24 Dekabr 2024, Çərşənbə axşamı

Ötən ayın nəticələri bir daha belə deməyə əsas verir


Regionun lider dövlətinə çevrilən müstəqil Azərbaycan Respublikasının, sosial-iqtisadi inkişafı ilə diqqətləri cəlb edən, yüksək potensiala malik Naxçıvan Muxtar Respublikasının bugünkü ­mövcudiyyəti və inkişafı görkəmli dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Milli dövlətçiliyimizin formalaşmasında, xalqımızın Qurtuluşuna gedən yolda Onun fəaliyyətinin Naxçıvan dövrü isə xüsusi əhəmiyyətə malikdir. 

 

Belə ki, dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olarkən müstəqil dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlayıb, 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldikdən sonra respublikamızı yaradılmasının 100-cü ildönümünü qeyd etdiyimiz Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etməklə dövlətçilik irsimizə, milli prinsiplərimizə, tariximizə sahib çıxdı. Ulu öndər güclü dövlət konseptini Azərbaycanın müstəqilliyi fəlsəfəsinin təməlinə qoya bildi, qüdrətli dövlətin yaradılması üçün iqtisadi yüksəlişlə birlikdə milli özünüdərki, milli mənlik şüurunun inkişafını təmin etdi. Məhz buna görə də Heydər Əliyev epoxası iqtisadiyyatdan tutmuş mədəniyyətədək müxtəlif sahələrdə milli yüksəliş epoxası kimi tarixə düşdü.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamına əsasən bu il görkəmli dövlət xadiminin anadan olmasının 95-ci ildönümü muxtar respublikamızda geniş qeyd olunub, silsilə tədbirlər, idman yarışları və konsert proqramları keçirilib.
Tədbirlər Planına uyğun olaraq mayın 3-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestri ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş konsert proqramı ilə çıxış edib.
Konsert proqramı başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov səhnə arxasına keçərək ­Bursa Dövlət Simfonik Orkestrinin üzvləri ilə görüşüb, onları uğurlu konsert proqramına görə təbrik edib, konsertin təşkilatçılarına təşəkkürünü bildirib, Bursa Dövlət Simfonik Orkestrini yenidən Naxçıvana konsertə dəvət edib.
Hər il muxtar respublikada 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi Qələbənin ildönümü müxtəlif tədbirlərlə qeyd olunur. Çünki həmin dövrdə müttəfiq respublikalar içərisində ən çox insan itkisinə məruz qalan, Qələbəyə misilsiz töhfəsini verən ölkə məhz Azərbaycan olub. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınıb. Göstərdikləri igidliklərə görə 3 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 600-ə yaxını isə orden və medallarla təltif olunub.
Mayın 9-da Ali Məclisin Sədri Naxçıvan şəhərindəki Xatirə kompleksinə gələrək müharibə veteranları ilə görüşüb, onları İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü münasibətilə təbrik edib.
Ali Məclisin Sədri kompleksdəki abidənin önünə gül dəstəsi qoyub, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə dərin ehtiramını bildirib.
Mayın 10-da Ali Məclisin Sədri müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Həmin gün Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş rəsm sərgisinə baxıb.
Muxtar respublikada iqtisadiyyatın diversifikasiyası bu gün diqqət mərkəzində saxlanılır, sahibkarlığın inkişafına hərtərəfli qayğı göstərilir. Müasir istehsal sahələri fəaliyyətə başlayır, yeni iş yerləri açılır, tələbat, əsasən, daxili imkanlar hesabına ödənilir. Mayın 14-də “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılmış tam avtomatlaşdırılmış plastik boru, profil və aksesuarların istehsalı müəssisəsinin fəaliyyətə başlaması da muxtar respublikamızda sahibkar­lığın inkişafına göstərilən qayğının növbəti təzahürüdür.
Müəssisənin açılışında iştirak edən Ali Məclisin Sədri yaradılan şəraitdən səmərəli istifadə etdiyinə və yeni sənaye müəssisəsinin fəaliyyətə başlamasına görə sahibkara və kollektivə təşəkkür edib. Ali Məclisin Sədri müəssisədə keyfiyyətli məhsul istehsal olunacağına əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb və istehsal prosesi ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfər etməsi və 135-dən çox müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektin açılışında iştirakı da Naxçıvanın sürətli sosial-iqtisadi tərəqqisinin bariz nümunəsidir. Bu mənada, mayın 16-da dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasına növbəti səfəri də əlamətdar hadisələrlə yadda qalıb. Həmin gün dövlətimizin başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin, Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 nömrəli tam orta məktəbin, Ümumqoşun Ordunun “N” hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışında iştirak edib. Ölkə rəhbəri Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində yaradılan şəraitlə, eyni zamanda Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində silahlanmaya yeni qəbul edilən hərbi texnikalarla, Təlim-­Tədris Mərkəzi ilə də tanış olub.
Prezident cənab İlham Əliyev muxtar respublikamızda görülən işləri yüksək qiymətləndirərək deyib: “Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan ­Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.
Muxtar respublikamızın bütün sahələr üzrə yüksək nailiyyətlər əldə etməsi, onun dünyanın müxtəlif inkişaf etmiş ölkələri ilə iqtisadi-mədəni əlaqələrini genişləndirməsinə şərait yaradır. Xarici ölkələrin diplomatik korpusunun nümayəndələrinin muxtar respublikaya səfərləri zamanı bu məsələlər həmişə diqqət mərkəzində olur.
Mayın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım İnqrid Tersman ilə görüşüb. Səfiri Naxçıvanda görməyindən məmnunluğunu bildirən Ali Məclisin Sədri deyib ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan-­İsveç əlaqələrində iştirak edir, Naxçıvan Dövlət Universiteti isə TEMPUS və ERASMUS proqramları çərçivəsində İsveç universitetləri ilə əməkdaşlığa malikdir. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının xarici ölkələrlə əlaqələrindən və mövcud əməkdaşlıq imkanlarından bəhs edən Ali Məclisin Sədri yeni texnologiyaların tətbiqi, turizm və digər sahələrdə əməkdaşlıq üçün potensialın olduğunu bildirib.
Qürurla deyə bilərik ki, ötən illər ərzində böyük zəhmətlə, vətənpərvərliklə görülən genişmiqyaslı işlər, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində muxtar respublikamız bu gün mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi şöhrət qazanıb. Bu sırada beynəlxalq rəsm festivalları özünəməxsus yerə malikdir. Çünki bir diyarın tanıdılmasında sənət və rəsm əsərləri xüsusi rol oynayır. Bu mənada, 21-24 may tarixlərində Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi böyük əhəmiyyət kəsb edir. Festivalın yüksək səviyyədə keçirilməsi və yaradılan şərait bütün sənətsevərlər tərəfindən sənətə və sənət adamlarına göstərilən qayğı kimi dəyərləndirilir.
Mayın 24-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda festivalda çəkilmiş əsərlərdən ibarət sərgi açılıb.
Ali Məclisin Sədri sərginin açılışında iştirak edib, festivalda iştiraklarına görə rəssamlara təşəkkürünü bildirib. Ali Məclisin Sədri deyib: “Naxçıvan – bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalının keçirilməsi əlamətdar hadisədir. Ona görə ki, festival Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illiyinə həsr olunub... Müxtəlif ölkələrin rəssamlarının Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ümummilli liderimizin 95 illiyinə həsr olunmuş beynəlxalq rəsm festivalında birləşərək bir məram və məqsəd naminə əsərlər yaratması festivalın əhəmiyyətini daha da artırdı. Festivalda iştirak edən rəssamlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik tədbirlərinə öz töhfələrini verdilər”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamına əsasən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq olunub.
Mayın 28-də Naxçıvan şəhərinin baş meydanında – Heydər Əliyev Muzeyinin qarşısında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
Yubiley tədbirində iştirak edən Ali Məclisin Sədri milli dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, muxtar respublika əhalisini, müstəqilliyimizin təminatçısı olan Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublika ərazisindəki ordu və birləşmələrinin şəxsi heyətini təbrik edib.
Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın istiqlal tarixinin şanlı səhifəsi olduğunu, milli hökumətimizin keçdiyi şərəfli yolun gələcək müstəqil dövlətçilik üçün mühüm siyasi və tarixi əsas yaratdığını vurğulayan Ali Məclisin Sədri deyib: “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan bəhs edərkən onun Naxçıvanla əlaqələrinə xüsusi nəzər yetirmək lazımdır. Çünki o dövrdə Naxçıvan həm daxildə, həm də beynəlxalq aləmdə müxtəlif maraqların toqquşduğu ərazilərdən birinə çevrilmişdi. Ermənilərin Naxçıvana hücumları isə vəziyyəti daha da mürəkkəbləşdirmişdi. Ona görə də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti və parlamenti Naxçıvanla bağlı bir sıra məsələləri diqqətdə saxlayır, hökumətin İrəvan və Tiflisdəki diplomatik nümayəndələri bununla bağlı səmərəli və işgüzar fəaliyyət göstərirdilər. Lakin reallıq bundan ibarət idi ki, mövcud siyasi və beynəlxalq vəziyyət Naxçıvan əhalisinin Azərbaycanla bir olmaq arzusunu həyata keçirməyə imkan vermirdi. Böyük dövlətlərin təsiri ilə qədim Azərbaycan torpaqları olan Zəngəzurun və İrəvanın Ermənistana verilməsindən sonra Naxçıvan Muxtar Respublikasının indiki ərazisi təcrid olunmuş vəziyyətə düşmüş, Azərbaycanın əsas ərazisi ilə əlaqə kəsilmişdi. Belə bir vəziyyətdə – 1918-ci ilin noyabrında Naxçıvanda yaradılmış Araz Türk Cümhuriyyəti Naxçıvanın Ermənistan daşnak hökuməti tərəfindən ilhaq edilməsinin qarşısını aldı və tarixi Azərbaycan torpaqlarını qoruyub saxladı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvan məsələsində tutduğu mövqe və ərazinin qorunması ilə bağlı Naxçıvan sakinlərinin mütəşəkkil siyasi iradəsi sonrakı dövrdə Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm əhəmiyyət kəsb etmişdir”.
Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə yürüş keçirilib. Azərbaycan Respublikasının Dövlət Bayrağını daşıyan “Bayraq” qrupunun nizami addımları ilə yürüşə start verilib.
Ulu öndərimiz Heydər Əliyev ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsində, milli və dini dəyərlərin qorunmasında misilsiz xidmətlər göstərib. Dahi ­şəxsiyyət İslam dininin mahiyyəti, onun mütərəqqi, qüdrətli bir din olduğu və Azərbaycan xalqının həyatında mühüm rol oynadığını həmişə xüsusi vurğulayıb. Görkəmli dövlət xadiminin milli və dini-­mənəvi dəyərlərimizin qorunması və onların təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü dövlət siyasəti bu gün muxtar respublikamızda uğurla davam etdirilir.
Mayın 29-da Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə iftar süfrəsi açılıb.
İftar mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov milli­-mənəvi dəyərlərimizə, tarixi ənənələrimizə və dini mərasimlərimizə xüsusi ehtiramla yanaşan ümummilli liderimiz Heydər Əliyevin “Xalqı­mızın dini-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim milli sərvətimizdir” fikrini xatırladaraq deyib: “Ən ali dini dəyərlərimizdən biri də mübarək Ramazan ayıdır. İlahi hikmətlər xəzinəsi olan ­“Qurani-Kərim”in nazil olduğu bu müqəddəs ay insanları əmin-amanlığa, bərabərliyə və savab işlərə dəvət edir. Dini dəyərlərə göstərilən ehtiramın nəticəsidir ki, muxtar respublikamızın paytaxtı Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilmişdir”.

 

May ayının ümumi mənzərəsinə nəzər yetirdikdə bir daha görürük ki, Naxçıvan Muxtar Respublikasında ulu öndərin təməlini qoyduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi, bütün dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması, lazımi islahatların vaxtında aparılması, irimiqyaslı quruculuq, abadlıq işlərinin gerçəkləşdirilməsi sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələri də daxil olmaqla bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib. Naxçıvanda qazanılan uğurlar qədim diyarımızda çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasını, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasını, elmin, mədəniyyətin dinamik inkişafını təmin edib.

 

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR