Mayın 31-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 8 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti yaradılıb. Ötən müddət ərzində Dövlət Miqrasiya Xidmətində qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün güclü maddi-texniki baza və kadr potensialı formalaşdırılıb. Vahid miqrasiya məlumat sisteminin qurulması isə bu proseslərin muxtar respublikada tənzimlənməsi üçün mühüm əhəmiyyət kəsb edib. Hazırda muxtar respublikada sərhəd-buraxılış məntəqələrində, eyni zamanda Naxçıvan və Culfa sərnişin vağzalı binalarında miqrasiya xidmətlərinin fəaliyyəti yüksək səviyyədə təşkil olunur. Əcnəbilərin bütün hüquqları Dövlət Miqrasiya Xidməti tərəfindən təmin edilir. Dövlət Miqrasiya Xidmətinin fəaliyyətinin əsasını Vətənə sədaqət, hər bir insana qayğı, ən başlıcası isə qanunların aliliyinə və milli-mənəvi dəyərlərə hörmət təşkil edir.
Qeyd olunub ki, ötən 8 ildə muxtar respublikaya gələn əcnəbilərin olduğu yer üzrə qeydiyyata alınması, müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlıq məsələləri, eləcə də əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul olunub. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının və Miqrantların Saxlanılması Mərkəzinin istifadəyə verilməsi xidmətin səviyyəsini daha da yüksəldib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxış edərək deyib ki, bu gün Naxçıvan Muxtar Respublikası miqrantlar üçün yaşamaq və işləməyin əlverişli olduğu bir məkana çevrilib. Muxtar respublikada bütün sahələrin inkişafına göstərilən dövlət qayğısından miqrasiya orqanlarına da xeyli pay düşüb. Görülən işlərin nəticəsidir ki, muxtar respublikada miqrasiya prosesləri qanunun tələblərinə uyğun həyata keçirilir. Yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışan miqrasiya əməkdaşları qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə səy göstərirlər. Bu isə onların öz vətəndaşlıq və vəzifə borclarına məsuliyyətlə yanaşmalarının ifadəsidir. Vüsal Hüseynov yaradılmasının 8 illiyi münasibətilə miqrasiya əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra xidməti fəaliyyətində fərqlənən bir qrup əməkdaşa Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi yubiley medalı, Miqrasiya orqanlarında qüsursuz qulluğa görə üçüncü dərəcəli Azərbaycan Respublikası medalı, növbəti və növbədənkənar xüsusi rütbə və qiymətli hədiyyələr təqdim olunub. Medalları və qiymətli hədiyyələri əməkdaşlara Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri baş idarəsinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Rza Talıbov və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev təqdim ediblər.
Tədbirin sonunda iştirakçılar Naxçıvan Televiziyasının istehsalı olan Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən bəhs edən filmə baxıblar.
“Şərq qapısı”