Vətənimizin bütövlüyü, torpaqlarımızın qorunması uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu hər zaman gənclərimizə örnəkdir. Bu mənada, hər bir Azərbaycan vətəndaşı öz igid qəhrəmanlarını, şəhidlərimizi tanımalı, onların keçdiyi həyat yolunu nümunə götürməlidir.
Vətənimizin hər qarış torpağının müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu zirvəyə ucalanların xatirəsini yaşatmaq isə hər birimizin vətəndaşlıq borcudur. Son illərdə qəhrəmanlıq və vətənpərvərlik mövzusunda daha çox kitabların nəşr olunması da bu amala xidmət edir.
Şair-publisist, filologiya üzrə fəlsəfə doktoru ElxanYurdoğlunun yaxın günlərdə işıq üzü görən “İki şəhid – iki zirvə” kitabı da gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına hesablanmış nəşrlərdən biridir.
Kitabda ötən əsrin 90-cı illərində mənfur ermənilərin silahlı hücumları zamanı Sədərək döyüşlərində iştirak edərək şəhidlik zirvəsinə ucalan Kəngərli rayonunun Yurdçu kəndinin iki şəhid övladı – Müşfiq Səfərov və Kamran Məmmədovun həyat yoluna işıq salınıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının sədri Mirməcid Seyidovun redaktoru olduğu kitab “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr edilib. Kitabın üz qabığında Azərbaycan Rəssamlar Birliyinin üzvü, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, rəssam Fizzə Quliyevanın çəkdiyi hər iki şəhidin portretinin yer aldığı kompozisiya öz əksini tapıb.
Kitabda Azərbaycanın Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin təəssüratları, şəhidlərin analarının, müəllimlərinin, sinif yoldaşlarının, silahdaşlarının xatirələri də özünə yer tapıb.
“Həyatda hər kəsin tutduğu bir ömür yolu var, onların tutduqları ömür yolu isə şəhidlik yoludur. Ulu yurdda dünyaya göz açıb, böyüyüb boya-başa çatan, iki mərd, vətənsevər igid oğulun yolu Sədərək rayonunun döyüş yüksəkliyində kəsişdi. Bu yolun yolçularının taleyi sanki bir yazılmışdı. Ömrün bahar çağında, elə bahar fəslinin gözəl güllü-çiçəkli vaxtında öz qızıl qanları ilə suladılar Vətən torpağında açan lalələri. Müşfiq və Kamran iki il ara ilə eyni döyüş nöqtəsində, eyni ayda şəhidlik zirvəsinə ucaldılar”, – deyən müəllif kitabda şəhidlərin doğulduğu Yurdçu kəndindən də söhbət açır. Həmçinin hər iki şəhidin xəyali düşüncələri bildirilir, Vətən uğrunda şəhid olmağın ali məqamı qeyd olunur.
Kitabda hər iki şəhidin müxtəlif illərdə çəkilən fotoları yer alıb, onlar haqqında yazılmış şeirlər də kitaba daxil edilib.
“İki şəhid – iki zirvə” kitabını vərəqlədikcə 19 il ömür sürmüş, şəhidlikləri ilə ürəklərdə özlərinə ölməzlik abidəsi ucaldan iki gəncin şərəfli ömür yoluna nəzər saldıqca Vətən üçün canından keçən gənclərimizin şərəfli döyüş yolları göz önünə gəlir.
Ötən günlərdə Kəngərli rayonunun Yurdçu Kənd Mərkəzində həmin kitabın təqdimatı olub. Tədbirdə çıxış edən Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Yurdçu kənd filialının müdiri Samirə Məmmədova, rəssam Fizzə Quliyeva, jurnalist Rauf Kəngərli, şəhidlərin döyüş yoldaşı Zaur Abdullayev, şəhid Müşfiq Səfərovun qardaşı Zahid Səfərov və digərləri qeyd ediblər ki, Müşfiq və Kamranın müdafiəsində iştirak etdiyi hərbi post və Şərurun Günnüt kəndi bu gün yüksək döyüş qabiliyyətinə malik olan Əlahiddə Ümumqoşun Ordunun igid əsgərlərinin nəzarətindədir. Burada üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır və dalğalandıqca da şəhidlərimizin ruhu şad olur.
Ramiyyə ƏKBƏROVA