Naxçıvan Muxtar Respublikasında həyata keçirilən ardıcıl ekoloji tədbirlər bu gün dünya miqyasında nümunə kimi götürülür. Yeni yaşıllıq zolaqlarının və meşələrin salınması, təbiətin mühafizəsi, flora və fauna ehtiyatlarının qorunması, ova qadağanın tətbiqi, aparılan ardıcıl maarifləndirmə işləri nəticəsində insanların təbiətə doğma münasibətinin formalaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə muxtar respublikamızda bu sahədə əldə edilən uğurlu nəticələrin tərkib hissəsi kimi dəyərləndirilir.
Ötən günlərdə “Real” televiziyasının “Ekskluziv” proqramının qonağı olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev muxtar respublikada bu sahədə görülən işləri ölkəmiz üçün model adlandırıb və əldə edilən müsbət təcrübənin ümumi Azərbaycan miqyasında yayılmasının vacibliyini vurğulayıb.
Nazirin müsahibəsinin Naxçıvana aid hissəsi “Ölkə üçün təbii Naxçıvan modeli” başlığı ilə təqdim edilib. Əməkdar jurnalist Mirşahin Ağayevin suallarını cavablandıran Muxtar Babayev deyib: “Müqayisə etsək, görərik ki, Naxçıvan Muxtar Respublikasında ətraf mühitin qorunmasına, yaşıllıqların salınmasına çox böyük diqqət göstərilir. Orada insanlar hər bir ağaca sevgi və məhəbbətlə yanaşır, ona qayğı göstərir. Yaşıllıqların qorunması üçün hərtərəfli tədbirlər görülüb. Ən əsası isə, qeyd etdiyim kimi, uşaqlar da, böyüklər də yaşıllıqların salınmasına çox böyük diqqət yetirir. Onu da qeyd etmək yerinə düşərdi ki, Naxçıvanda münbit torpaq çox azdır. Bu mənada, orada belə bir yaşıllıqların salınması və qorunması çətin bir prosesdir”.
Nazir Azərbaycanda ekoloji vəziyyət, təbii sərvətlərdən istifadə, yaşıllıqların qorunması, bu sahədə cərimələrin tətbiqi, ekoturizmin inkişafı və qarşıdakı dövr ərzində görüləcək işlər barədə danışarkən bir daha Naxçıvan Muxtar Respublikasına bu günlərdə etdiyi səfəri xatırladıb və Naxçıvanda bu sahədə görülən işləri yüksək dəyərləndirib. O deyib: “Naxçıvanda istər qoruqlarda, istər milli parklarda, istərsə də digər ərazilərdə biomüxtəlifliyin qorunması, ekoturizmin inkişaf etdirilməsi yüksək səviyyədə təşkil olunub. Mən Naxçıvana səfərdə real olaraq hiss etdim ki, bizim xalqımız təbiəti sevən, təbiətə qiymət verən bir xalqdır. Naxçıvanda biz bunu gördük, hiss etdik və həm də fəxr etdik ki, bizdə – Azərbaycanın gözəl bir guşəsi olan bu qədim diyarda təbiətə israfçılıq prizmasından baxılması demək olar ki, yoxdur. Ona görə ki, həm böyük təbliğat işləri aparılır, həm də tələbkarlıq var”.
Nazir Muxtar Babayev çıxışının sonunda Naxçıvanda əldə edilən müsbət təcrübənin ümumrespublika miqyasında yayılmasının vacibliyini vurğulayıb. “Azərbaycanın digər bölgələrində təbiətin, ətraf mühitin qorunması, yaşıllıqların salınması, bu sahələrdə tarazlığın qorunması və digər bu kimi məsələlərdə Naxçıvan təcrübəsini tətbiq etməyə çalışacağıq”, – deyə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri bildirib.
“NUHÇIXAN” İnformasiya Agentliyi