Müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il keçir. Cümhuriyyətin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci il 16 may tarixdə Sərəncam imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli başqa bir Sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir.
Bir əsr bundan əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə idi. Çünki əsrlərboyu müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib olmuşdu. Müsəlman Şərqində, türk aləmində ilk dəfə olaraq dünyəvi, parlamentli müstəqil demokratik respublika yaranmışdı. Azərbaycan Xalq Cümhuriyyəti bütün türk və müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan ilk türk dövləti idi.
Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan ərazisində yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonu və XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl nümayəndələri, mütəfəkkir adamları və ziyalıları xalqımızın milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunlar yekun olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.
1918-ci ilin yanvarında Sovet hökuməti Rusiya Müəssislər Məclisini qovduqdan sonra Cənubi Qafqazdan seçilən deputatlar Tiflisdə toplanaraq Zaqafqaziya Seymini, aprel ayında isə Zaqafqaziya Federativ Respublikasını yaratdılar. Lakin fraksiyalar arasında mübarizə Seymin dağılmasına və respublikanın süqutuna gətirib çıxardı. Respublikanın süqutu və Seymdə təmsil olunan xalqların öz müstəqil dövlətlərini yaratması tarixi zərurətə çevrildi. Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirərək Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürdü və özünü Müvəqqəti Milli Şura elan etdi. Milli Şuranın 1918-ci il mayın 28-də keçirilən birinci iclasında Azərbaycanın müstəqil respublika elan edilməsi qərara alındı və 6 bənddən ibarət İstiqlaliyyət Bəyannaməsi qəbul edildi. İstiqlaliyyət Bəyannaməsinin verildiyi elə həmin gündə Milli Şuranın tapşırığı, Fətəli xan Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət Cümhuriyyətin ilk hökumət kabineti təşkil edildi. Azərbaycan Milli hökuməti 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Batum müqaviləsini bağladı. Bu müqavilə əsasında Osmanlı imperatorluğu Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu.
Azərbaycan Milli Şurası və Milli hökuməti 1918-ci il iyun ayının 16-da Tiflisdən Gəncəyə köçdü və sentyabrın 15-dək burada fəaliyyət göstərdi. Bakı şəhəri S.Şaumyan başda olmaqla bolşevik-daşnak qüvvələrin əlində idi. İyun ayının 17-də Milli Şura səlahiyyətlərini yeni qurulan Müvəqqəti hökumətə verdi. İkinci hökumət kabinetinin əsas vəzifəsi hakimiyyəti ölkənin bütün ərazisinə yaymaq və Bakı şəhərini düşmənlərdən azad etməkdən ibarət idi. Fətəli xan Xoyskinin başçılıq etdiyi Milli hökumət bir sıra tədbirlər həyata keçirdi. İyunun 19-da Azərbaycan ərazisində hərbi vəziyyət elan etdi. 1918-ci il 24 iyun tarixli qərarla üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq Cümhuriyyətin Dövlət Bayrağı kimi təsdiq edildi. Noyabr ayının 9-da bayraq mavi, qırmızı və yaşıl zolaqlardan ibarət yeni Dövlət Bayrağı ilə əvəz olundu. İyunun 26-da milli ordu, iyul ayının 15-də isə Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Hökumətin 1918-ci il 11 avqust tarixli fərmanı ilə “Ümumi hərbi səfərbərlik” haqqında qanun qəbul edildi. 19 yaşından 24 yaşınadək müsəlman gənclər ordu sıralarına çağırıldı. Sentyabrın 1-də hərbi nazirlik yaradıldı. Baş nazir Fətəli xan Xoyski, eyni zamanda hərbi nazir oldu. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan könüllü hərbi dəstəsi Bakını düşməndən azad etdi. Sentyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçdü.
1918-ci il noyabrın 16-da fəaliyyətini bərpa edən Milli Şura noyabrın 19-da Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də keçirildi. Hüquqşünas və tanınmış siyasi xadim Əlimərdan bəy Topçubaşov Azərbaycan Parlamentinin sədri seçildi. İlk Azərbaycan Parlamenti öz dövrünün demokratik əsaslarla təşkil edilmiş ali qanunverici orqanı idi. Azərbaycanda yaşayan bütün millət və azsaylı xalqlar bu parlamentdə təmsil edilmişdi. Parlamentdə 11 partiya, fraksiya və qrup təmsil olunmuşdu. Parlamentin 17 aylıq fəaliyyəti dövründə 156-ya yaxın iclası keçirilmiş, 270-dən çox məsələ müzakirə edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti çox çətin və mürəkkəb bir şəraitdə fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycanın ümumi ərazisi 113,9 min kvadratkilometrə çatırdı ki, burada 3,3 milyon nəfərə yaxın əhali yaşayırdı. “Böyük Ermənistan” arzusu ilə yaşayan ermənilərin təcavüz hədəfində Azərbaycanın qədim torpaqları olan Zəngəzur, Qarabağ və Naxçıvan torpaqları idi. Lakin Naxçıvan əhalisi regionun Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı. Milli vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci il noyabrın 18-də Araz-Türk Respublikasını yaratdılar. Bu respublikanın ərazisi Naxçıvan, Şərur-Dərələyəz, Ordubad və Sürməli qəzalarını, Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və başqa bölgələri əhatə edirdi. Sahəsi 8,7 min kvadratkilometr, əhalisi isə 1 milyon nəfərə yaxın idi. Nazirlər Şurasının sədri Əmir bəy Nərimanbəyov, respublikanın paytaxtı Naxçıvan şəhəri idi. Araz-Türk Respublikası Naxçıvanın daşnak hücumlarından qorunmasında mühüm rol oynadı.
Azərbaycan Xalq Cümhuriyyəti Naxçıvanı qorumaq üçün imkan daxilində köməklik göstərir, siyasi dəstək verir, hərbi, iqtisadi və mədəni cəhətdən yardımlar edirdi. Naxçıvan məsələsi bir neçə dəfə Azərbaycan Parlamentində müzakirə edilmiş, erməni təcavüzünün qarşısını almaq üçün əməli tədbirlər görülmüşdü. 1919-cu ilin dövlət büdcəsində Bakı-Culfa dəmir yolunun çəkilməsi üçün vəsait ayrılmış, dəfələrlə pul vəsaiti göndərilmiş, hərbçiləri təlim üçün ayırmış, Qarabağ general-qubernatorluğu tərkibində Naxçıvan məsələləri üçün müvəkkil təyin edilmişdi. Naxçıvanı Ermənistanın müvəqqəti idarəçiliyinə vermək istəyən ingilis və amerikanlarla danışıqlar aparılmış, kəskin etiraz bildirilmişdi. Cümhuriyyət hökuməti Naxçıvanda öz suveren hüquqlarını və hakimiyyətini qəti şəkildə bərqərar etmək üçün 1919-cu il fevralın 28-də Araz-Türk Respublikasının yerində Naxçıvan general-qubernatorluğu yaratdı. Əvvəlcə Bəhram xan Naxçıvanski, sonra isə Haşımbəyov və S.Cəmillinski general-qubernator təyin edildilər. Azərbaycan hökuməti Naxçıvan əhalisinin iradəsini ifadə edərək bildirdi ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və bu ölkə milli hakimiyyət orqanları tərəfindən idarə olunacaqdır. Bununla da erməni daşnaklarının Naxçıvan torpağını zorla Azərbaycandan ayırmaq cəhdləri boşa çıxdı.
Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitlə üzləşsə də, ölkənin sosial-iqtisadi həyatı, milli-mədəni quruculuq sahələri ilə bağlı çoxsaylı işlər həyata keçirmiş, gömrük xidməti yaradılmış, neft sənayesini dirçəltmək üçün milliləşdirmə tədbirləri görülmüş, xarici şirkətlərlə sazişlər bağlanmış, yeni maliyyə siyasəti tətbiq olunmuş, “Bakı bonu” adlandırılan milli pul vahidi dövriyyəyə buraxılmış, sosial siyasətlə bağlı proqram işlənib hazırlanmışdı.
Bu dəyişikliklər mədəni quruculuq sahəsində də uğurla yerinə yetirilmişdi. Təhsil müəssisələri milliləşdirilmiş, Azərbaycan dili məktəblərdə məcburi fənn kimi tətbiq edilmiş, bir sıra yer adları dəyişdirilmiş, Rusiya tarixi əvəzinə Türk xalqlarının tarixi fənni tədris edilməyə başlanmışdı, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi Qazaxa köçürülmüş, Bakı Dövlət Universiteti yaradılmış, ali təhsilli milli kadrların hazırlanmasına başlanılmış, 100 nəfər azərbaycanlı gənc xarici ölkələrdə təhsil almaq üçün göndərilmiş, milli kitabxana açılmış, Azərbaycan Teleqraf Agentliyi, Azərbaycan radiosu, Azərbaycan Dövlət Türk Opera Dram Teatrı yaradılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında dayanan ən vacib vəzifə Azərbaycanın dövlət müstəqilliyinin tanıdılması idi. Bunun üçün Birinci Dünya müharibəsinin nəticələrinin müzakirə edildiyi Paris sülh konfransına nümayəndə heyəti göndərildi. Paris Sülh Konfransı 1919-cu il yanvarın 18-dən 1920-ci il yanvarın 21-nə qədər fasilələrlə davam etdi. Konfransda 27 dövlətin nümayəndələri iştirak etsə də, dünyanın taleyini, əsasən, “böyük dördlük” – ABŞ prezidenti V.Vilson, Britaniyanın baş naziri L.Corc, Fransanın baş naziri J.Klemanso və İtaliyanın baş naziri V.Orlando həll edirdi. Sülh nümayəndə heyətinə sədr Əlimərdan bəy Topçubaşov, üzvlər isə Məmmədhəsən Hacınski, Əhməd bəy Ağayev, Məmməd Məhərrəmov, Əkbər ağa Şeyxülislamov, Miryaqub Mirmehdiyev və Ceyhun bəy Hacıbəyov daxil idi. Əhməd bəy Ağayev gedə bilmədiyindən onu Abbas bəy Atamalıbəyov əvəz etmişdi. Nümayəndə heyəti çox gec – may ayının əvvəlində Parisə gəlib çıxa bilmişdi. Əsas məqsəd Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınmasına nail olmaqdan ibarət idi. Qafqaz üçün Rusiya təhlükəsinin getdikcə artdığı bir şəraitdə İngiltərənin xarici işlər naziri lord Kerzonun təklifi ilə 1920-ci il yanvar ayının 11-də sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyi de-fakto tanındı. Bu münasibətlə yanvar ayının 14-ü Azərbaycanda qeyri-iş günü elan olundu, həmin gün Bakıda bayram şənlikləri və hərbi parad keçirildi.
Erməni daşnaklarının vasitəçiliyi, Sovet Rusiyasının hərbi müdafiəsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Azərbaycan Parlamenti aprel ayının 27-də rus ordusunun təzyiqləri altında hakimiyyətin Azərbaycan müsəlman kommunistlərinə təhvil verilməsi haqqında qərar qəbul etdi.
Azərbaycan dövləti Qərb ölkələri tərəfindən rəsmi şəkildə tanınan ilk türk və müsəlman respublikası idi. Azərbaycan xalqının milli azadlıq hərəkatının qanunauyğun nəticəsi kimi yaranmış, xalqımızın demokratik ənənələrinin qanuni varisi kimi formalaşmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçiliyimizin tarixi nailiyyəti idi. O, Azərbaycan xalqının əzəli arzusu olan müstəqilliyin gələcəkdə gerçəkləşməsi üçün zəngin ənənələr və möhkəm mənəvi zəmin yaratdı.
Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin və xalqımızın tarixində və taleyində oynadığı tarixi roldan bəhs edən ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi”.
Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etdi, həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar qazandı. Görkəmli dövlət xadiminin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər ölkəmizin müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratdı.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti ideyasının həyata keçiriləcəyinə öz varlığı kimi inanır və həmin vaxtın yaxınlaşmasını aydın görərək bu istiqamətdə müdrikliklə, böyük ustalıqla iş aparırdı. Ulu öndərin Naxçıvanda yaşadığı illər, Naxçıvan Muxtar Respublikası parlamentində bu görkəmli dövlət xadiminin sədrliyi və təşəbbüsü ilə qəbul olunan qərarlarla müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas zalında qaldırıldı. 1992-ci il mayın 28-də isə Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində Sədərək-Dilucu körpüsü istifadəyə verildi. Bu tarix elə bir dövrə təsadüf edir ki, Naxçıvan tamamilə təklənmişdi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın əsas ərazisi ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsilmiş, iqtisadi böhran dərinləşmişdi. Belə bir şəraitdə Türkiyə ilə münasibətlərin bərpası istiqamətində Naxçıvanda görülən işlər, atılan addımlar Azərbaycan-Türkiyə münasibətlərinin gələcəyinə – bu gününə hesablanmışdı.
Ümummilli lider Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi də ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.
1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ümumxalq iradəsi ilə təsdiqlədi. Lakin bu dövrdə öz müstəqilliyini bəyan edən Azərbaycan dövlətinin möhkəmləndirilməsinin qarşısının alınması üçün bəzi xarici qüvvələr və daxildə olan imperiyapərəst ünsürlər böyük maneələr və problemlər yaratmağa başladılar. Ermənistanın əsassız torpaq iddiası ilə bağlı Azərbaycana hərbi təcavüzü, separatçı qüvvələrin baş qaldırması, daxildə müxtəlif təxribatlar törədilməsi ölkədə mürəkkəb vəziyyət yaratdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.
1993-cü ildə 1920-ci ildəki tarixin təkrar olunmaması, müstəqilliyin itirilməməsi üçün xalqımız ümummilli lider Heydər Əliyevi Azərbaycanın siyasi hakimiyyətinə dəvət etdi. Məhz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs, strateji xətt Azərbaycanı xilas etdi, onu müasir, müstəqil və güclü dövlətə çevirdi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin ikinci dövründə Xalq Cümhuriyyətinin əsl tarixinin, cümhuriyyət xadimlərinin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi, şərəfli tarixinin yazılması, bu tarixin bütün yönləri ilə müasir nəsillərə çatdırılması, cümhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi kimi məsələlər həyata keçirilmişdir.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmış, onun memarı, qurucusu və xilaskarı olmuşdur. Azərbaycan Respublikası müstəqilliyini qorumuş və möhkəmləndirmiş, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görülmüş, Azərbaycanın müstəqilliyini əbədi və dönməz etmişdir. Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyəti ilə müstəqil Azərbaycan Respublikası arasında varislik əlaqəsini təmin etmişdir. Bu gün Heydər Əliyev siyasi kursu ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl surətdə həyata keçirilir. Azərbaycan tarixinin şanlı səhifəsi olan Xalq Cümhuriyyətinin fəaliyyəti müntəzəm öyrənilir, bu ideyaların inkişaf etdirilməsi və həyata keçirilməsi üçün ciddi işlər görülür. Ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkədir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”.
İsmayıl Hacıyev
AMEA Naxçıvan Bölməsinin sədri, akademik