Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki və Tibb kolleclərinin tələbələri Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissəsində olublar. Şəxsi heyətin sosial-məişət şəraiti, əsgər və zabit yataqxanası, yeməkxana, sinif otaqları, əşya və ərzaq anbarı, idman zalı ilə tanışlıq zamanı tələbə-gənclərə ümumi məlumat verilib. Hərbi hissənin idman şəhərciyində fiziki hazırlıq dərsləri praktik olaraq göstərilib. Qonaqlara minaatanlar, tank əleyhinə vasitələr, snayper tüfəngləri və müxtəlif atıcı silahlar haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə Kolanı kənd Uşaq Musiqi Məktəbinin kollektivi konsert proqramı ilə çıxış edib, tələbə-gənclər və əsgərlər rəqs ediblər. Daha sonra qonaqlar şəxsi heyətlə birgə nahar ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti