24 Dekabr 2024, Çərşənbə axşamı

Bu günlər hamımızın yaşadığımız sevinc hissləri 26 ildir ki, düşmən tapdağı altında olan 11 min hektar torpağımızın geri alınmasının ifadəsidir. Buna Şərur rayonu, onun Günnüt kəndi, doğma Naxçıvanımızla yanaşı, bütün Azərbaycan sevinir. Gec-tez belə olacağına əmin idik. Çünki ata-babalarımız “Torpaqdan pay olmaz”, – deyiblər. Və bu müqəddəs sərvət də elə bizə onlardan qalan ən qiymətli mirasdır. 

Ordumuzun yeni uğuru barədə kütləvi informasiya vasitələrində, informasiya agentliklərinin rəsmi saytlarında kifayət qədər məlumat verilib. Ona görə də bu barədə geniş danışmağa ehtiyac duymur, qısaca olaraq onu bildirmək istəyirik ki, azad olunan kəndin 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Günnütü nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuza nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminatı məqsədilə quruculuq tədbirlərinə başlanılıb, 50 kilometr yeni yol çəkilib, 50 kilometrdən artıq yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.
Söhbətimizin bu yerində artıq əbədiyyətə qovuşmuş əsgərlərimizi xatırlamamaq mümkün deyil. 1992-ci ildə Günnütün müdafiəsində “Əlibaba” ləqəbli Asəf Rəhimov və sonuncu əməliyyatda düşmən təxribatının qarşısını alarkən əsgər Adil Tatarov şəhidlik zirvəsinə ucalıblar. Ruhları şad, yerləri cənnətməkan olsun. Həmişə minnətdarlıqla xatırlanacaqlar. Çünki müqəddəs bir amal uğrunda şəhidlik zirvəsini fəth ediblər.

1992-ci ildən işğala məruz qalan yaşayış məntəqələrimizdən biri kimi erməni qəsbkarları Günnütü xarabazarlığa çeviriblər. Vandallıq o dərəcəyə çatıb ki, kəndin qəbiristanlığındakı qəbir daşları güllələnib, bəzi qəbirlər isə partladılıb. Ərazi düşmən əlinə keçdikdən sonra kənd sakinləri rayonun bir sıra yaşayış məntəqələrində, əsasən, Mahmudkənddə məskunlaşıblar. Ancaq ürəkləri doğma yurd yerində qalıb. O yurda qayıtmaq istəyi bir an da onları tərk etməyib. Belə bir günün olacağına inanıblar. Ötən dövrdə yeni nəsil meydana gəlsə də, kənd sakinləri hər günün, hər saatın fərqində olublar ki, bəs nə vaxt doğma yurda qayıdacağıq? Və may ayının 26-da o sevinci yaşadılar günnütlülər. O sevinci biz də yaşadıq. Bütün Naxçıvan, bütün Azərbaycan yaşadı.
Mahmudkənddə məskunlaşan, doğulduğu yurd yeri Günnüt olan rayon məscidinin axundu, təqaüdçü­-müəllim Hacı Nəsib Novruzov deyir ki, həmin gün bütün günnütlülərin həyatına qızıl səhifə kimi yazılıb. İlk olaraq qəbiristanlığa üz tutduq. Burada uyuyan qohum-əqrəbalarımızın ruhuna “Qurani-Kərim”dən ayələr oxuduq. Sağ olsun dövlətimizi, ordumuzu, bu orduda ölümün gözünə dik baxaraq işğal olunmuş torpaqlarımızın alınmasında böyük işlər görürlər.
Onun dediklərindən: – Haqq dünyasına qovuşan valideynlərim Günnüt həsrəti ilə yatıb, Günnüt həsrəti ilə sübhü açırdılar. Tez-tez doğma kəndi yuxularında gördüklərini deyirdilər. İnanın, evimizdə 3-4 gündən bir o yuxuları eşitməyə öyrəşmişdik. O yuxular bizim üçün təskinlik idi.
Nəsib Novruzov onlara məxsus olan, üstü sökülüb dağılmış, qapı-pəncərələri çıxarılmış, divarları uçuq vəziyyətə düşən evlərinə girib. Sevinir ki, yenidən oraya qayıdacaqlar. Günnüt öz doğmalarını qoynuna alacaq, toy-büsat səsi o dağlarda eşidiləcək, həyat yenidən axarına düşəcək. Bunun üçün həmyerliləri adından dövlətimizə minnətdarlığını bildirir. İşğal altında olan torpaqlarımızın alınmasında ordumuza davamlı qələbələr arzulayır.
Mahir Osmanov da Günnütdə doğulub. Kəndin o dövrünü yaxşı xatırlayır. Deyir ki, suyu dişgöynədən bulaqları, təmiz havası Günnütdə heyvandarlığın, arıçılığın, meyvəçiliyin inkişafına imkan verirdi. Artıq o ağaclar quruyub, bulaqların suyu kəsilib. Ancaq kənd adamları bu itkiləri qısa müddətdə yerinə qaytaracaqlar. Bağ da salacaqlar, arıçılıqla da, heyvandarlıqla da məşğul olacaqlar. Günnüt əvvəlkindən də yaxşı olacaq. Buna kənd geri alınandan sonra görülən işlər də zəmanət verir. Şərur-Sədərək magistralının Maxta kəndi ərazisindən bu yaşayış məntəqəsinə ayrılan yolda başlanan quruculuq tədbirləri bizi saatbasaat, günbəgün əsirlikdən azad olmuş doğma yurd yerinə yaxınlaşdırır.
Fikrət Məmmədov vaxtilə Günnütdə, indi isə Mahmudkənddə arıçılıqla məşğul olan ali təhsilli mütəxəssisdir. Təbii ki, onun da sevincinin həddi-hüdudu yoxdur. Deyir ki, 26 ildə dünyaya göz açan uşaqlar ancaq bizim söhbətlərimizlə o kəndi tanıyırlar. Bundan sonra o uşaqlar da doğma Günnütü görəcək, bu yurd yerinin qorunub saxlanılmasında ordumuzun əsgərlərinin yaxın köməkçilərinə çevriləcəklər.
Tezliklə burada başlanılacaq tikinti-abadlıq, quruculuq işləri uzun illərin həsrətindən sonra öz doğma torpağımıza qovuşma sevincimizi ikiqat artıracaq, yurd nisgilini əridəcək, bu, şəhid analarımızın ən böyük təsəllisi olacaq. Tezliklə burada da yeni doğulan, yurd itkisi ağrı-acısından xəbərsiz məsum körpələrin qığıltıları, Vətən müqəddəsliyindən bəhs edən həzin ana laylaları, məktəb zəngi ilə bir yerə toplaşan övladlarımızın xoşbəxt, şaqraq gülüşləri, məscid minarəsindən ucalacaq azan və “Quran” səsləri, örüşlərimizə yayılan qoyun-quzu mələşmələri eşidiləcək, torpağın bərəkət rəmzi – sarı sünbülün və təndir çörəyinin ətri duyulacaq. Bir sözlə, bizim olub ordumuzun hünəri ilə yenidən bizə bəxş edilən halal torpağımız Günnütdə də ­Cocuq Mərcanlıdakı kimi yeni həyat başlanacaq. Bu yurdda böyüyən gələcək nəsil qəhrəman ata-babalarımızın əmanəti olan Vətən torpağını daha böyük məğrurluq və şücaətlə qoruyacaq!

 Muxtar MƏMMƏDOV
Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR