24 Dekabr 2024, Çərşənbə axşamı

Bahar fəsillərin ən gözəlidir. Təbiətin nazlı qızı bahar Naxçıvanı yenə də al-əlvan rənglərə bürüyüb, yaşayış məntəqələrimizə ecazkar çalarlar qatıb. Belə yaşayış məntəqələrimizdən biri də Babək rayonunun Güznüt kəndidir. May ayının günəşli günlərinin birində bizim də yolumuz buraya düşdü. Elə ilk təəssüratımız əkin sahələrində insanların çalışmasından, axarlı-baxarlı həyətlərdən, geniş və abad küçələrdən, müasir inzibati binalardan yarandı.

Bu yaşayış məntəqəsi haqqında ilk olaraq onu qeyd edək ki, Naxçıvan dialektində “güznüt” sözü “payız əkini üçün ayrılan yer” mənasını bildirir. AMEA-nın müxbir üzvü, mərhum dilçi-alim Adil Bağırovun “Naxçıvan oykonimləri” kitabında kəndin tarixi haqqında yazılır ki, bu yaşayış yeri 1727-ci ildə “Güznüd məzrəsi” (Əlincə nahiyəsi) adı ilə qeydə alınıb. Babək rayonunun qədim kəndlərindən sayılan Güznütün hazırda 1800-ə yaxın sakini var. Onların əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Bu gün Güznüt kəndi müasir görünüşü ilə buraya yolu düşən hər kəsin diqqətini çəkir. Belə ki, son illərdə muxtar respublikada aparılan genişmiqyaslı abadlıq-­quruculuq işlərindən Güznütün sakinləri də bəhrələniblər. 2014-cü ildə müasir tələblərə cavab verən kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün binalar tikilib, orta məktəb binası əsaslı şəkildə yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Əhalinin gediş-gəlişinin yaxşılaşdırılması məqsədilə kənddaxili yollar genişləndirilib, asfalt örtük salınıb. Kənddəki bütün evlər mavi yanacaqla təmin edilib, fasiləsiz elektrik enerjisinin verilməsi üçün transformatorlar quraşdırılıb, yararsız elektrik dirəkləri yeniləri ilə əvəzlənib.

Güznütün ən yaşlı sakini, təqaüdçü Surxay Mustafayevin dediyinə görə, əvvəllər yaşayış məntəqəsinin əhalisi elektrik enerjisi sarıdan çox əziyyət çəkib:
– Ötən əsrin 90-cı illərinin əvvəllərində saatlarla elektrik enerjisinin verilməsini gözləyərdik. Axşamlar çıraq işığında oturar, yeməyi də közərən işıqda yeyərdik. Bu hal təkcə böyükləri deyil, uşaqları da çox narahat edirdi. Məktəbli övladlarımız dərslərini elə çıraq işığında oxuyardılar. O vaxtlar gün ərzində cəmi 4-5 saat işıq yanardı. İstismarı başa çatmış transformatorlar, yararsız dirəklər ucbatından bəzən günlərlə işıq üzünə həsrət qalardıq. Necə deyərlər, qışda soyuqdan əziyyət çəkirdik, yayda da istidən. O zamanlar kənd sakinlərinin əlləri torpaqdan soyumuşdu. Çünki sabaha inam qalmamışdı.
“Pis günün ömrü az olar”, – deyən Surxay Mustafayev bildirdi ki, artıq həmin çətin günlər arxada qalıb. Ölkəmiz dövlət müstəqilliyi qazandıqdan sonra hər kəs kimi güznütlülərin də sabaha ümidi artdı. Torpaqların kəndliyə qaytarılmasından sonra sakinlərin hər biri öz payına düşən torpaqda əkib-becərir, gün-güzəranını yaxşılaşdırır. Övladlarımız yaxşı təhsil alırlar. İllər ötdükcə sosial rifah halımız daha da yaxşılaşır. Bir zamanlar dolanışıq ucbatından kənddən uzaqlaşanlar indi geri qayıdaraq öz yaşayışlarını qururlar. Bu gün muxtar respublikada yaradılan firavanlıq, əmin-amanlıq, asayiş hər bir kənd sakininin ürəyincədir. Kənd sakinləri adından bütün bu görülən işlərə görə minnətdarlıq edirəm.
Güznütdə kimdən kənd məktəbinin əvvəlki vəziyyətini soraq alsan, uçuq-sökük tikilini, köhnə avadanlıqları, kömür sobalarını, qırıq, sellofanla örtülmüş pəncərələri yada salar. Bir sözlə, bu mənzərələr ozamankı kənd məktəblərinin acınacaqlı vəziyyəti idi. Ancaq 1995-ci ildən sonra qurucu insanların təhsilə doğma və həssas münasibəti, gələcək nəslə qayğısı sayəsində bu mənzərə tamamilə dəyişdi. Bu münasibətdən Güznüt kənd tam orta məktəbi də öz payını aldı. İndi bu təhsil ocağı rayonun qabaqcıl məktəbləri sırasındadır. Bu öncüllüyü əldə etmək imkanını isə təhsil müəssisəsinə dövlətimiz bəxş edib.
Güznüt kənd tam orta məktəbi ilə tanışlıq zamanı öyrəndik ki, təhsil ocağı 1979-cu ildə 8 illik məktəb kimi fəaliyyətə başlayıb. Ötən dövr ərzində məktəb binasında bir neçə dəfə təmir-bərpa işləri həyata keçirilib. 2014-cü ildə isə əsaslı şəkildə yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilib. Təhsil müəssisəsində müasir tədris şəraitinin yaradılması təkcə müəllim və şagirdlərin deyil, valideynlərin də böyük razılığı ilə qarşılanıb. Sakinlər yaxşı bilirlər ki, artıq bütün çətinliklər arxada qalıb, indi onların övladları heç bir əziyyət çəkmirlər, çünki dövlətin hər cür qayğısı ilə əhatə olunublar.
Məktəbin direktoru Nəsirulla Babayev dedi ki, 324 şagird yerlik olan bu təhsil ocağında hazırda 3-ü elektron lövhəli olmaqla, 18 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, kompüter otağı, kitabxana, idman zalı, hərbi kabinə, şahmat sinfi və bufet var. Burada 258 şagirdin təlim-tərbiyəsi ilə 46 müəllim məşğul olur. Məktəb-valideyn münasibətlərinin düzgün qurulması nəticəsində şagirdlər tədris prosesində heç bir çətinliklə üzləşmir, keçilən dərsləri daha yaxşı qavrayırlar. Təhsil ocağının kompüter otağında internetə çıxışı olan 19 kompüter quraşdırılıb. Elektron dərsliklərlə təminat və elektron lövhəli siniflərin istifadəyə verilməsi dərslərin virtual tədrisinə şərait yaradıb. Məktəbdə interaktiv dərslərə qoşulmaq üçün yaradılan imkan nəticəsində muxtar respublikanın digər təhsil ocaqları ilə tədris mübadiləsi aparılır, eləcə də muzeylərlə geniş əlaqələr ­qurulur.
Məktəbin kitabxana fondunda 3036 bədii ədəbiyyat və 2489 dərslik olmaqla, ümumilikdə, 5 min 525 kitab vardır. Şagirdlərin kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşəyə maraq göstərdiklərini gördük. Öyrəndik ki, kitabxanada oxuculara həmin bədii ədəbiyyat nümunələrinin əhəmiyyəti aşılanır, həmin kitabların müzakirələri təşkil olunur. Şahmat otağında şagirdlərin bu idman növünün sirlərinə yiyələnmələri üçün bütün imkanlar vardır. Məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsinə və hərbi bilikləri dərindən mənimsəməsinə də diqqət yetirilir, Gənclərin çağırışaqədərki hazırlığı fənni vasitəsilə şagirdlər hərbin ilkin sirlərini öyrənirlər. Geniş idman zalında müxtəlif idman növləri üzrə dərslərin tədrisi və şagirdlərin fiziki hazırlıqlarının artırılması üçün hər cür şərait mövcuddur.
Təhsil ocağında yeni təlim metodlarından geniş istifadə edilir, fənn kurikulumlarının tətbiqinə böyük önəm verilir, şagirdlər arasında viktorinalar, müsabiqələr və bilik yarışları keçirilir. Bütün bunlar onlarda sərbəst düşünə bilmək, axtarışlar aparmaq, müəyyən qənaətlərə gəlməklə qərarlar qəbul etmək bacarıqları formalaşdırır. Eyni zamanda müəllimlərə də imkan verir ki, məktəblilərin bilik səviyyəsini müəyyən edə bilsinlər. Məktəbdə, həmçinin məktəbə­hazırlıq qrupu da fəaliyyət göstərir ki, burada 5 yaşlı uşaqlar məktəb təliminə hazır­lanır, onlarda ətraf aləmlə bağlı ilkin anlayışlar formalaşdırılır və qarşılıqlı ünsiyyət qurmaq bacarığı aşılanır.
Güznütdə milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz qorunaraq yaşadılır. Müasir üslubda inşa olunan kənd məscidində İslam dininə uyğun ayinləri yerinə yetirmək üçün hər cür şərait vardır. Bundan başqa, kənddə kişi və qadın mərasim zallarının tikilərək istifadəyə verilməsi sakinlərin yas mərasimlərini əziyyət çəkmədən rahat şəkildə keçirmələrinə imkan verir.
Münbit torpaqların və əlverişli su mənbələrinin olması güznütlülərin əkin-biçinlə və heyvandarlıqla məşğulluğuna şərait yaradıb. Bu ilin ötən dövründə kənddə əkilən sahələrin miqyası keçən ilin müvafiq dövrünə nisbətən daha çoxdur. Belə ki, bu ilin yaz əkinləri zamanı sakinlər 7 hektarda arpa, 5 hektarda yonca, 20 hektardan artıq ərazidə noxud, 20 hektarda bostan, 3 hektarda tərəvəz, 3 hektarda qarğıdalı və yarım hektar ərazidə isə sarımsaq əkini aparıblar.
Yaz aylarında daha baxımlı və cəlbedici görünən Güznüt kəndinin seyrinə çıxdıqda yolboyu gözoxşayan taxıl zəmiləri, güllü­-çiçəkli bağçalar bizi valeh etdi. Bahar fəslində bütün kəndlərimizdə olduğu kimi burada da hər kəsin başı əkin işlərinə qarışıb. Biz də elə torpaq adamları ilə əkin sahəsinin kənarında söhbət etdik. 8 hektar ərazidə noxud əkmiş Şükür Əliyev dedi ki, yaz gələn kimi bütün ailə üzvləri ilə birgə icarəyə götürdüyü torpağı əkib-­becərirlər. Dövlətimiz tərəfindən hər il təsərrüfat sahibinə əkilən sahənin həcminə görə subsidiyalar verilir. Yaradılan imkanlardan bəhrələnən fermer deyir ki, Vayxır, Bənəniyar və Güznüt göllərinin imkanları hesabına su sarıdan heç bir problemlə qarşılaşmır. Digər tərəfdən, noxud bitkisi çox su sevmədiyi üçün becərilməsində az zəhmət çəkilir. Bu bitkinin bir üstünlüyü də ondadır ki, o, əkilən torpaqları qüvvətləndirir və bir növ gübrə rolunu oynayır. Təsərrüfat sahibinin dediyinə görə, ötən il noxuddan istədiyi məhsuldarlığı əldə etdiyi üçün bu il daha çox əkin aparıb.
Kənd təsərrüfatının inkişafı istiqamətində muxtar respublikamızda həyata keçirilən dövlət proqramları Güznüt kəndində bu sahə ilə məşğul olan fermerlərə stimul olub. Kənd sakini Vəli Məmmədov uzun müddətdir ki, bu gəlirli sahə ilə məşğul olur, muxtar respublikanın ərzaq təhlükəsizliyinə öz töhfəsini verməyə çalışır. Onun dediklərindən:
– Bu işə başlamazdan öncə, təcrübəli fermerlərdən məsləhət aldım. Onlar dedilər ki, heyvandarlıq böyük zəhmət tələb edən sahədir. Əgər bu sahədə uğur qazanmaq istəyirsənsə, hər çətinliyə qatlaşmalısan. İşdən bərk yapışsan, həm yaxşı gəlir əldə edər, həm də necə deyərlər, təbii məhsullarla qidalanmaqla sağlam olarsan. Atalarımız “Cəfa çəkməyən səfa görməz” deyimini hədər yerə işlətməyiblər. Elə bu düşüncəylə mən də öz təsərrüfatımı yaratdım və şükürlər olsun ki, xeyrini də görürəm. Uzun müddət bu işlə məşğul olduğum üçün artıq işin incəliklərini də yaxşı bilirəm. Hazırda 20 baş iribuynuzlu, 200 baş xırdabuynuzlu heyvan bəsləyirəm. Kənddə baytarlıq xidməti də yüksək səviyyədə qurulub. Heyvanların sağlam bəslənməsi üçün mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirilir. Göstərilən xidmətlər sayəsində mal-qara arasında xəstəliklər minimuma endirilib. Təbii otlaq sahələrinin çox olması, yem sarıdan ürək­açan vəziyyət təsərrüfatımı genişləndirməyə imkan verir. Qış aylarında heyvanların yemlənməsində çətinlik çəkməmək üçün 20 hektara yaxın ərazini icarəyə götürüb taxıl əkirəm. Kəndimizdə əkin-­biçinlə, heyvandarlıqla məşğul olanlar az deyil. İşgüzar şəraitin olması kənd sakinlərini çox sevindirir, hər kəs dövlətimizin bu qayğısını alqışlayır. Kənd adamları adından yaradılan şəraitə görə minnətdaram.
Bəli, Güznüt kəndi baharda qaynar günlərini yaşayır. Zəhmətkeş, əməksevər kənd adamları böyük həvəslə qurub-yaradırlar. Bunlar insanların öz torpağına, yurduna bağlılığının ifadəsi, belə müasirləşən kəndlərimizin sayının gündən-günə artması isə inkişaf və tərəqqinin bariz nümunəsidir.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR