhidimizin valideynləri övladlarının şəhid olduğu, xatirəsinin əziz tutulduğu Naxçıvan Muxtar Respublikasında olublar. Onlarla həmsöhbət olduq. Adilin atası Əli Tatarovun dediklərindən: – Bu gün Naxçıvan şəhərində ilk olaraq bizə müstəqilliyi, azadlığı xalqımıza ərməğan edən ulu öndərin şəhərin mərkəzində əzəmətlə ucalan abidəsini və dahi rəhbərin xatirəsinin yaşadıldığı, mənalı ömür yolunun, Azərbaycançılıq ideyalarının təbliğ olunduğu Heydər Əliyev Muzeyini ziyarət etməyi bir vətəndaşlıq borcu bildik.
Vaxtilə oğlumla saxladığım telefon əlaqələri zamanı onun Naxçıvanla bağlı söylədikləri bir valideyn kimi qəlbimə rahatlıq gətirmişdi. Bura gələrkən hər tərəfdə gördüyüm səliqə-sahman, sakitlik, nizam-intizam deyilənləri bir daha təsdiq etdi. Oğlumla son söhbətimdə o, təlimlərdə iştirak etdiyini və “Ata, əmin ol, mən torpağımızın azadlığı uğrunda canımdan keçməyə hazıram! Vətənimizi düşmən tapdağında qoymayacağıq”, – dedi. Deyirlər ki, şəhid olacaq insanlar bunu öncədən hiss edir. Adil də son dəfə mənimlə elə danışdı ki, sanki o da şəhid qardaşlarına qoşulub, öz qızıl qanı ilə adını Azərbaycan xalqının zəfər dastanının səhifələrinə yazacağını əvvəlcədən duymuşdu. Vətən torpağının bir qarışının belə, düşmənin əlinə keçməsinə göz yuma bilməyən oğlum və onun kimi oğullar ölümü şərəfli yol kimi seçirlər. Onlar Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin də vurğuladığı kimi, qələbə soraqlı bayrağımızın gələcəkdə Xankəndidə, Şuşada, Kəlbəcərdə, Zəngilanda, Laçında, Azərbaycanın işğal altındakı digər ərazilərində dalğalanması naminə canlarından keçdilər. Günnüt kəndinin düşməndən azad olunması tarixin qəhrəmanlıq səhifəsinə yazıldı və mən qürur duyuram ki, oğlum Adilin adı da o səhifədə yaşayacaq. Bizim üçün övlad acısı nə qədər ağır olsa da, 11 min hektar ərazinin geri qaytarılması ən böyük təsəllimizdir. Bunu oğlumun şəhid düşdüyü Günnüt kəndinin bu gün Azərbaycan Ordusunun nəzarəti altında olduğunu öz gözlərimizlə görərkən, Adilin qəhrəman döyüş yoldaşları ilə tanış olarkən bir daha hiss etdik. Bizə bu şəraiti yaradanlara xüsusi minnətdarlığımı bildirirəm.
Azad edilmiş torpaqlarımızda zəfər bayrağı dalğalananda, himnimiz səslənəndə Adil və onun kimi igid Vətən oğulları da yada düşəcək, onların ruhu şad olacaq. Oğlum dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. Onun şəhid olduğu bu torpaqda – Naxçıvanda belə bir xəbəri almağımız bizi qürurlandırdı.
Şəhid anası Şükufə xanım da söhbətə qoşuldu: – Azərbaycan xalqının yenilməz, mübariz olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, oğul itkisinə mətanətlə dözən müqəddəs anaların dəyanəti ilə də təsdiqləyir. İllərdir, müharibə şəraitində yaşayırıq hər dəfə şəhid xəbəri alanda öz balamı itirirmiş kimi mənim də ürəyim qəhərlənirdi. Bu gün mən də bu taleyi yaşayıram. Gözümün ağı-qarası bircə oğlum məni bu yüksək mərtəbəyə layiq gördü. Şəhid anası... İndi mən bütün azərbaycanlı oğulların anasıyam. Mən böyük fəxr duyuram ki, oğlum torpaq uğrunda şəhid olub. Yeganə oğlumun uğrunda canından keçdiyi bu torpağa qədəm qoyanda övladımın nə qədər uca bir zirvəyə yüksəldiyini bir daha dərindən duydum. Bu qədim diyara gəlməyimiz, burada hər addımda şəhid balamın ruhuna böyük ehtiramla qarşılaşmağımız bizə sonsuz qürur yaşatdı. Mən şəhidlərimizə və onların ailələrinə göstərilən qayğıya, diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minətdarlığımı bildirirəm.
Ramiyyə ƏKBƏROVA