Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya may ayında dövlət qulluğuna qəbulla bağlı müsabiqə keçirmişdir.
Müsabiqəyə 36 dövlət orqanından 294 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 395 nəfər sənəd təqdim etmişdir. 1-15 may 2018-ci il tarixlərdə test imtahanları mərhələsində 370 namizəd iştirak etmiş, imtahanlarda keçid balını toplamış 136 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində vakant vəzifələrin tutulması üçün də test imtahanları keçirilmişdir. Mayın 17-də keçirilən test imtahanında iştirak edən 26 namizəddən 9-u imtahanlarda müvafiq keçid balını toplayaraq müsahibə mərhələsinə buraxılmışdır. Həmçinin komissiya müvafiq dövlət orqanlarının müraciətləri əsasında vakant şöbə müdiri vəzifələrinin tutulması üçün 2 nəfərin iştirakı ilə test imtahanı keçirmişdir. Dövlət qulluğuna qəbul olmaq istəyən 17 namizədin və dövlət ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün 34 namizədin iştirakı ilə hazırlıq kursları təşkil edilmişdir.
Ehtiyat kadrlarla işin təşkili də diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 13 namizəddən 4-ü vakant vəzifələrə təyin olunmuşdur. May ayında Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciət və sənədlərin qəbulu istiqamətində daxil olan 409 elektron müraciət komissiya tərəfindən icra olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti