24 Dekabr 2024, Çərşənbə axşamı

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çər­çivəsində iyun ayının 21-də Naxçıvan Şəhər İcra Hakimiyyətində İSESKO-nun “Yaşıl şəhər strategiyası”nın həyata keçirilməsi ilə bağlı ekspertlərin görüşü keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edərək gül dəstələri qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar.
İcra Hakimiyyətinin foyesində muxtar respublikanın fauna və florasını, müalicəvi bitkilərini, qədim diyarın zəngin təbiətini özündə əks etdirən kitablardan, şəkillərdən, bukletlərdən ibarət sərgiyə baxışdan sonra birinci texniki sessiya başlanıb.
Görüşdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Yaşıl şəhər strategiyası” üzrə eksperti Araz Bağırlı ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb, görüşün əhəmiyyətini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “Yaşıl şəhərlər”i üçün İSESKO-nun Fəaliyyət Planı layihəsi”nin təqdimat mərasimində İSESKO-nun “Yaşıl şəhər strategiyası” üzrə eksperti Foued El Aynı görüşün məqsədi və gözlənilən nəticələr barədə danışıb. Səmimi qarşılanma və yüksək qonaqpərvərlik üçün minnətdarlığını bildirib.

Görüşdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov “Naxçıvanın ekoloji mühitinin qorunması” mövzusunda çıxış edib. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası ərazisində ən mühüm ekoloji amil kimi diyarımızın təbii iqlim və torpaq xüsusiyyətləri nəzərə alınaraq yaşıllıqların qorunması və artırılmasına xüsusi diqqət yetirilir. Vurğulanmalıdır ki, ərazisinin 25 faizdən çoxu meşə ilə örtülü olan ölkələrdə ekoloji mühit daim əlverişli, təbii fəlakətlər və eroziya prosesləri daha zəif olur. Və xüsusilə regionumuzdakı meşələrin I qrup, yəni yalnız qoruyucu funksiyalı olması bu əhəmiyyəti daha da artırır. Muxtar respublika ərazisində kəskin kontinental iqlim şəraitinin mövcud olması, günəşli saatların çoxluğu meşələrin qorunması ilə bərabər, yeni meşələrin, yaşıllıqların, meyvə bağlarının salınmasını da zəruri edir.
Bildirilib ki, bu baxımdan yaşıllıqların salınması, yeni ağacların əkilməsi müasir dövrdə strateji istiqamət kimi qəbul edilir. Naxçıvan şəhərində hələ keçmiş zamanlardan kütləvi yaşıllıq sahələrinin qorunduğu ərazilər mövcuddur. Məsələn, şəhərdəki ən böyük yaşıllıq massivlərindən biri el arasında “Böyük bağ” adlanan ərazidir. Tarixi mənbələrə görə, bu bağ 100 il bundan əvvəl salınıb. Hazırda burada hər iki əsrə şahidlik edən yüzlərlə meşə ağacı var. Şəhərin cənub-qərb istiqamətində yerləşən Əcəmi seyrəngahında da belə çoxillik ağaclara rast gəlmək mümkündür. Son illərdə hər iki ərazidə abadlaşdırma tədbirləri ilə yanaşı, yeni ağacların əkilməsinə də diqqət xeyli artırılıb. Bundan əlavə, şəhərin cənub hissəsində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini əhatə edən qala divarlarının aşağı səmtində yerləşən yaşıllıq sahəsi də buradakı çoxillik ağacları ilə diqqəti cəlb edir. Ümumiyyətlə, ötən dövrdə şəhərin hər yerində – park və küçələrində, idarə, təşkilat və müəssisələrin ərazilərində yeni ağaclar əkilib, şəhər ətrafında yeni bağlar salınıb, meşə massivləri yaradılıb.
Qeyd olunub ki, son 25 ildə muxtar respublika ərazisində 17 min hektardan çox sahədə toxum və ting əkini ilə yeni yaşıllıqlar, meyvə bağları, meşə massivləri salınıb, təbii bərpa hesabına yaşıllıq ehtiyatları 35 min hektardan çox artıb. Haliyədə muxtar respublikanın ümumi ərazisinin 14 faizə qədəri yaşıllıqlarla örtülüb.
Vurğulanıb ki, Naxçıvan şəhərinin əhalisi haliyədə 100 min nəfərə yaxın, ərazisi isə 19 min hektardır. Bu ərazidə, ümumilikdə, 850 hektara yaxın yaşıllıq zolaqları vardır və adambaşına düşən yaşıllığın həcmi 85 kvadratmetrdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli Qərarına müvafiq olaraq Naxçıvan əhalisinə görə orta şəhərlərə aid edildiyindən, faktiki yaşıllığın sahəsi bu normadan (adambaşına 7 kvadratmetr) 12 dəfə çoxdur. Burada mövcud tarixi yaşıllığın qorunması, yaradılan infrastruktur, yeni yaşıllıqların salınması, İslam mədəniyyəti, təbiətə dövlət qayğısı, alternativ bərpaolunan enerji ehtiyatlarından səmərəli istifadə edilməsi kimi amillər yaşı minilliklərlə ölçülən, dünyanın ikinci başlanğıc yeri sayılan qədim Nuh yurdunun yaşıllıq potensialının zənginləşməsini və dünyada “Yaşıl şəhər” kimi ön sıralarda durmasını təmin edib.
Sonra Misirin “Yaşıl şəhər strategiyası” üzrə eksperti Mohsen Abouelnaga tərəfindən İSESKO-nun “Yaşıl şəhərlər və onların davamlı inkişaf məqsədlərinin əldə olunması ilə əlaqəsi üzrə Fəaliyyət Planı layihəsi” sənədinin təqdimatı olub. Ekspert tədbir iştirakçılarına bu planın həyata keçirilməsində əsas çağırışların müəyyən edilməsi barədə ətraflı məlumat verib.
İkinci sessiyada üzv ölkələrin – Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Tacikistanın təcrübələrinin təqdimatı olub, müzakirələr keçirilib, tövsiyələr səsləndirilib.
Qeyd edək ki, bu gün İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin “Yaşıl şəhərlər”i üçün İSESKO-nun Fəaliyyət Planı layihəsi”nin panel müzakirələri keçiriləcək.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR