Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının iştirakı ilə keçirilən konfransdan öncə bu münasibətlə təşkil edilmiş sərgiyə baxış olub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra görkəmli dövlət xadiminin qətiyyəti sayəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub. Rektor tarixi gün münasibətilə konfrans iştirakçılarını təbrik edib.
“Cümhuriyyətə işıq saçan qadınlar” mövzusunda məruzə edən Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Sevinc Abbasova qeyd edib ki, cümhuriyyət dövrünün ziyalı qadınları, əsasən, mədəni-maarif, sosial, ictimai sahədə fəaliyyət göstəriblər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımların dövrün kişilərindən geri qalmadığını önə çəkən məruzəçi buna cümhuriyyət hakimiyyətinin qadın hüquqları istiqamətində apardığı düzgün siyasət nəticəsində nail olunduğunu vurğulayıb.
Tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.
* * *
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən konfransı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli açaraq bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir sıra məsələlər həll edilib, siyasi və sosial sahədə bir çox islahatlar həyata keçirilib. Cəmi 23 ay fəaliyyət göstərsə də, milli dövlətçiliyimizin inkişafı üçün çox mühüm qərarlar qəbul edilib, təhsil, səhiyyə, mədəniyyət, ordu quruculuğu sahələrində böyük addımlar atılıb. Ötən əsrin sonlarında Azərbaycan öz müstəqilliyini yenidən qazandıqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu müstəqillik qorunub saxlanıldı, milli dövlətçiliyimizin varislik ənənələri üzərində inkişafı təmin edildi.
Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Elçin Zamanov “Azərbaycan Xalq Cümhuriyyətinin quruluşu, daxili və xarici siyasəti” mövzusunda çıxış edib. Diqqətə çatdırılıb ki, Xalq Cümhuriyyəti Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir. Şərqdə ilk demokratik cümhuriyyət olan bu dövlət tamamilə demokratik prinsiplər əsasında fəaliyyət göstərib. Vurğulanıb ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkə daxilində bir çox mühüm işlər həyata keçirməklə yanaşı, beynəlxalq aləmdə tanınmaq, ölkənin siyasi maraqlarını beynəlxalq səviyyədə müdafiə etmək üçün ciddi addımlar atıb.
Qeyd olunub ki, Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan çox gərgin bir vəziyyətdə olsa da, naxçıvanlıların mübarizliyi nəticəsində bu ərazi Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılıb.
Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova “Bədii dildə Azərbaycan bayrağının tərənnümü” mövzusunda çıxış edib.
* * *
“Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə müstəsna rola malikdir” mövzusunda Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov məruzə edib.
Bildirib ki, dövlət başçısının 2017-ci il 16 may tarixli Sərəncamına əsasən bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə geniş şəkildə qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada da bir sıra tədbirlər keçirilir.
“23 ay yaşamasına baxmayaraq, cümhuriyyət zəngin dövlətçilik tariximizdə silinməz izlər qoyub”, – deyən təşkilat sədri vurğulayıb ki, 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir sıra məsələlər həll edilib, siyasi və sosial sahədə bir çox islahatlar həyata keçirilib.
Qeyd olunub ki, Xalq Cümhuriyyəti dövründə Naxçıvan çox gərgin bir vəziyyətdə olsa da, naxçıvanlıların mübarizliyi nəticəsində bu ərazi Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılıb.
Məruzəçi diqqətə çatdırıb ki, Azərbaycanın müstəqil dövlət idealları 70 il sonra – ötən əsrin 90-cı illərində Naxçıvanda şölələnib. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında yaşayan, Ali Məclisin Sədri vəzifəsində işləyən ulu öndər Heydər Əli-yevin təşəbbüsü ilə Xalq Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi dövlət bayrağı kimi qəbul edilib, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılıb. Görkəmli dövlət xadiminin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə dövlətçiliyimizin qorunması istiqamətində mühüm tədbirlər reallaşdırılıb, müstəqilliyimiz əbədi və dönməz olub.
Sonda təşkilatın sədr müavini, şura üzvü Nihal Məmmədov, Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Turan Məmmədli və şura üzvü Ovni Muradovun çıxışları dinlənilib.
* * *
Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı Təhsil Şöbəsi ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirib. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimovun məruzəsi dinlənilib.
Qeyd olunub ki, Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlətdir. 1991-ci ilin oktyabrında xalqımız yenidən öz müstəqilliyinə qovuşsa da, hakimiyyətə gələn təsadüfi insanların səriştəsizliyi nəticəsində bugünkü müstəqil dövlətimiz Xalq Cümhuriyyətinin taleyini yaşayacaqdı. Ancaq azadlıqsevər xalqımız ümidini ümummilli liderimiz Heydər Əliyevə bağlayaraq onun ölkə rəhbərliyinə qayıdışını təkidlə tələb etdi. Dahi şəxsiyyətin yenidən hakimiyyətə gəlməsi ilə müstəqilliyimiz əbədi və dönməz xarakter aldı.
Artıq müasir, müstəqil Azərbaycan 27 ildir ki, yaşayır, inkişaf edir, dünya ölkələri arasında özünəməxsus yer tutur. Bu gün respublikamızın nüfuzu və şöhrəti durmadan artır, mövcud sabitlik, həyata keçirilən daxili islahatlar xarici ölkələrlə əlaqələrimizin genişlənməsinə müsbət təsir göstərir. Bütün bunlar ulu öndərin siyasi kursunun Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Vurğulanıb ki, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da müstəqilliyimizin ötən 27 ili ərzində blokadada olmasına baxmayaraq, yüksək inkişaf yolu keçib. Ümummilli liderimizlə başlayan bu yol Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə uğurla davam etdirilir, qədim diyarımız sosial-iqtisadi baxımdan sürətlə inkişaf edir.
Qeyd olunub ki, bu gün Culfa rayonunun mərkəzi Culfa şəhərində və bütün kənd yaşayış məntəqələrində də geniş miqyasda aparılan quruculuq, abadlıq və yaşıllaşdırma tədbirləri sürətlə davam etdirilməkdədir. Son illər ərzində tikilib istifadəyə verilən, yenidən qurulan onlarla sosial obyekt şəhər və kəndlərimizin simasını tamamilə dəyişib, gözəlləşdirib.
Rayon Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlanan təhsil quruculuğundan, bu gün bu sahədə qazanılan uğurlardan danışıb.
Tədbirdə məktəblilər müstəqilliyimizə həsr olunmuş şeir və mahnılar ifa edib, tarixi film nümayiş olunub.
* * *
Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbiri giriş sözü ilə açan kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikası bu gün dünya birliyində müstəqil dövlət kimi böyük nüfuz qazanıb. Respublikamızda demokratik ənənələr, söz, fikir və mətbuat azadlığı ən yüksək səviyyədə qorunur.
Tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi” mövzusunda məruzə edib. O, Xalq Cümhuriyyətinin xalqımızın qədim dövlətçilik ənənələrinin yaşadılmasındakı rolundan danışıb, həmin dövrdə dövlət təsisatlarının yaradılmasının əhəmiyyətini qeyd edib.
Bildirilib ki, 100 il əvvəl, may ayının 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində mühüm bir hadisə olub. Cümhuriyyətin yaradılması və elan edilməsi, həmin dövrdə ölkəmizdə cərəyan edən hadisələr, milli dövlətimizin hələ yüz il bundan öncə, hətta bir çox Qərb ölkələrindən əvvəl demokratik dəyərləri bəyan etdiyini, irqindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, hər bir vətəndaşına bərabər hüquqlar, qadınlara səsvermə və təhsil almaq hüququ verdiyini vurğulayıb. Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin varisi olaraq onun bütün demokratik ənənələrinə sadiq qaldığını və bu ənənələri bu gün də yaşatdığını bildirib.
Sonra kollecin müəllimləri – Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Sürəyya Ələkbərovanın “Xalq Cümhuriyyəti parlamentinin yaradılması milli demokratik dövlət quruculuğunun şərəfli səhifəsidir”, Gülər Bayramovanın “Ulu öndər Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti”, Aytən İmanovanın “Azərbaycan Xalq Cümhuriyyətinin diplomatlarının Naxçıvanla bağlı fəaliyyətləri” mövzularında məruzələri dinlənilib.
Tədbirin sonunda 28 May – Respublika Günü ilə bağlı videoçarx nümayiş etdirilib.
Xəbərlər şöbəsi