24 Dekabr 2024, Çərşənbə axşamı

Artıq bir neçə gündür, Şərur rayonunun Günnüt kəndinin ordumuz tərəfindən azad edilməsi ölkə mətbuatında gündəlik xəbərlərin ana mövzusuna çevrilib. Hər birimizin böyük sevinc hissi ilə bəhs etdiyimiz bu qələbə xəbərinin Ermənistanda gözlənilməz şok effekti yaratdığını elə qonşu ölkənin kütləvi informasiya vasitələrindən də görmək çətin deyil. Bəs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi 30 ilə yaxın bir dövrdə Günnüt kəndinin, eləcə də digər strateji ərazilərin nəzarət altına alınması mahiyyət etibarilə hansı gerçəklikləri özündə əks etdirir? Məsələnin siyasi tərəflərinə varmaq fikrindən uzağam. 

Ədalətin və məntiqin gözü ilə baxsaq, Azərbaycan bir müstəqil dövlət olaraq sahib olduğu bütövlüyünü heç kəslə bölüşmür və haqlı olaraq öz hüququnu bütün beynəlxalq normalara əsasən təmin edir.
Şərur rayonunun Günnüt kəndi 26 il bundan əvvəl – 1992-ci ildə işğal olunmuşdu. Digər işğal altında olan yaşayış məntəqələrimiz kimi, Günnüt kəndi də tamamilə dağıdılmış, vətəndaşlara məxsus evlər, məktəb binası, tibb məntəqəsi, kənd məscidi, hətta qəbiristanlıq belə, yerləyeksan edilmişdir. Son günlərdə isə Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi peşəkar əməliyyat nəticəsində Günnüt kəndi daxil olmaqla, yaxınlıqdakı Qızılqaya və Qaraqaya dağlarında yeni mövqelər işğaldan azad olunmuşdur. Dərələyəz mahalının Arpa kəndində və Mehri­dərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülmüş, ümumilikdə, 11 min hektara yaxın ərazi nəzarət altına alınmışdır. Bununla da, dəniz səviyyəsindən 1500-2000 metr yüksəkliklərdə yerləşən bu ərazilər ordumuzun birləşmələrinə düşmənin hərəkət edən və etməyən çoxsaylı obyektlərinə nəzarət etməyə imkan vermişdir. Ən önəmlisi isə Qızılqaya yüksəkliyinin ələ keçirilməsi ilə İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna ordumuzun nəzarəti tam təmin olunmuşdur.

Qeyd edək ki, erməni mətbuatı təmas xəttində Naxçıvan Əlahiddə Ümumqoşun Ordu birliklərinin fəal­laşmasıyla bağlı informasiyalar yaymışdı. “Razm.info” saytı sözügedən yüksəkliklərin alınmasını xəbər vermişdi. Digər erməni “Facebook” sosial şəbəkə istifadəçisi isə mayın 30-da Azərbaycan hərbi birləşmələrinin Arpa kəndi yaxınlığında yeni mövqelər tutması haqqında görüntülər paylaşmışdı. Mövcud situasiyanı nəzarətdə saxlaya bilməyən Ermənistan Müdafiə Nazirliyi bu günlərdə açıqlama verərək bildirmişdir ki, bu ərazilər neytral ərazilərdir və azərbaycanlılar Günnüt kəndindəki dədə-baba qəbiristanlığını ziyarət etmək üçün, guya, onlara müraciət etmiş və sakinlərin bura gəlişi “erməni tərəfinin razılığı” ilə baş tutmuşdur. Əcəb “məntiq”dir. Əslində isə belə “məntiq” yalnız saxta və yalan genetikası üzərində formalaşaraq tarixdə özünü bu yöndə sübut etmiş erməni təxəyyülünün məhsulu ola bilər.
Ancaq onu qeyd etmək lazımdır ki, 2016-cı ilin aprel döyüşlərindən sonra ciddi fiziki və psixoloji zərbə alan erməni tərəfinin Naxçıvanla bağlı sərsəm iddiaları, muxtar respublikada baş verən yenilikləri maraqla izləməsi daha çox diqqət çəkirdi. Son iki il ərzində Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun arsenalının müasir texnikalarla təminatı, mütəmadi olaraq təlimlərə cəlb olunması, bu təlimlərdə yüksək peşəkarlıq nümayiş etdirməsi, ötən il Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə ilk milli hərbi hissənin yaradılmasının 25-ci il­dönümü münasibətilə möhtəşəm hərbi parad keçirməsi, sözün əsl mənasında, düşmənlərimiz üçün isti havada soyuq duş effekti yaratmışdı. Naxçıvanın təhlükəsizliyinin təmin olunmasında ordumuzun bütün imkanlardan istifadə etməsi, düşmən ərazisindəki istənilən obyekti nəzarət altına alması və lazım gələrsə, təhdidlərə sərt şəkildə cavab verməsi imkanları var. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvanın güclü müdafiə potensialı var və bu potensial istənilən əməliy­yatı həyata keçirməyə imkan verir”. Düşmən nəzərə almalı idi ki, Əlahiddə Ümumqoşun Ordunun bazasında dünyanın ən müasir silahları mövcuddur, əsgərlərimiz düşmən ölkənin əsgərlərindən fərqli olaraq silahlardan bacarıqla istifadə edir, eyni zamanda hər iki istiqamət üzrə döyüş hazırlığını mənimsəyərək müasir döyüş aparmaq bacarığına malikdir. Elə bunun nəticəsidir ki, milli ordumuzun əsgəri, şəhid Adil Tatarovun qisası qısa müddətdə, həm də artıqlaması ilə alındı.
Bu gün xalqımız Lələtəpə, Cocuq Mərcanlı zəfərindən sonra Günnüt qələbəsinin sevincini yaşayır. Naxçıvanda qazanılan bu qələbə Silahlı Qüvvələrimizin gücünü ortaya qoymaqla yanaşı, düşmənlərimizə həm də Azərbaycanın öz ərazi bütövlüyünün pozulması faktı ilə heç zaman barışmayacağı mesajını verir.

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR