24 Dekabr 2024, Çərşənbə axşamı

İyunun 20-də Naxçıvanın tarixinə daha bir möhtəşəm səhifə yazıldı. “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbiri qədim diyarın ictimai­-siyasi və mədəni həyatında əlamətdar hadisəyə çevrildi.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş direktorunun, Beynəlxaq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibinin, 10-dan artıq İslam ölkəsinin mədəniyyət nazirinin və nazir müavinlərinin, diplomatik nümayəndələrinin iştirak etdiyi bu mötəbər tədbir bütün dünyanın diqqətini Azərbaycanın qədim və müqəddəs şəhərinə – Naxçıvana yönəltdi. Və bir daha təsdiq olundu ki, Naxçıvan qədim sivilizasiyasının beşiklərindən biri olmaqla yanaşı, həm də İslamın əsas mərkəzlərindəndir.
İlk növbədə, onu qeyd edim ki, hər bir dinə münasibət onun dəyərlərinə hörmətdən başlayır. Əgər dini dəyərlər xalqın mənəvi dəyərinə çevrilirsə, onda bu, mədəni inkişafdır. Əks-təqdirdə isə bu, cəhalət və xurafata yol açır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Mənəvi dəyərlər o halda fayda verə bilər ki, insanlarda bu dəyərlərə şüurlu münasibət formalaşsın”.
Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi də bu diyarda tarixən İslam dəyərlərinin yaşadılmasının, müasir dövrdə isə bu dəyərlərin elmi şəkildə öyrənilməsinin və tətbiqinin məntiqi yekunudur.

 Tarixə baxış

Naxçıvanda əhali İslam dinini könüllü olaraq, yəni müqavilə yolu ilə qəbul edib. Çünki Naxçıvanda təktanrıçılıq İslamdan əvvəl də var idi. Bu torpağın, demək olar ki, hər qarışında müqəddəs yerlərin – təktanrıçılıq abidələrinin və Nuhla bağlı toponimlərin mövcud olması tarixən əcdadlarımızın səmavi dinlərə, dini etiqadlara hörmətlə yanaşmasından xəbər verir. Naxçıvan həm də Dünya tufanından sonra bütün dinlərin və xalqların həyatının başlandığı böyük sivilizasiya mərkəzidir. Əshabi-Kəhf, Gəmiqaya və Nuh Peyğəmbərin türbəsi isə Naxçıvanın mənəvi emblemləridir. Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvanda Tanrıya olan inam, bağlılıq İslamdan əvvəl olmuş, İslam dininin qəbulundan sonra onun dəyərlərinə uyğun olaraq daha da zənginləşmişdir. Akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi: “Naxçıvanda İslam dininə cəhalət və fanatizmdən uzaq yeni bir baxış – elmi və mədəni yanaşma formalaşmışdır”.
İslamın dəyərləri o yerdə inkişaf edib ki, orada dövlətçilik ənənəsi, mədəni inkişaf səviyyəsi olub. Naxçıvanın dövlətçilik tarixi, yüksək mədəni inkişaf səviyyəsi İslam dəyərlərinə münasibətdə də özünü göstərmişdir. Zaman ötdükcə İslam dəyərləri bu torpaqda min illərlə tarixi olan türk mədəniyyəti ilə vəhdətdə inkişaf edərək türk-islam mədəniyyəti səviyyəsinə yüksəlmişdir.
Naxçıvandan tarixən görkəmli İslam alimlərinin çıxması da məhz İslama elmi yanaşmanın nəticəsi kimi dəyərləndirilməlidir. X-XIII əsrlərdə yaşamış hədis alimi Əhməd Naxçıvani, İslam hüququ alimi Məhəmməd Naxçıvani, təbabət alimi Fəxrəddin Naxçıvani, təsavvüf şeyxlərindən Səlahəddin Naxçıvani və digərləri dövrünün mötəbər söz sahibləri olan İslam mütəfəkkirləri kimi həm də dünyəvi elmlərə yaxından bələd olmuş, öz əsərlərində İslam dəyərlərini təbliğ etmişlər. XV əsrdə yaşayan Baba Nemətullah Naxçıvani isə ilk dəfə Azərbaycan dilində “Qurani-Kərim”in təfsirlərini hazırlayıb nəşr etmişdi. XII-XVIII əsrlərdə Naxçıvanda türk-islam mədəniyyəti özünün intibah mərhələsinə yüksəlmiş, dəyərli memarlıq abidələri yaradılmış, türbələr, məscidlər, xanəgahlar, mədrəsələr, buzxanalar, hamamlar və digər möhtəşəm abidələr tikilmişdir. Naxçıvan memarlığı türkçülük, islamçılıq və dünyəviliklə vəhdətdə inkişaf edərək xalqımızın zəngin mədəni irsinə çevrilmişdir. Memar Əcəmi Naxçıvaninin 1186-cı ildə tikdiyi Möminə xatın türbəsi İslam dünyasında ana, qadın adına verilən ilk və ən yüksək qiymətdir.
Bütün bunlar zaman ötdükcə Naxçıvanın İslam aləminin dövlətçilik, mədəniyyət və fəlsəfi düşüncə mərkəzi kimi tanınmasına səbəb olmuşdur. Artıq Naxçıvan orta əsrlərdən başlayaraq yalnız təktanrıçılıq deyil, həm də İslamın müqəddəs məkanlarından biri kimi dünya alimlərinin də diqqətini cəlb edirdi.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvanda yaşayıb-­yaradan görkəmli mütəfəkkirlər də öz əsərlərində din və cəmiyyət mövzusunu daha çox qabartmış, İslam dəyərlərinin olduğu kimi yaşadılması ideyasını irəli sürmüşlər. Naxçıvanda elmi, mədəni və təhsil mühitinin formalaşmasında mühüm xidmətləri olan Məhəmməd Tağı Sidqi “Qız məktəbi” açmaqla əsrlərlə cəhalət pərdəsi altında qəlibləşən xurafatçı mollaların “qadınlar təhsil almamalıdır” buxovunu qırmış, İslamda qadınların təhsil almaq hüququnu ilk dəfə əməli şəkildə reallaşdırmışdır.
Yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadənin xurafatçı mollalara, “Şeyx Nəsrullah”lara qarşı mübarizəsi, dinin olduğu kimi qəbul edilməsi yolundakı fəaliyyəti də, əslində, saf və təmiz İslam ­uğrunda aparılan mübarizə kimi dəyərləndirilməlidir.
Romantik şairimiz Hüseyn Cavid “Peyğəmbər” pyesində İslamın din kimi yaranmasını və yayılmasını ilk dəfə bədii formada təsvir etmiş, hələ o dövrdə İslama qarşı səslənən əsassız ittihamlara tutarlı faktlarla cavab vermiş, İslama “qara çarşab kimi baxanları” kəskin tənqid etmişdir.
Düşünürəm ki, bütün bunlar İslama münasibətin Naxçıvan gerçəklikləri kimi özlüyündə mühüm bir elmi araşdırmanın, tədqiqat işinin mövzusudur. Bu işi tarixçilərin, dinşünasların və tədqiqatçıların öhdəsinə buraxırıq.

Qısa xatırlatma

Yaxşı xatırlayırıq ki, müstəqilliyin ilk illərində yalançı məzhəb sahiblərinin məscidlərimizə, oradan evlərimizə, oradan isə sabahımız olan gənclərin şüuruna yol tapması cəmiyyəti dini dəyərlərimizə zidd olan ­boşluğa – mənəvi uçuruma sürükləyirdi. “Cadu”, “dua” yazan işbaz mollaların, “din xadimləri”nin peyda olması insanları İslamın mahiyyətindən çox uzağa – dini ayrı-seçkiliyə, cəhalət və xurafata doğru aparırdı. Müqəddəs ziyarətgahlarımızın dini dəyərlərimizdən uzaq düşməsini, həftəsonu istirahət, “piknik” yerinə çevrilməsini də, yəqin ki, heç kəs unutmayıb.
Əgər Naxçıvanda bütün bunların qarşısı vaxtında alınmasaydı, dinimiz, dəyərlərimiz bizə olduğu kimi öyrədilməsəydi, yəqin ki, bu gün nə mənəvi dəyərlərimizdən, nə də mədəni inkişafımızdan söhbət açmış olardıq. 

Müasir dövr: mənəvi dəyərlərə qayıdış

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda dövlət-din münasibətlərinin əsasını qoymuş, İslam dəyərlərinə daim hörmətlə yanaşmışdır. Dahi rəhbər milli mentalitetin dörd əsas ünsür – dil, din, adət-ənənə və bunların vəhdətindən yaranan həmrəylik hesabına formalaşması ideyasını irəli sürmüş və onu gerçəkləşdirmiş, bunlar olmadan ölkə­mizin siyasi, iqtisadi, sosial və mədəni inkişafının da mümkün olmayacağı qənaətini əsaslandırmışdır. Ölkəmizdə bu sahəni tənzimləyən qanunlar və digər normativ-hüquqi aktların qəbul olunması da hər bir şəxsin inancına hörmətlə yanaşılmasına, insanların dini etiqad azadlığının təmin olunmasına imkan verir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dini dəyərlərin qorunması, inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi tədbirlər dünyada sabitliyin, inkişafın və yüksək rifahın rəmzi olan Azərbaycanı həm də tolerant ölkəyə çevirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikasında da iqtisadi və mədəni inkişafla yanaşı, dini dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir.
Naxçıvanın müasir inkişafında milli və mənəvi dəyərlərimizə qayıdış xüsusi yer tutur. Son illər muxtar respublikada 139 məscid tikilmiş və yenidən qurulmuş, dini-tarixi abidələr və ziyarətgahlar dövlət hesabına bərpa edilərək dindarların və zəvvarların ixtiyarına verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun müvafiq sərəncamına əsasən bütün tarixi abidələr, o cümlədən də türk-islam mədəniyyəti abidələri qeydiyyata alınaraq pasportlaşdırılmış, 70-dən artıq tarixi abidə bərpa olunmuşdur.
İslama çağırış, onun dəyərlərinə hörmət İslamı öyrənməklə, mütaliə etməklə, maariflənməklə mümkündür. Naxçıvanda din elmi şəkildə öyrənilir və təbliğ edilir. “Naxçıvan” Universitetində dinşünaslıq ixtisası üzrə təhsil verilir. Dinəyönümlü insanlar üçün təkmilləşdirmə kursları keçirilir. Naxçıvan şəhərində yeni tikilən məscid kompleksində oğlanlar və qızlar üçün nəzərdə tutulan mədrəsələr də bu sahədə görülən işlərin davamıdır. Dini dəyərlərin olduğu kimi təbliğinə xidmət edən, İslam mədəniyyətinə işıq tutan və onun mahiyyətini açan kitabların nəşr olunması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Son illər ictimaiyyətə təqdim olunan “Dünya və insan: başlanğıcın sonu, sonun başlanğıcı”, “Naxçıvan: türk-islam mədəniyyəti abidələri”, “İslamda müdrik kəlamlar”, “Naxçıvan türbələri”, “Naxçıvan hamamları”, “Naxçıvan buzxanaları”, “Qədim və müasir Naxçıvan” kitabları xüsusilə qeyd olunmalıdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycan müstəqillik qazandıqdan sonra Naxçıvan Muxtar Respublikasında ­İslam dəyərlərinə yeni yanaşmanın – elmi baxışın əsası qoyulmuş, türk-islam mədəniyyəti abidələri tədqiq olunmuş, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzi kimi bir daha öz təsdiqini tapmışdır”.
Etiraf etmək lazımdır ki, bu gün dünyada dinin əsl mahiyyətindən uzaqlaşmağın, dinin birləşdirici funksiyasının tamamilə unudulduğunun şahidi oluruq. Etnik-dini zəmində baş verən münaqişələr, dini ekstremizm və islamofobiya çox təəssüf ki, yaşadığımız dövrün gerçəklikləridir. İslamın terrorla uzlaşdırılmasının əsas səbəbi də dinə elmi yanaşmanın olmamasının, Qurandan uzaq düşmənin nəticəsidir. Lakin bu gün İslamı bölən məzhəb anlayışı Naxçıvana yaddır. Ötən ilin mart ayında İsveçrənin paytaxtı Bern şəhərində keçirilən “Multikulturalizm və dinlərarası dialoq” konfransında müasir dövrdə dinlər və məzhəblərarası dialoqun bərpasının çətin proses olduğu qeyd olunmuş, Naxçıvanda eyni dindən olan məzhəb sahiblərinin məscidlərdə birgə ibadət etməsi nümunə kimi götürülmüş və bu təcrübənin öyrənilməsi zərurəti vurğulanmışdır.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin də Naxçıvan haqqındakı qənaəti maraqlıdır: “Mən ilk dəfədir, Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gəlirəm. Naxçıvanı kəşf etdikcə belə bir qənatə gəlirəm ki, bura cənnətdir. İslam tarixinin bir parçası olan Naxçıvan İslamın olduğu kimi təbliğinə öz töhfəsini verir”.
Bir sözlə, muxtar respublikada dini-mənəvi dəyərlərin yaşadılması İslama münasibətin Naxçıvan modelinin aşağıdakı əsas cəhətlərini üzə çıxarıb:
• Naxçıvanda milli-dini ənənələr və dəyərlər qorunub yaşadılır, İslam olduğu kimi təbliğ edilir;
• Naxçıvanda dinə fanatizmdən uzaq elmi yanaşma var, dini təhsil verilir, İslamın əsasları öyrədilir. Dini maarifçilik ümumi maarifçiliyin tərkib hissəsi kimi götürülür;
• Naxçıvanda məscidlər təkcə ibadət yerləri deyil, həm də mənəvi dəyərlərimizin yaşadıldığı məkanlardır;
• Naxçıvanda ziyarətgahlardan və müqəddəs yerlərdən düzgün istifadə mədəniyyəti formalaşıb. Ziyarətgahlar həm də maddi-mənəvi sərvətimiz, tariximizin bir parçası kimi qorunub saxlanılır;
• Naxçıvanda dini bayramlar, ayinlər və mərasimlər mənəvi dəyərlərimizə uyğun şəkildə keçirilir. Dini ayinlər zamanı əzadarlıq – baş yarmaq, zəncir vurmaq kimi İslama zidd hərəkətlərə yol verilmir. Bunun əksinə olaraq daha humanist tədbirlər – könüllü qanvermə aksiyaları keçirilir. Yas mərasimləri İslam qaydalarına uyğun keçirilir, israfçılığa yol verilmir, din xadimləri cəhaləti, xurafatı yox, dinimizin ali dəyərlərini təbliğ edirlər;
• Naxçıvanda məzhəb və dini ayrı-seçkilik yoxdur. Müxtəlif məzhəblərə məxsus insanlar məscidlərdə dini əsaslara uyğun birgə ibadət edir, vəhdət namazları qılırlar. Naxçıvanın özünəməxsus ibadət mədəniyyəti var;
• Naxçıvandakı sabitlik, sosial rifah və müasir infrastruktur həm də bu qədim diyarda İslam dəyərlərinin və mədəniyyətinin inkişafı üçün geniş imkanlar açır. Çünki dini-mənəvi dəyərlərin qorunması ümumi inkişafla birbaşa əlaqəlidir, onun davamıdır;
• Naxçıvanda elmə və təhsilə verilən qiymət, vətənprəvərlik, torpağa və yurda bağlılıq da əslində, dinimizin əsasında dayanan və onun mahiyyətini ifadə edən dəyərlərə hörmətdən xəbər verir;
• Bəşəriyyətin beşiyi olan Naxçıvan bu gün həm də İslam sivilizasiyasının, İslam mədəniyyətinin mərkəzi və əsas dayağıdır.

Son söz

Dinsiz elm kor, elmsiz din də topaldır. Çünki din inanc olmaqla yanaşı, mənəvi bütövlükdür, həmrəylikdir, ona şüurlu münasibət isə mənəvi dəyərdir. Hesab etmək olar ki, İslama münasibətin Naxçıvan modelinin əsas fərqləndirici cəhəti də dinə şüurlu münasibətin və elmi yanaşmanın olmasıdır. Bu isə dünyaya təqdim etdiyimiz ən ali MƏNƏVİ DƏYƏRİMİZDİR.

Ülvi HÜSEYNLİ
jurnalist

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR