Bu gün ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da aparılan məqsədyönlü sosial siyasət nəticəsində insanların maddi rifah halı yüksəlib, hüquq və azadlıqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. İnsan hüquq və azadlıqlarının tərkib hissəsi olan uşaq hüquqları da, bu gün muxtar respublikamızda yüksək səviyyədə qorunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi bu istiqamətdə aparılan işlərə həssaslıqla yanaşıldığının bariz ifadəsidir. Həmin qaydaya uyğun olaraq uşaq hüquqlarına dövlət nəzarəti sahəsində dövlət orqanlarının üzərinə müəyyən vəzifələr qoyulub. Onu da qeyd edək ki, dövlət nəzarətinin məqsədi uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, bu hüquqların pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasıdır.
Dövlət nəzarəti qaydasına uyğun olaraq 2018-ci ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın qərarı ilə dövri monitorinq keçiriləcək uşaq müəssisələrinin siyahısı və ekspert qrupunun tərkibi təsdiq olunub, 10-u məktəb, 7-si məktəbəqədər, 3-ü isə xüsusitipli uşaq müəssisəsi olmaqla, 20 uşaq müəssisəsində dövri monitorinq keçirilməsi nəzərdə tutulub. Ötən dövr ərzində 5-i məktəb, 2-si məktəbəqədər müəssisə, 1-i xüsusitipli uşaq müəssisəsi olmaqla, 8 uşaq müəssisəsində dövri monitorinq keçirilib.
Monitorinqlər zamanı müəssisələrdə uşaqların davamiyyəti, dərslərin vahid proqram əsasında dərs cədvəllərinə uyğun keçirilməsi, dərslərdən yayınan və təlim-tərbiyəyə ehtiyacı olan uşaqların aşkar olunması, sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları ilə aparılan iş, xüsusi istedada malik uşaqların aşkarlanması məsələləri diqqətdə saxlanılıb. Bununla yanaşı, uşaqların fərdi gigiyena qaydalarına riayət etmələri, onların vaxtlı-vaxtında tibbi müayinələrdən keçirilmələri, elektron lövhə və kompüterlərin istismarı, kitabxana təmizliyi və kitablarla təminat, bufetçinin və pedaqoji heyətin dövri tibbi və laborator müayinələrə cəlb olunması, tibb bacısının və tibb otağının fəaliyyəti, müxtəlif təyinatlı laboratoriyaların, ərzaq məhsullarının sanitar və standartlaşdırma qaydalarına uyğun saxlanılması və bu kimi digər sahələr yoxlanılıb. Monitorinqlərdə müəllim, dayə, tərbiyəçi, eyni zamanda valideyn və ya onları əvəz edən digər qanuni nümayəndələrin uşaqlarla kobud rəftarı halları aşkarlanmayıb, uşaq hüquqlarının pozulması ilə əlaqədar heç bir müraciət və şikayət olmayıb.
Bununla belə, 4 ümumtəhsil, 1 məktəbəqədər təhsil müəssisəsində dərslərə davamiyyət, sanitar-gigiyenik vəziyyət, pedaqoji və yardımçı heyətin dövri tibbi və laborator müayinələrdən keçirilməsi, infrastrukturun saxlanılmasında nöqsan və çatışmazlıqlar üzə çıxarılıb. Həmin nöqsan və çatışmazlıqlar komissiyanın ekspert qrupunun üzvləri tərəfindən aktla rəsmiləşdirilib, surəti Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib və komissiya tərəfindən nəzarətə götürülüb. Aidiyyəti orqan tərəfindən komissiyaya göndərilmiş məlumata əsasən 2 məktəbdə nöqsan və çatışmazlıqlar aradan qaldırılıb, digər 2 məktəb və 1 məktəbəqədər müəssisədə bu istiqamətdə müvafiq işlər aparılmaqdadır.
Muxtar respublikanın müvafiq dövlət orqanları fəaliyyət istiqamətlərinə uyğun olaraq uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb ola biləcək halların aradan qaldırılması və qarşısının alınması istiqamətində işləri bundan sonra da davam etdirəcəklər.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti