Qardaş ölkənin Qars şəhərində keçirilmiş Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.
“Türkiyə-Azərbaycan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təlimi”ndə Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin şəxsi heyətləri arasında əməliyyatların birgə icra edilməsində uzlaşmış fəaliyyətə nail olunub və müxtəlif döyüş tapşırıqları praktik icra edilib. Təlimdə Əlahiddə Ümumqoşun Ordudan cəlb edilmiş bölmələr bütün döyüş tapşırıqlarını uğurla yerinə yetirərək yüksək nəticələr göstəriblər.
Birgə taktiki təlimin sonunda “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.
Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı, ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Nəriman Nəcəfov