Bütün müsəlman dünyasını əhatə edən İslam mədəniyyətinin paytaxtı layihəsi çox genişmiqyaslıdır. İslami dəyərlərə və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrlə əlaqədar hər il İslam ölkələri şəhərlərindən birinin paytaxt seçilməsi ənənəsi çox da qədim tarixə malik deyildir. Bu məsələ ilə əlaqədar qərar İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO-nun) təklifi ilə 2001-ci ilin sonlarında Qətərin paytaxtı Doha şəhərində İslam ölkələri mədəniyyət nazirlərinin III konfransında qəbul olunmuş və ilk dəfə olaraq belə bir şəhər 2005-ci ildə İslam dünyasının mərkəzi sayılan Məkkə şəhəri seçilmişdir. Bundan 4 il sonra – 2009-cu ildə isə bu hüquq Azərbaycanın paytaxtı Bakı şəhərinə verilmişdir. Şübhəsiz ki, fəaliyyətə başlamasından 4 il sonra dünyanın inkişaf etmiş İslam ölkələrinin böyük şəhərlərinin deyil, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın paytaxtı Bakı şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ölkəmizdə islami dəyərlərə və mədəniyyətlərarası dialoqa verilən töhfələrlə əlaqədardır.
Məlumdur ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur. Əlbəttə, bu qərar heç də təsadüfən, birdən-birə qəbul edilməmişdir. Sözsüz ki, Naxçıvan şəhərinə belə bir statusun verilməsini şərtləndirən bir sıra amillər olmuşdur. Bütün bu amilləri, bu qərarın hansı səbəbdən verilməsini aydınlaşdırmaq üçün İslam mədəniyyətinin yaranmasına, Naxçıvan şəhərinin keçdiyi tarixi inkişaf yoluna, ərazidəki tarix-mədəniyyət abidələrinə, onların qorunması, bərpası, tədqiqi və təbliği vəziyyətinə nəzər yetirmək lazımdır.
VII əsrin əvvəllərində tarix səhnəsinə çıxan İslam dini qısa müddət ərzində bir sıra ölkələrdə yayıldı, nəticədə, Xilafət dövləti yarandı. Bununla da, onun tərkibinə daxil olan müxtəlif xalqların mədəniyyətlərini özündə birləşdirən İslam mədəniyyəti formalaşdı. VII yüzilliyin ortalarından etibarən Azərbaycan əhalisi də İslam dinini qəbul etdi. Beləliklə, Azərbaycan çox geniş əraziləri əhatə edən Xilafətin tərkibinə daxil oldu. Bununla əlaqədar xalqımızın həmin vaxtadək minilliklər boyu əldə etdiyi bütün elmi-mədəni nailiyyətlər də Xilafətin yaranması ilə formalaşan və dünya mədəniyyəti tarixində dərin iz buraxan ümumislam mədəniyyəti xəzinəsinə daxil oldu və onun tərkib hissəsinə çevrildi. Bundan sonra Azərbaycanda əldə olunan mədəni-elmi nailiyyətlər həm də islami mahiyyət kəsb etməyə başladı.
Xilafətin tərkibində olduğu müddətdə Yaxın və Orta Şərqin inkişaf etmiş mədəniyyət mərkəzləri ilə yaradılan və tədricən inkişaf etdirilən qarşılıqlı əlaqələr və münasibətlər Azərbaycanda mədəniyyətin tərəqqisinə çox müsbət təsir göstərdi. Ona görə də orta əsr Azərbaycanının ictimai-siyasi və mədəni həyatında baş verən bütün hadisələrdə və dəyişikliklərdə, əldə olunan nailiyyətlərdə İslam ideologiyasının təsiri vardır. Buna görə də, bütövlükdə, orta əsr Azərbaycan mədəniyyətini, o cümlədən elmini, təhsilini, ədəbiyyatını İslam dinindən ayrı təsəvvür etmək olmaz.
2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilən Naxçıvan şəhəri çox böyük inkişaf yolu keçmişdir. Son tədqiqatlara görə, əsası bir yaşayış məskəni kimi eramızdan əvvəl V minilliyin əvvəlində qoyulan Naxçıvan, təxminən, 5 min il bundan əvvəl şəhər kimi formalaşmışdır. Naxçıvan şəhəri, bütövlükdə, Naxçıvan ərazisi bir sıra mədəniyyətlərin, o cümlədən Eneolit, Boyalı qablar və Kür-Araz mədəniyyətlərinin yarandığı və ətraf yerlərə yayıldığı bir mərkəzə çevrilmişdir. İlk orta əsrlər dövründə Naxçıvan şəhəri mühüm bir inzibati-siyasi mərkəz kimi də diqqəti cəlb edirdi. Ərəblərin buraya gəlişindən sonra da şəhər üstünlüyünü saxlamış, bu səbəbdən də ərəblər ətraf əraziləri idarə etmək üçün Naxçıvan şəhərini özləri üçün hərbi-inzibati mərkəz seçmişdilər.
Naxçıvan şəhəri, həmçinin bütün Naxçıvan ərazisi islamlaşmadan sonra, xüsusilə islamın intibah dövründə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, ticarət-iqtisadi cəhətdən xeyli inkişaf etmişdir. Hətta şəhər X-XI əsrlərdə “Naxçıvanşahlıq” adlı kiçik feodal dövlətinin, az sonra – 1136-cı ildə tarix səhnəsinə çıxan Azərbaycan Atabəyləri kimi nəhəng bir dövlətin paytaxtına, Azərbaycan memarlığının mərkəzlərindən birinə çevrildi. Naxçıvan Azərbaycan mədəniyyəti tarixinə Əcəmi Əbubəkr oğlu Naxçıvani kimi dahi bir memar bəxş etdi. Burada Azərbaycan memarlığının ən möhtəşəm qollarından olan Naxçıvan məktəbi formalaşdı. Şəhərdə və bütün Naxçıvan bölgəsində çoxlu sayda gözəl və möhtəşəm memarlıq abidələri, o cümlədən türbələr, məscidlər, xanəgahlar, mədrəsələr, hamamlar, buzxanalar, mülki binalar və bu qəbildən olan digər abidələr inşa edildi. Naxçıvan şəhərində Yusif Küseyir oğlu, Möminə xatın, Came məscidi, Dövlətxana və digər bu kimi möhtəşəm memarlıq nümunələri yaradıldı. Naxçıvan şəhəri yüksək inkişaf səviyyəsinə çatdı. Buna görə də gözəlliyinə və ehtişamına görə orta əsr müəllifləri onu, obrazlı şəkildə, “Nəqşi-Cahan” (“Dünyanın bəzəyi”) adlandırırdılar.
Sonralar bölgənin müxtəlif yerlərində isə Gülüstan türbəsi, Qarabağlar Türbə Kompleksi, Ziya-ül-Mülk körpüsü, Darkənd günbəzi, Əlincəçay xanəgahı, Qeysəriyyə, imamzadələr kimi nadir tarixi abidələr ucaldıldı. Beləliklə, orta əsrlər zamanı sənətkarlarımız tərəfindən Naxçıvanda memarlıq sahəsində çox zəngin bir mədəni irs yaradıldı. Ancaq Azərbaycanın hər yerində olduğu kimi, onun qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda da yaranmış bu irsə keçən yüzillikdə biganə və ögey münasibət bəslənilmiş, hətta şəxsiyyətə pərəstiş illərində onların bir qismi qəsdən dağıdılmışdır.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən, xüsusilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xalqımızın uzun əsrlərdən bəri yaratdığı milli və mənəvi dəyərlərə, mədəni irsə dövlət səviyyəsində diqqət və qayğı artırıldı, onların bərpası, tədqiqi və təbliği sahəsində məqsədyönlü tədbirlər həyata keçirilməyə başladı. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında da çox böyük işlər görülmüşdür. Belə tədbirlər içərisində, ilk növbədə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2005-ci il 6 dekabr tarixdə imzaladığı Sərəncama əsasən qədim diyarımızın tarix-mədəniyyət abidələrinin qeydə alınaraq pasportlaşdırılmasını vurğulamaq lazımdır.
Böyük bir qismi Azərbaycanda İslamın qəbul edilməsindən sonrakı vaxtlara aid olan bu abidələrin çoxu yarandıqları vaxtdan keçən müddət ərzində təbii qüvvələrin təsirindən güclü şəkildə aşınmış, zəmanəmizə yarımdağılmış vəziyyətdə gəlib çatmışdır. Ona görə də Ali Məclis Sədrinin diqqət və qayğısı ilə çoxlu sayda müxtəlif təyinatlı tarix-mədəniyyət abidəsi bərpa olunaraq əvvəlki görkəminə salınmış, onlara yeni həyat verilmiş, tədqiqi və təbliği sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu abidələrin əksəriyyəti məscidlər, imamzadələr, xanəgahlar, türbələr və İslamla sıx əlaqədar olan digər abidələrdir. Bu istiqamətdə işlər bu gün də sistemli şəkildə davam etdirilir. Qeyd etmək kifayətdir ki, təkcə 2016-cı ildə Ali Məclis Sədrinin 2014-cü il 11 fevral və 2015-ci il 8 oktyabr tarixlərdə imzaladığı sərəncamlar əsasında Azərbaycan xalqının məğlubedilməzlik rəmzi olan Culfa rayonundakı Əlincəqalada və XII əsr Azərbaycan memarlığının təkrarolunmaz nümunələrindən sayılan Gülüstan türbəsində bərpa işləri yüksək səviyyədə başa çatdırılmışdır. Ali Məclis Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamına əsasən Kəngərli rayonundakı XII-XIV yüzilliklərə aid olan Qarabağlar Türbə Kompleksində başlanılan bərpa işləri tamamlanmaqdadır. 2016-2018-ci illərdə Şərur rayonunun Xanlıqlar (Parçı) kəndindəki imamzadə, Naxçıvan şəhərindəki İmamzadə kompleksi və Babək rayonunun Nehrəm kəndindəki İmamzadə bərpa olunmuşdur. Hazırda Şərur rayonunun Yengicə kəndindəki hamamda bərpa işləri tamamlanmaq üzrədir.
Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasında tarix-mədəniyyət abidələrinin qorunması, bərpası, tədqiqi və təbliği çox yüksək səviyyədə həll olunmuşdur. Son illərdə muxtar respublikada bir sıra yaşayış məskənlərində mövcud olan məscidlər və ziyarətgahlar əvvəlki tarixi görkəminə qaytarılmışdır. Bir sıra kəndlərdə dini ibadətgahlar tikilərək istifadəyə verilmişdir. Babək rayonunun Nehrəm kəndindəki məscid bunun ifadəsidir. Bu gün muxtar respublikada 209 məscid fəaliyyət göstərir. Bu məscidlərdən 72-si yeni tikilmişdir. 95 məscid və 23 pir isə yenidən qurulmuş və ya bərpa olunmuşdur.
Hazırda Naxçıvan şəhərinin cənub tərəfində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin və Nuh Peyğəmbərin məzarüstü türbəsinin yaxınlığında böyük məscid binası inşa olunmaqdadır. İbadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün iki mədrəsədən, kitabxanadan ibarət olan 15 günbəzli məsciddə eyni zamanda 2000 nəfərin ibadət edə biləcəkdir. Muxtar respublikada bu istiqamətdə keçirilən belə tədbirlər isə dünyanın müxtəlif yerlərindən, o cümlədən müsəlman ölkələrindən qədim diyarımıza gələn alimlərin, turistlərin, dövlət nümayəndələrinin və başqa insanların diqqətindən yayınmır. Şübhəsiz ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində sadalanan bu amillər nəzərə alınmışdır.
Ancaq qeyd olunan bütün bu faktlar Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması üçün kifayət etməzdi. Əgər Naxçıvanda müasir infrastruktur yaradılmasaydı, o, paytaxt ola bilməzdi. Çünki İslam Mədəniyyətinin Paytaxtı seçilən şəhərlərə dünyanın 50-dən artıq ölkəsindən müxtəlif təbəqəyə mənsub çoxlu qonaqlar gəlir. Həmin qonaqların yerləşdirilməsi üçün müasir tələblərə cavab verən, dünya standartlarına uyğun otellərin, başqa məişət obyektlərinin olması çox vacibdir.
Məlumdur ki, İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin 2004-cü il dekabrın 15-17-də Əlcəzairdə keçirilmiş IV konfransında təsdiqlənmiş “İslam mədəniyyətinin paytaxtları” proqramına əsasən hər hansı bir şəhərin İslam Mədəniyyətinin Paytaxtı elan olunması üçün həmin şəhər bir sıra keyfiyyətlərə malik olmalıdır. Belə ki, həmin paytaxt ölkə və region səviyyəsində mühüm tarixi keçmişə, İslam və bəşər mədəniyyətində elm, incəsənət, ədəbiyyat sahəsində töhfələrə, elmi-tədqiqat, arxeoloji təhsil mərkəzlərinə, fərdi və kollektiv şəkildə mədəni tədbirlər təşkil edən qurumlara malik olmalıdır. Naxçıvan şəhəri isə bütün bu tələblərə cavab verir. Fikrimizcə, şəhərin İslam Mədəniyyətinin Paytaxtı seçilməsində son illərdə Naxçıvanda reallaşan mühüm əhəmiyyətli beynəlxalq tədbirlərin, burada dövlət başçılarının görüşlərinin təşkili və bu sahədə qazanılan təcrübə də öz müsbət təsirini göstərmişdir.
Məhz bütün bunlara görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabr ayında Bakı şəhərində keçirilən VI konfransında Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar qərar qəbul edilməsi çox təbii görünür. Bununla əlaqədar yaradılmış Təşkilat Komitəsinin 25 noyabr 2016-cı ildə keçirilən ilk iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov demişdir: “Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan islam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir”.
Öz qədimliyi və müasirliyi ilə İslam mədəniyyəti paytaxtları üçün tələb olunan qayda və prinsiplərə cavab verən, dini, milli və etnik tolerantlıq ənənələri ilə seçilən, həmçinin artıq bir sıra beynəlxalq miqyaslı möhtəşəm tədbirlərə ev sahibliyi edən və bu sahədə böyük təcrübə qazanan Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı kimi burada keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə gerçəkləşəcəyinə əminlik yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Bu gözəl hadisə ilə bağlı təntənəli tədbirlər keçiriləcəkdir, çoxlu qonaqlar gələcəklər, bir daha görəcəklər ki, dünyada belə gözəl məkan var. Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi, binaları və ən önəmlisi, gözəl insanları olan gözəl məkan var – bu məkanın adı Naxçıvandır”.
Fəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü