24 Dekabr 2024, Çərşənbə axşamı

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı tərəfindən keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyevanın məruzəsi dinlənilib. Qeyd olunub ki, bu il Azərbaycan böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan Milli Qurtuluş Gününün 25-ci ildönümünü qeyd edir. Vətənini, xalqını, dövlətini sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələrin canlı şahidi olan insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə müstəqil Azərbaycanın gələcək inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və ona arxa-dayaq olan böyük insan – ulu öndər Heydər Əliyevdir.
Bildirilib ki, ötən əsrin sonlarında Azərbaycanda yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət, vətəndaş qarşıdurması, torpaqlarımızın bir-birinin ardınca işğal edilməsi ölkəmizi məhv olmaq, dağılmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizi xaos və hərc-mərclikdən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdi. Qısa vaxtda yaradılan siyasi sabitlik nəticəsində dahi rəhbər bütün sahələrdə respublikanın sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlayıb həyata keçirdi. Qonşu ölkə­lərlə münasibətlər bərpa olundu, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun diplomatik əlaqələr quruldu.

Diqqətə çatdırılıb ki, Azərbaycan ötən 25 il ərzində böyük inkişaf yolu keçib. Qazanılan bütün nailiyyətlər ulu öndərin müəyyənləşdirdiyi siyasi kursun ölkə başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə edilib. Görkəmli dövlət xadimi Heydər Əliyevin inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən dövlətinə çevrilib.
Təşkilat sədri bildirib ki, Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında inkişafın keyfiyyətcə yeni və uğurlu mərhələsinə qədəm qoyub. Bu uğurlar sosial-mədəni həyatın bütün sahələrində dinamik inkişafa təkan verib və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Naxçıvan bu gün mühüm beynəlxalq tədbirlərin, zirvə görüşlərinin keçirildiyi, mötəbər idman yarışlarının təşkil edildiyi bir məkandır. Məhz bu inkişafın sayəsində Naxçıvan bu gün İslam Mədəniyyətinin, həmçinin ölkəmizin Gənclər Paytaxtı kimi mühüm statusları daşıyır.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının Şura üzvləri Hacırəddin Mehbalıyev, Tahir Məmmədov, partiyanın gənc üzvü Türkan Cəfərli çıxış ediblər.
Sonra bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Sonda tədbir iştirakçıları Qurtuluş Gününə həsr olunmuş filmə baxıblar.

*  *  *

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatında Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov açıb. O, müstəqillik tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 15 iyundan başlayaraq müstəqilliyimizin qorunması istiqamətində görülən işlərdən danışıb. Vurğulanıb ki, böyük şəxsiyyət Heydər Əliyevin xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən xilas olub. Ötən əsrin 90-cı illərində Azərbaycan xalqının başı üstünü almış təhlükənin aradan qaldırılmasına, dövlətçiliyimizin xilasına və bugünkü sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu gün həm də ona görə müqəddəsdir ki, həmin tarix ulu ­öndərin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır.
Bildirilib ki, 1993-cü ilin iyununda Azərbaycan “ölüm və ya olum” dilemması qarşısında qalmışdı. Məhz o zaman dahi rəhbər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanan qurtuluş mübarizəsi özünün yeni həlledici mərhələsinə qədəm qoydu. Müdrik siyasətçi vaxtilə qurub-­yaratdığı Azərbaycanda vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının şura üzvü, Badamlı qəsəbə tam orta məktəbinin direktoru Hilal Paşayev, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin ərazi ilk təşkilatının sədri Günel Əliyeva, rayon təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin üzvü Aytac Eylazova çıxış ediblər.

*  *  *

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan başlanan yol” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov bildirib ki, xalqda milli heysiyyəti, özünüdərki daha da gücləndirən, milli dövlət rəmz­lərinə hörmət təlqin edən mühüm tarixi addımlar ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə atılıb.
1993-cü ilin iyununda – son dərəcə mürəkkəb bir dövrdə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev ictimai-siyasi sabitliyi təmin etməklə, vətəndaş qarşıdurmasını aradan qaldırmaqla, ölkəmizi parçalanmaq təhlükəsindən hifz etməklə, sözün əsl mənasında, milli qurtuluşu təmin etdi.
Arif Qasımov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəmizin çox­əsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu. Məhz bu qayıdış sayəsində Azərbaycan üçün çoxdan hazırlanan məkrli planların qarşısına möhkəm sipər çəkildi, siyasi varlığımıza doğru uzanan xain əllər kəsildi, dövlətimizin müstəqilliyi əbədi, dönməz, sarsılmaz oldu.
Təşkilatın sədri ümummilli liderin siyasi kursunun bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikası son illər əsrə bərabər inkişaf yolu keçib. Bu yol Qurtuluşdan başlanan yoldur.
Tədbirdə çıxış edən partiya ­fəalları ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən ­danışıblar.
Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, rayon məktəbliləri tərəfindən Milli Qurtuluş Gününə həsr edilən şeirlər bədii qiraət edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR