24 Dekabr 2024, Çərşənbə axşamı

Bu gün hər birimiz iftixar hissi ilə deyirik: “Bura Naxçıvandır!” Hər daşı-qayası min bir tarix danışan, qoynunda əzəmətli yadigarlara böyük sədaqətlə qucaq açan, nura, yaraşığa, güllük-gülüstana qərq olan doğma şəhərimiz – qürur, iftixar yerimiz! Qədim diyarımızın milli zənginliyindən xəbər verən, hər biri bir memarlıq incisi olan tarixi abidələr, muzeylər, yeni tikilən modern səhiyyə, təhsil mədəniyyət ocaqları şəhərimizin mənzərəsinə gözəllik, müasirlik, yenilik bəxş edir. Ələlxüsus da, küçə və parklarda, prospekt və meydanlarda məxsusi elementlərdən, o cümlədən ağaclar, bəzək kolları və müxtəlif gül-çiçəklərdən yüksək zövqlə istifadə olunması bu qədim şəhəri sehrli bir nağıl dünyasına çevirib.
Şəhərimizdə son illərdə, sözün əsl mənasında, yaşıllıqlar sürətlə genişlənməkdə, bir-birindən gözəl istirahət, əyləncə parklarının və xiyabanların sayı artmaqdadır. Bu gün abad şəhərin yaraşığı olan yaşıllıqlar, kölgəsində sərinlədiyimiz əzəmətli ağaclar, parklarda, xiyabanlarda gözoxşayan təmizlik və abadlıq şəhərin səliqə-sahmanına, gözəlliyinə sığal çəkən əllərin bəhrəsidir. Bu abad diyarda şəhər sakinlərinin hər mövsümdə, xüsusilə də yaz-yay mövsümlərində mənalı istirahəti üçün hər cür şərait yaradılıb.

Hər il baharın gəlişi xalqımızın min illər ərzində formalaşmış adət-ənənələrinə uyğun olaraq ağac əkməklə, səliqə-sahman yaratmaqla qarşılanır. Təbiətin oyandığı ilk günlərdən iməciliklər keçirilir, yeni meyvə bağları salınır, mövsümə uyğun aqrotexniki tədbirlər görülür. Bu ilin yazında da muxtar respublikada ənənəvi olaraq ayrı-ayrı ərazilərdə, yaşayış massivlərində yeni yaşıllıq zonalarının yaradılmasında və həmçinin mövcud yaşıllıqların qorunub saxlanılmasında müəssisə, idarə və təşkilatlar, ictimaiyyət nümayəndələri keçirilən iməciliklərdə fəal iştirak edirlər. Bunu Naxçıvan şəhərinin timsalında da görmək olar.
Hər il olduğu kimi, bu il də mart ayından başlayaraq şəhərin müxtəlif ərazilərində mindən çox ting, həmişəyaşıl ağac və bəzək kolları əkilib. Yurdumuzun hər guşəsində məskən salan, təbiətin ən zərif, kövrək, nazlı qızı olan çiçəklər şəhərimizin gözəlliyinə xüsusi bəzək bəxş edib. Şəhərin hər bir yerində insanların zövqünü oxşayan, baxdıqca baxmaq istədiyimiz güllərin əlvan rəngləri yaşıl otların arasında son dərəcə heyrətamiz mənzərə yaradır. Şəhərin müxtəlif ərazilərində insanı qaməti ilə valeh edən çoxlu sayda gül və çiçək əkilib. Əkilən gül-çiçəklərə vaxtlı-vaxtında aqrotexniki qulluq göstərilir, ərazilərdə mütəmadi olaraq abadlıq və təmizlik işləri aparılır.
Şəhərimizin mərkəzi küçələrində, parklarında, istirahət mərkəzlərində olan gözəllik nümunələri öz təravətilə şəhər sakinlərinin və bura gələn qonaqların könlünü oxşayır. Əkilən ağaclar, rəngarəng çiçəklər, al-əlvan güllər isə insanları ana təbiəti sevməyə, onu qorumağa çağırır. Təsadüfi deyil ki, indi bu şəhərə qədəm qoyan hər kəs buradakı təmizliyə,

yaşıllıqların, gül-çiçəyin yaratdığı füsunkar gözəlliyə biganə qala bilmir.
İnsan qəlbinin dərinliyində baş qaldıran o ülvi hisslər dillərdə səslənir: səni sevməmək üçün zərrə qədər qüsurun yoxdur, güllü-çiçəkli Naxçıvanım!

- Gülcamal TAHİROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR