24 Dekabr 2024, Çərşənbə axşamı

Cümhuriyyətimiz – qürur mənbəyimiz

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ölkəmizdə 28 may 1918-ci ildə bütün türk-müsəlman dünyasının ilk müstəqil demokratik respublikası yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin çoxəsrlik ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi idi. Azərbaycan xalqının müstəqillik əzmini nümayiş etdirən Azərbaycan Xalq Cümhuriyyəti öz varlığı ilə XX əsr dünya siyasi arenasına səs saldı. Ümummilli liderimiz Heydər Əliyev cümhuriyyət tarixini “İstiqlaliyyətimizin sübhü” adlandırırdı. Artıq bizləri o sübhdən 100 illik bir zaman fasiləsi ayırır. Ötən 100 ildə o istiqlalın canımıza, qanımıza hopan şirinliyi bizi mübarizəyə səsləyib, xalqımıza yenidən müstəqillik bəxş edib.
“Bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəin­ki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu böyük tarixi hadisəni qeyd etmək üçün “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncam imzalayıb. Həmçinin 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na əsasən bu yubiley diyarımızda da silsilə tədbirlərlə qeyd olunur.

 İstiqlal Bəyannaməsi bir millətin çoxəsrlik müstəqillik mübarizəsinin təsdiqi idi

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən tarixi iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Bu tarixi sənəd türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun – parlamentli respublikanın yaradılmasından xəbər verirdi. Həmçinin bu Bəyannamə tək bir müstəqil respublikanın yaradılması haqqında sənəd deyil, həmçinin tarixi yüzilliklərə söykənən, bu yüzilliklər ərzində dünyada dövlət qurucu­luğu tarixinə 40-dan çox dövlət verən bir xalqın mübarizliyinin, azadlıq duyğularının, qədim mədəniyyətinin, humanistliyinin, multikulturallığının təcəssümü idi. Bu Bəyannaməni qəbul edən dövlət özündən əvvəlkilərdən zaman, məkan, şərait, milli və müstəqillik, həm də demokratik baxımdan fərqlənən Azərbaycan Xalq Cümhuriyyəti idi. Bu dövlət mahiyyət etibarilə milli, demokratik bir dövlət olmaqla Şərq aləmində ilk avropatipli, sivil qanunlarla idarə olunan bir dövlət idi. Siyasi quruluşu dövrün tələblərinə cavab verdiyindən təqib və təzyiqlərə baxmayaraq, o, tezliklə aparıcı dünya dövlətləri tərəfindən tanınmışdı.

Müstəqilliyimizin məhvinə uzanan əllər olmasaydı...

Tarixdə həmişə mübariz və qəhrəman xalqlar yaşayırlar. Həmin xalqlar isə tarix yaradır və onun səhifələrinə şərəf salnaməsi yazırlar. Belə qəhrəman xalqlardan biri də Azərbaycan xalqıdır. Azərbaycan Xalq Cümhuriyyəti bu xalqın yaratdığı tarix, onun 23 aylıq gərgin, çətin bir şəraitin­də fəaliyyəti isə həmin tarixin şərəf səhifələridir. O dövrün çətinlikləri – kənardan uzanan əllər, müdaxilələr, təxribatlar, təzyiqlər olmasaydı, bu il təkcə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının deyil, 1918-ci ildə qazandığımız müstəqilliyimizin də 100 illiyini qeyd edə bilərdik.
Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı yaranan çətinlikləri təhlil edən ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycanın ətrafında və daxilində gedən proseslər bu respublikanın, hökumətin öz normal fəaliyyətini davam etdirməsinə imkan verməmişdir. Rusiyadakı bolşevik hökuməti keçmiş çar Rusiyasının bütün ərazisində bolşevik üsul-idarəsini qurmağa cəhd göstərərək, Azərbaycanda istilaçılıq hərəkətlərinə başlamışdı. Respublikanın daxilində o cəhdləri dəstəkləyən qüvvələr azərbaycanlı olmamışlar. Eyni zamanda, Cümhuriyyətin hökumətində və onun yaratdığı parlamentdə də daxili ziddiyyətlər, çəkişmələr onun süqut etməsinə gətirib çıxarmışdır”.
Tarixçi alimlər qeyd edirlər ki, XX əsrin əvvəllərində, dəqiq desək, cümhuriyyətin qurulmasından başlayaraq onun süqutunadək erməni silahlı birləşmələri Qarabağda, Naxçıvanda, Zəngəzurda dayanmadan Azərbaycan kəndlərini təhdid edirdilər. Qarabağda hər an üsyanlar qaldırırdılar. Yeri gəlmişkən qeyd edək ki, 1919-cu ilin fevral ayında Qarabağ General-Qubernatorluğu da yaradılmışdı və Xosrov Paşa bəy Sultanov Qarabağ general-qubernatoru təyin olunmuşdu. O, Qarabağda ermənilərin avantürist planlarının qarşısının alınmasında çox mühüm işlər görürdü. Lakin erməni və rus təxribatçılarının nəyin bahasına olursa-olsun, cümhuriyyətin məhv edilməsi haqqındakı planları qarşısında bu müstəqillik davam edə bilmədi və cəmi 23 ay yaşayan türk-müsəlman dünyasının ilk demokratik respublikası düşmən qüvvələrin təsiri ilə 1920-ci ilin 27 aprelində iflasa uğradı. Xalq yenidən 70 il müstəmləkə rejimində yaşamaq məcburiyyətində qaldı. 70 ili də beləcə ötən XX əsr, ümumilikdə, tariximizin ən keşməkeşli səhifələrini təşkil edən bir yüzillik kimi tarixə yazıldı.
1991-ci ildə isə yenidən müstəqillik qazanmış respublikamızda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dalğalanmağa başladı.

İkinci dəfə əldə etdiyimiz müstəqillik ümummilli lider Heydər Əliyevin sayəsində əbədilik qazandı

Dahi siyasətçi Heydər Əliyevin 1993-cü ildən hakimiyyətə qayıdışı ilə müstəqil dövlətimizin təməli möhkəmləndirildi, müstəqilliyimiz əbədilik qazandı. Ulu öndərin rəhbərliyi ilə hələ 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilib, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Ümummilli liderimiz tərəfindən milli dövlət strukturlarının yaradılması gündəmə gətirildi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə muxtar respublikanın Dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycan Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi haqqında vəsatət qaldır­dı. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq bayrağın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Azərbaycanın yeni Dövlət gerbinin hazırlanması və təsdiqi məsələsinə də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində baxıldı. Üçrəngli milli bayrağın bərpası və qəbulu ilə yanaşı, Dövlət gerbi və Dövlət himninin qəbul edilməsi üçün müsabiqə elan olunması qərara alındı. Bu məsələləri kompleks halda həll etmək üçün Azərbaycan Respublikasının Ali Sovetinə müraciət olundu.
Dahi şəxsiyyətin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması və digər tarixi qərarlar da müstəqillik yolunda irəliləyən Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutur.
Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!” fikri indi dünya dövlətləri sırasında günbəgün mövqeyini gücləndirən müstəqil Azərbaycanın simasında bir daha öz təsdiqini tapır.
Bu gün də müstəqil Azərbaycanımız etibarlı əllərdədir. Azərbaycan xalqı çox çətinliklə əldə etdiyi bu qiymətli sərvətin daimiliyi üçün, lazım gələrsə, canından belə keçməyə hazırdır.

Həqiqətən də, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən dəfələrlə çətin imiş

Azərbaycan tarixini, xüsusilə də bu tarixin hər birimizə yaxın olan mücadilə və mübarizələrlə dolu XX əsr səhifələrini vərəqləyərkən gözlərimiz qarşısında müstəqillik yolunda axıdılan qanlar, itirdik­lərimiz canlandıqca düşünürsən ki, müstəqil olmaq heç də asan deyilmiş. Müstəqilliyi əldə etdikdən sonra yaranan vəziyyətlə tanış olduqda, ona uzanan əlləri, gözü­götürməyənlərin təxribatlarını görəndə isə belə bir qənaətə gəlirsən ki, həqiqətən də, müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətin imiş.
Hər birimizə məlumdur, 1991-ci ildə əldə etdiyimiz müstəqillikdən sonra ölkəmiz yenə də gərgin ziddiyyətlərlə üz-üzə dayanmışdı. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin məhvi üçün hazırlanmış plan və ssenarilərlə 1991-ci ildəki müstəqilliyin iflası üçün hazırlanmış planlar tamamilə eynilik təşkil edirdi. Belə bir dövrdə müstəqilliyimizi yenidən itirmək təhlükəsi qarşısında qalmışdıq. Zaman sübut etdi ki, ümummilli liderimiz Heydər Əliyev o zaman Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi eynilə cümhuriyyətimizin taleyinə bənzəyəcəkdi. Məhz ulu öndərin uzaqgörənliyi, əzmkarlığı, məsləhətkeşliyi, ideyaları ilə müstəqilliyimiz qorundu, yaşadı, əbədiləşdi.
Artıq 27 ildir ki, müstəqilik. Ötən bu dövrdə ölkəmizdə 100 ilə bərabər işlər ­görülüb. Hələ görüləcək də. Gün o gün olacaq ki, inkişafında hər zaman ulu öndərin ideyalarına istinad edilən respublikamızın dayanıqlı müstəqilliyin verdiyi imkanlar nəticəsində gözügötürməyənlər tərəfindən işğal olunan torpaqlarımız geri alınacaq. Müstəqilliyimizin yaşı artdıqca ölkəmizin inkişafı daha da sürətlənəcək. Və gün o gün olacaq ki, müstəqilliyimizin 50, 100 illik yubileylərini qeyd edəcəyik.

 Mətanət MƏMMƏDOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR