Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Sərəncama uyğun olaraq müxtəlif dövlət orqanlarında çalışan kollektivlər muzey ziyarətlərini davam etdirirlər.
Mayın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri Naxçıvan Duz Muzeyində olublar. Məlumat verilib ki, muzey ekspozisiya zalı və iş otaqlarından ibarətdir. Burada duzdan hazırlanmış müxtəlif fiqurlar, Naxçıvan Duzdağı haqqında nəşr olunmuş kitablar, Naxçıvan şəhəri, Nuh Peyğəmbər və Naxçıvan, Duzdağ mədəniyyəti və duz yataqları haqqında dərc olunmuş qəzet materialları, “Duzdağ” sənədlər toplusu nümayiş etdirilir. Eyni zamanda ekspozisiyada ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir” və ölkə Prezidenti cənab İlham Əliyevin “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb” fikirləri yer alıb.
Qeyd olunub ki, muzeydəki daş alətlər, daş çəkic və çapacaqlar, duz torbaları, saxsıdan və gildən hazırlanmış duz qabları, daş həvəngdəstə və baltalar, duz kristalları, karsit və duz süxurları Naxçıvan Duzdağının qədim tarixini və mədəni potensialını özündə əks etdirir. Vaxtilə Duzdağ mədənində istifadə olunan və hazırda muzeydə nümayiş olunan bu alətlər Naxçıvanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərir.
Qeyd edək ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Heydər Əliyev Muzeyini, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin əməkdaşları Naxçıvan Biznes Mərkəzini, Rabitə və Yeni Texnologiyalar Nazirliyinin kollektivi “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini, Səhiyyə Nazirliyinin kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Təhsil Nazirliyinin kollektivi Ədəbiyyat Muzeyini, Mədəniyyət Nazirliyinin kollektivi Naxçıvan Dövlət Tarix Muzeyini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Bəhruz Kəngərli Muzeyini ziyarət ediblər.
Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Televiziya və Radio Şurasının və “Şərq qapısı” qəzetinin kollektivləri Naxçıvan Dövlət Rəsm Qalereyasında, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin kollektivi Cəlil Məmmədquluzadənin ev-muzeyində, Dövlət Statistika Komitəsinin kollektivi Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində, Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin kollektivi Xatirə Muzeyində, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşları Cəmşid Naxçıvanskinin ev-muzeyində, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları Nəbatat bağında olublar.
Muxtar respublikanın şəhər və rayon icra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində fəaliyyət göstərən muzeyləri ziyarət ediblər.
Səbuhi HƏSƏNOV