Respublika fənn olimpiadalarının qalibi olan Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdlərinə və qaliblərin müəllimlərinə Əlahiddə Ümumqoşun Ordu komandanı tərəfindən mükafatlar təqdim edilib.
Mükafatlandırma mərasiminə hazırlıqla bağlı məruzə edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Heydər Əliyev adına Hərbi Liseydə təşkil olunan tədbirdə liseyin rəisi, general-mayor Elman Orucov və Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov çıxış edərək muxtar respublikamızda təhsilin inkişafı istiqamətində aparılan məqsədyönlü tədbirlərdən hər iki təhsil ocağına xüsusi pay düşdüyünü bildiriblər. Qeyd edilib ki, diqqət və qayğının nəticəsində kursant və şagirdlərimiz fənn olimpiadalarında sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirərək yüksək nəticələr qazanırlar.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək bildirib ki, ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası Azərbaycanda ixtisaslı milli kadrların hazırlanmasının əsasını qoyub, iqtisadi potensial inkişaf etdirilib, sosial-mədəni, elm-təhsil və milli-mənəvi dəyərlər dirçəldilib, bu yolla gələcək müstəqillik üçün etibarlı zəmin yaradılıb. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib, bu sahədə kompleks islahatlar həyata keçirilib. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən də təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi həm təhsil alanlar, həm də təhsil verənlər üçün əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində dövlət proqramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət göstərir.
Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında da təhsil özünün tərəqqi dövrünü yaşayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi diqqət və qayğı, tədris prosesində yeni texnologiyalara geniş yer verilməsi, beynəlxalq təcrübədən yaradıcı şəkildə istifadə olunması təhsil sahəsində uğurların qazanılmasına şərait yaradıb. Bu baxımdan Heydər Əliyev adına Hərbi Liseydə və Naxçıvan Qarnizonu tam orta məktəbində müasir maddi bazanın yaradılması, yeni metod və üsulların təlim-tərbiyə prosesində tətbiq olunması nəticəsində ali məktəblərə qəbul səviyyəsi ildən-ilə yüksəlməkdədir. Məhz bunun nəticəsində respublika fənn olimpiadalarında yüksək nailiyyətlər qazanılıb. Belə ki, bu olimpiadalarda kursant və şagirdlər 1-i qızıl, 1-i gümüş, 4-ü bürünc olmaqla, ümumilikdə, 6 medal qazanıblar. Bu nailiyyətlərin 28 May – Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü ərəfəsində qazanılması bizim sevincimizi daha da artırır.
Çıxışların ardından olimpiada qalibləri olan Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdlərinə və qaliblərin müəllimlərinə fəxri fərman, təşəkkürnamə və pul mükafatları təqdim edilib.
Tədbirin sonunda Heydər Əliyev adına Hərbi Liseyin şəxsi heyətinin təntənəli keçidi olub.
Nəriman NƏCƏFOV