Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən şuranın sədri Sucaxan Novruzov bildirib ki, 15 iyun müasir Azərbaycan tarixinə xalqımızın və dövlətçiliyimizin xilası günü kimi yazılıb. Həmin gün ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdıb, ölkəmizi parçalanmaqdan, xalqımızı qardaş qırğınından xilas edib. Müdrik rəhbər dərin düşüncəsi, uzaqgörən siyasəti ilə Azərbaycanda baş vermiş xaos və anarxiyanın qarşısını alıb, ölkəmizi yeni inkişaf yoluna çıxarıb.
Qeyd edilib ki, ötən müddət ərzində respublikamız tərəqqi yolu keçib. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu inkişafın bəhrələrini muxtar respublikamızda hər bir sahədə görmək mümkündür. Ümummilli liderin müəyyən etdiyi inkişaf və tərəqqi strategiyası, ulu öndərin ideyalarına sədaqət bu qədim diyarın müasirləşməsinə və inkişafına səbəb olub.
Məruzə ətrafında şuranın əməkdaşlarından Səbuhi Hüseynov, Gözəl Qənbərova, Sənan Hüseynov çıxış ediblər.
Nail Əsgərov