24 Dekabr 2024, Çərşənbə axşamı

Hindistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsinin önünə gül dəstəsi qoyub və Heydər Əliyev Muzeyini ziyarət edib. 

Səfir səfər çərçivəsində Naxçıvan Dövlət Universitetində olub. Qonağa ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verilib.
Muxtar respublika haqqında yüksək təəssüratlarını bölüşən diplomat gələcək tərəfdaşlıq məsələlərinin müzakirəsi zamanı universitetlərarası əməkdaşlığın genişləndirilməsində birgə layihələrin əhəmiyyətindən danışıb.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində tələbələrlə keçirilən görüşdə səfir Hindistan-Azərbaycan arasındakı dostluq və yüksək səviyyəli əməkdaşlıq əlaqələrindən danışıb. Diplomat qeyd edib ki, bu iki ölkə arasında beynəlxalq əməkdaşlığın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Xatırladılıb ki, 1991-ci il dekabrın 26-da Hindistan Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini tanıyıb. Azərbaycan və Hindistan arasındakı tarixi əlaqələrdən bəhs edən səfir qeyd edib ki, bu gün də bu iki ölkə arasında ticarət, iqtisadi, elmi, texnoloji, mədəni sahələrdə əməkdaşlıq durmadan inkişaf edir. Enerji və nəqliyyat sahələrində əlaqələrin əhəmiyyətindən danışan diplomat Şimal-Cənub dəhlizinin Azərbaycan və Hindistan arasında iqtisadi əlaqələri gücləndirəcəyini vurğulayıb.

O qeyd edib ki, gələcəkdə də biz çalışacağıq ki, Azərbaycanla rəsmi, diplomatik, parlamentlərarası, mədəni, idman və digər beynəlxalq əhəmiyyətli sahələrdə əlaqələrimizi daha da gücləndirək və inkişaf etdirək.
Diplomat tələbələrə Hindistanda geniş yayılmış yoqanın insan həyatındakı əhəmiyyətindən bəhs edən mühazirə oxuyub. O, Azərbaycanda yoqa dərslərinin öyrədilməsindən məmnunluğunu bildirib, sağlamlığın qorunmasına birbaşa təsir edən yoqa dərslərinin gələcəkdə Naxçıvan Muxtar Respublikasında da keçirilməsi arzusunu ifadə edib. Səfir vurğulayıb ki, yoqa nə idman, nə də siyasətdir, bu, sadəcə, sağlam həyat tərzidir. İnanıram ki, yoqa sizə sağlam, xoşbəxt həyat bəxş edəcək.
Daha sonra Polşada Beynəlxalq Şivananda Yoqa Vedata Mərkəzində təhsil almış, “Yoqa Şiromani” tituluna və diplomuna sahib, Klassik Yoqa Məktəbinin müəllimi olan Elçin Quliyev yoqa barədə müəllim və tələbələri ­məlumatlandırıb.

* * *

Səfər çərçivəsində səfir “Naxçıvan” Universitetində də olub. Ali təhsil ocağının fəaliyyəti haqqında geniş məlumat alan diplomat buradakı müəllim və tələbə heyətinə də Azərbaycan-Hindistan arasındakı qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri, Hindistanda geniş yayılmış yoqa haqqında mühazirə oxuyub.

* * *

Naxçıvan Biznes Mərkəzində olan qonağa muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, burada 94 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 37 ailə təsərrüfatında istehsal olunan 17 növdə 112 çeşiddə məhsul, 30 sənətkar tərəfindən hazırlanan 254 əl işi, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.
Vurğulanıb ki, muxtar respublikada yaradılan şərait nəticəsində ərzaq təhlükəsizliyi tam təmin edilib, idxalın həcmi əhəmiyyətli dərəcədə azaldılıb, yeni iş yerləri açılıb. Vaxtilə 15 adda məhsulun istehsal olunduğu Naxçıvan Muxtar Respublikasında bu gün 372 növdə məhsul istehsal edilir, 344 növdə məhsula olan tələbat ­tamamilə yerli imkanlar hesabına ödənilir.

 Güntac ŞAHMƏMMƏDLİ
Tural AĞAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR