Milli Qurtuluş Gününün 25 illiyi münasibətilə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının keçirdiyi tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev mövzu ilə bağlı məruzə edib.
Məruzəçi Milli Qurtuluş Gününün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını bildirib, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin şəraitdə yenicə əldə olunmuş müstəqilliyin möhkəmləndirilməsi, ulu öndər Heydər Əliyevin Azərbaycanın qədim dövlətçilik ənənələrinin bərpa olunması istiqamətində göstərdiyi misilsiz xidmətlərdən söz açıb.
Vurğulanıb ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması ölkəmizin tarixində dönüş nöqtəsi oldu. Məhz həmin gündən Azərbaycanın başı üzərini almış qara buludlar dağılmağa, respublikamız işıqlı sabahlara doğru inamla addımlamağa başladı. Beləliklə, ulu öndərin misilsiz fəaliyyəti nəticəsində respublikamız hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu. Ümummilli lider Azərbaycanı dünyaya tanıtdı, onu beynəlxalq aləmdə nüfuz sahibi etdi.
Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlətimizin milli maraqlarına xidmət edən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır. Ölkəmiz yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Təbii ki, bütün bu uğurların qazanılması cəmi 27 illik müstəqillik tarixi olan bir dövlət üçün böyük qələbədir.
Məruzə ətrafında çıxışlar olub. Çıxışlarda bildirilib ki, Azərbaycanın qədim torpağı olan Naxçıvan da Milli Qurtuluşun işığında böyük və şərəfli yol keçib. Muxtar respublikamızda ardıcıl olaraq həyata keçirilən genişmiqyaslı quruculuq işləri, əhəmiyyətli layihələr onun sosial-iqtisadi inkişafını təmin edib. Bunu Şərur rayonunun timsalında da aydın görmək mümkündür. Aparılan kompleks quruculuq işləri nəticəsində yeni görkəm alan Şərur şəhəri və rayonun kənd yaşayış məntəqələri müasirliyə qovuşub.
Diqqətə çatdırılıb ki, əgər 1993-cü ilin həmin möhtəşəm qayıdışı baş verməsəydi, bu gün biz sivil, demokratik və çiçəklənən Azərbaycandan danışa bilməzdik. Bütün bunlar görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəsi, Vətəni qarşısında göstərdiyi misilsiz xidmətlərinin nəticəsidir.
* * *
Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı rayon Mədəniyyət Evində 15 İyun – Milli Qurtuluş Gününə hər olunmuş tədbir keçirib. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədovun məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, 1993-cü ilin iyun ayında xalqımızın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev dövlət müstəqilliyimizin itirilməsinin, siyasi qarşıdurmalar nəticəsində vətəndaş müharibəsinin yaranmasının və ölkənin parçalanmasının qarşısını alaraq müstəqil Azərbaycan Respublikasının memarına çevrilmişdir. Ulu öndərimiz fəaliyyətində daim ümumxalq mənafeyindən çıxış etmiş və hakimiyyətdə olduğu hər iki dövrdə mənalı həyatını və siyasi fəaliyyətini bu amala həsr etmişdir.
İsa Məmmədov deyib ki, xalqımızın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun böyük əhəmiyyətə malik bir gündür. Həmin gün Azərbaycan xalqı məhv olmaq, dövlətimiz tarix səhnəsindən silinmək təhlükəsindən xilas oldu. Bu qurtuluşu və nicatı isə xalqına bəxş edən ulu öndərimiz, dahi azərbaycanlı Heydər Əliyevdir.
Təşkilatın sədri ümummilli liderin siyasi kursunun bu gün dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, dahi şəxsiyyətin müəyyən etdiyi siyasi xəttə sadiqlik Naxçıvan Muxtar Respublikasını da yeni inkişaf mərhələsinə yüksəldib.
Məruzə ətrafında rayon İcra Hakimiyyəti başçısının müavini, şura üzvü Nihal Məmmədov, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli, Nehrəm kənd sahə xəstəxanasının baş həkimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Hüseyn Niftəliyev və digərləri çıxış ediblər.
Sonda tədbir bədii hissə ilə davam edib, Milli Qurtuluş Gününə həsr olunmuş sənədli filmə baxış olub. Məktəblilərin ifasında ümummilli liderə həsr olunmuş şeir və mahnılar səslənib.
* * *
15 İyun – Milli Qurtuluş Gününün 25 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının keçirdiyi tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, təşkilatın sədri Qadir İbrahimovun məruzəsi dinlənilib.
Bildirilib ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanan qurtuluş mübarizəsi özünün yeni – həlledici mərhələsinə qədəm qoydu. Müstəqilliyimizi, dövlətçiliyimizi qorumaq yolunda ümummilli liderimiz ictimai-siyasi sabitliyin pozulduğu dövrdə, düşmən qüvvələrin törətdiyi təxribatların artdığı bir zamanda hər cür çətinliyə sinə gərərək Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Bundan dərhal sonra hakimiyyət boşluğu aradan qaldırıldı, separatçı və cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Milli Ordumuz formalaşdı, atəşkəs haqqında razılaşma əldə edildi. Müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu. Bazar iqtisadiyyatı formalaşmağa başladı. Torpaq və aqrar islahatlar keçirildi, sahibkarlıq inkişaf etdirildi. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu və memarı olduğu müstəqil Azərbaycan dövləti Onun rəhbərliyi ilə qısa zaman kəsiyində beynəlxalq aləmdə tanınan dövlətə çevrildi.
Qadir İbrahimov diqqətə çatdırıb ki, əsası ulu öndərimiz tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası, quruculuq tədbirləri bugünkü inkişaf etmiş Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da sədaqət və əzmkarlıqla həyata keçirilir. Muxtar respublikamızın hər bir bölgəsində olduğu kimi, Culfa rayonunda da quruculuq, abadlıq, yaşıllaşdırma işləri geniş vüsət alıb, yeni parklar salınıb, yollar abadlaşdırılıb. Culfa şəhəri və kəndlərin siması tamamilə dəyişir, yeniləşir, müasirləşir, şəhər və kənd arasında fərq aradan qaldırılır.
Tədbirdə təşkilatın şura üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fərəc Fərəcov, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Saltaq kənd ərazi ilk təşkilatının sədri Mahir Əsgərov çıxış ediblər.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Xəbərlər şöbəsi