24 Dekabr 2024, Çərşənbə axşamı

Mayın 29-da Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi istiqamətində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib. Müşavirəni Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açıb.
Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə çıxış edərək bildirib ki, sosial-iqtisadi problemlərin həllində, dinamik inkişafın təmin edilməsində torpaq münasibətlərinin tənzimlənməsi mühüm rol oynayır. Mülkiyyət hüquqlarının tənzimlənməsi sahəsində müvafiq dövlət siyasətinin daha da təkmilləşdirilməsi muxtar respublikamızda torpaq və əmlak münasibətlərinin inkişafını yeni mərhələyə yüksəldib. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 2 aprel tarixli “Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, torpaqların elektron uçotunun aparılması yolu ilə torpaq ehtiyatlarından daha səmərəli istifadənin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Bu fərmanla “Naxçıvan Muxtar Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilib.

Diqqətə çatdırılıb ki, 2017-ci ilin mart ayından etibarən Naxçıvan şəhərində və Naxçıvan şəhərinin qəsəbə və kəndlərində planaalma işlərinə başlanılıb, 2018-ci ilin aprel ayınadək Naxçıvan şəhərinin 1-ci, 2-ci, 3-cü və 4-cü sahə inzibati ərazi dairələrində, Qaraçuq, Bulqan, Qaraxanbəyli, Tumbul, Hacıniyyət kəndlərində və Əliabad qəsəbəsində həyətyanı torpaq sahələrinin elektron taxeometr vasitəsilə planaalma işləri başa çatdırılıb. Ümumilikdə, Naxçıvan şəhəri üzrə 12392, Qaraçuq və Bulqan kəndləri üzrə 1387, Tumbul kəndi üzrə 592, Hacıniyyət kəndi üzrə 306, Qaraxanbəyli kəndi üzrə 994, Əliabad qəsəbəsi üzrə 970 daşınmaz əmlak obyekti plana alınıb.
Qeyd olunub ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması nəticəsində muxtar respublikanın torpaq fondunun təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotu təmin olunacaqdır.
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyev, komitənin əməkdaşı Tural Cəfərov torpaqlardan qanunsuz istifadə hallarının aradan qaldırılması və mühafizəsi ilə bağlı danışıblar.
Çıxış edənlər iştirakçıların suallarını cavablandırıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR