“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinin iştirakçıları bu qənaətdədirlər
Xəbər verdiyimiz kimi, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya bir çox xarici ölkələrin nümayəndələri gəliblər. İyunun 20-də qonaqlar muxtar respublikanın bir sıra dini-tarixi yerləri, mədəniyyət və səhiyyə müəssisələri ilə də tanış olublar. Naxçıvandan zəngin təəssüratlarla ayrılan tədbir iştirakçıları öz fikirlərini “Şərq qapısı” qəzetinin oxucuları ilə bölüşüblər.
Əbdüləziz Osman əl-Tuveycri – İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru: – Azərbaycan böyük ölkə, azərbaycanlılar böyük xalqdır. Naxçıvan isə müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ana vətəni, həm də çoxsaylı maddi-mədəniyyət nümunələrinin qorunub saxlandığı məkandır. Bu baxımdan 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransında Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bizim üçün çox sevindirici oldu. Biz bundan şərəf duyur və əminik ki, bu il və gələcəkdə də Naxçıvan zəngin tarixi mirasının dünyaya tanıdılmasında çox işlər görəcəkdir. Çünki Naxçıvanın sahib olduğu zənginlikləri hələ çoxlarına tanıtmağa ehtiyac vardır.
Bu gün biz bu torpaqda yaşamış böyük elm və mədəniyyət xadimləri, memar və filosoflar haqqında çox şeylər öyrənirik. Bu isə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı qarşısında bu zənginlikləri bütün üzv dövlətlər arasında tanıtmaq məsuliyyəti də yaradır. Bu isə şübhəsiz, simpozium, konfrans, görüşlər və nəşrlər hesabına mümkündür. Mən, şəxsən çox məmnunluqla deyərdim ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə Azərbaycan Respublikası arasında çox güclü əlaqələr vardır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəstəyi hesabına bu əlaqələr daha da dərinləşir, genişlənir, daha çox işlər görülür, layihələr həyata keçirilir.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı həmişə bütün məsələlərdə, xüsusən Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olub. Ölkənizin haqqının qorunması və BMT-nin məlum qətnamələrinə məhəl qoymayan Ermənistanın işğal etdiyi ərazilərdən çıxması üçün səsimizi duyurmuşuq və bunu indi də deyirik. Mən inanıram ki, bir gün gələcək bütün dünya ölkələri bu işğala qarşı birləşəcək və buna son qoyacaq.
Biz buradan bütün dünyaya bir mesaj göndərərək deyirik ki, Azərbaycan Respublikası, onun ayrılmaz bir parçası olan Naxçıvan sülhün bərqərar olduğu, elm və sivilizasiya məkanıdır. Düşmənlərin bütün əsassız iddialarının əksinə olaraq bura sivil şəkildə inkişaf edən, zəngin tarixə malik qədim diyardır. Biz Azərbaycan Respublikasında və Naxçıvan Muxtar Respublikasında olan dostlarımızla gələcəkdə bu reallıqların dünyaya çatdırılması üçün birgə işləyəcək və keçirəcəyimiz tədbirlərlə buna nail olmağa çalışacağıq. Bunlar arasında Naxçıvan abidələrinin UNESCO-nun miras siyahısına və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən dəstəklənən İslam dünyası abidələri siyahısına salınmasına kömək etmək vardır. Mən çox şadam ki, bu səfərim mənə buradakı zənginlikləri öyrənmək baxımından bir fürsət yaratdı, çox yaddaqalan oldu.
Dusen Kasseinov – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi: – Mən ilk dəfə 2009-cu ildə Naxçıvanda olmuşam və türkdilli ölkələrin dövlət başçılarının burada keçirilən sammitində iştirak etmişəm. O zaman Naxçıvanda türkdilli ölkələrlə bağlı çox mühüm qərarlar qəbul edilmişdi. Bu tədbir muxtar respublikanın Türk dünyasında necə böyük bir mövqeyə malik olduğunu təsdiqləyir. Eyni zamanda Naxçıvanın 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bu önəmin göstəricisidir.
Vurğulamaq istəyirəm ki, Naxçıvan çox qədim tarixə və mədəniyyətə malikdir. Bu qədim Azərbaycan diyarında həm türk, həm də İslam mədəniyyətinin zənginliklərini özündə birləşdirən böyük potensial var. Mən diqqət etdim, ilk dəfə burada olduğum dövrdən keçən müddətdə Naxçıvanda böyük dəyişikliklər baş verib, mühüm infrastruktur layihələri həyata keçirilib. Eyni zamanda tarixi abidələrə yetərincə diqqət ayrılıb. Şəhərdə tarixilik elementləri ən yüksək səviyyədə qorunub saxlanılıb. Buna görə də bura gələndə, həqiqətən, əsl Şərq mədəniyyətinin incəliklərini özündə daşıyan bir şəhərə gəldiyini hiss edirsən. Möminə xatın abidəsi, Naxçıvanqala, Nuh Peyğəmbərin türbəsi və digər tikililər şəhərin əsl arxitektura simasını əks etdirir. Digər tərəfdən, Azərbaycanda Bakıdan sonra Naxçıvanın Mədəniyyət Paytaxtı seçilməsi bu qədim diyarın böyük potensialından xəbər verir. İnanıram ki, Naxçıvan bu adı böyük şərəflə daşıyacaq. Belə möhtəşəm tədbirə dəvətə və yüksək təşkilatçılığa görə muxtar respublika rəhbərinə öz minnətdarlığımı bildirirəm.
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini: – Naxçıvan tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri olub. Bu qədim şəhər İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb.
Bu gün sürətlə inkişaf edən, qədimliyi, müasirliyi ilə diqqətləri üzərinə cəlb edən Naxçıvanda islami dəyərlərin qorunmasına, İslam mədəniyyətinin zənginləşməsinə böyük töhfələr verir. Məhz bu amillər Bakının İslam Mədəniyyətinin Paytaxtı kimi qeyd edildiyi 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmasına dair qərar qəbul edilməsini şərtləndirib. Həmin qərar ölkəmizin bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür.
Qədim Naxçıvan torpağında 1000-dən çox tarixi abidənin mövcudluğu, onlardan 60-a yaxın abidənin dünya əhəmiyyətli olması və həmin abidələr içərisində İslam mədəniyyəti nümunələrinin önəmli yer tutması bu diyarın dünya üçün, o cümlədən İslam aləmi üçün böyük önəm daşıdığını bir daha təsdiq edir. “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Gəmiqaya rəsmləri, Naxçıvanqala, Nuh türbəsi, Qarabağlar, Yusif Küseyiroğlu, Möminə xatın türbələri, Əlincəqala və digər abidələrin xüsusi bir özəlliyi ondadır ki, bu tarixi irs nümunələri həm maddi-mənəvi baxımdan, həm də dini inanc baxımından müqəddəs dəyərlərlə bağlıdır. Ən əsası isə bu gün həmin abidələrin bərpasına, onun qorunub saxlanılmasına xüsusi diqqət yetirilir. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığımı bildirmək istəyirəm. Çünki muxtar respublikada görülən kompleks quruculuq işləri, həyata keçirilən tədbirlər, İslam mədəniyyəti nümunələrinin bərpasına göstərilən diqqət nəticəsində Naxçıvan bura gələn qonaqların gözündə İslam dünyasının mədəniyyət mərkəzi kimi bir daha canlandı.
Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı olması ilə əlaqədar keçirilən tədbirlər bundan sonra da davam edəcək. Həmin tədbirlər Naxçıvanla yanaşı, paytaxt Bakı şəhərində də təşkil ediləcək, eyni zamanda bəzi İslam ölkələrində təqdimatlar olacaqdır. Sözsüz ki, bütün bunlar Naxçıvanın tanıdılmasına, İslam Mədəniyyəti Paytaxtı imicinin güclənməsinə öz təsirini göstərəcəkdir.
Azzedine Mihoubi – Əlcəzairin mədəniyyət naziri: – Mən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etməkdən çox məmnunam. Bunun üçün mənə dəvət göndərənlərə ayrıca minnətdaram. Tədbir proqramı mükəmməl təşkil olunub və bundan çox dərin təəssüratlar aldıq.
Naxçıvanın qədim tarixi vardır. Naxçıvan şəhərinin 5 minillik tarixinin olması və insanların bu tarixi mirası qoruması məndə böyük təəssürat yaratdı. Səfər çərçivəsində gəzib-gördüyümüz bütün yerləri, xüsusən bərpa olunmuş abidələri böyük maraqla izlədik. Görünür ki, burada tarixi və dini-mədəni mirasın qorunmasına, xüsusilə diqqətlə yanaşılır.
Müqəddəs Əshabi-Kəhfi ziyarət etmək mənim ən böyük arzum olub. Naxçıvana səfərim bu arzuya qovuşmağım üçün böyük fürsət oldu. Digər tərəfdən, burada bütün insanlar üçün belə ziyarətgahların əlçatan olması, bura gedən yolların, həmçinin ziyarətgahların abadlaşdırılması da məni sevindirdi. Ona görə ki, burada dövlət İslam adət və ənənələrinin qorunması üçün əhəmiyyətli işlər görür.
Abbas Mustafa Ahmet Abdulla – Sudan Respublikasının Azərbaycan Respublikasındakı səfiri: – Mənim üçün belə bir tədbirdə iştirak etmək böyük bir şərəfdir. Çünki bu, mühüm əhəmiyyətə malik bir hadisədir. Naxçıvanı, onun sahib olduğu mədəniyyəti yaxından tanımaq fürsəti əldə etdiyim üçün çox şadam.
Biz Azərbaycana hərtərəfli inkişaf edən İslam ölkəsi kimi baxırıq. Belə ki, Azərbaycan İslam mədəniyyətinə tarixboyu çox böyük töhfələr verib. Sizin ölkəniz mədəniyyətlərarası dialoqda mühüm nailiyyətlər qazanıb. Naxçıvan da, öz növbəsində, tarix, mədəniyyət və turizm baxımından İslam dünyasında əhəmiyyətli məkandır. Hesab edirəm ki, bu il Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi Azərbaycandakı tolerantlıq və dünyəvi dəyərlərə olan bağlılıqla sıx əlaqədardır. İndi bütün dünyanın islami dəyərlərə çox ehtiyacı vardır.
Səbuhi HƏSƏNOV
Əli CABBAROV
Tural AĞAYEV