24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan sürətli inkişaf yolundadır

Minilliklərə söykənən tarixə və dövlətçilik ənənələrinə, zəngin mədəni dəyərlərə malik olan Azərbaycan keşməkeşli və şərəfli inkişaf yolu keçib. Bu yolda Azərbaycanın dövlətçilik tarixinə layiqli töhfələr vermiş hər bir yurdumuz kimi, Naxçıvanın da öz yeri var. Bu qədim Azərbaycan diyarı ölkəmizin sosial-iqtisadi, siyasi və mədəni həyatında hər zaman əhəmiyyətli rol oynayıb.

14-cü səfər

Ötən əsrin 90-cı illərinin əvvəllərində ağır günlərini yaşayan, blokada şəraitində olan Naxçıvan məhz Heydər Əliyevin sayəsində bütün təhlükələrdən xilas oldu, düşmən qarşısında mətanətlə dayandı. Vaxtilə ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlişi həm də Azərbaycanın müstəqil dövlətçiliyinin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Çünki ilk dəfə olaraq məhz ulu öndərin qətiyyəti və prinsipiallığı sayəsində müstəqil respublikamızın üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının rəsmi dövlət bayrağı kimi qəbul edilməsi, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilməsi, Yeni Azərbaycan Partiyasının yaradılması bu qədim diyarın müstəqilliyimizə və dövlətçiliyimizə layiqli töhfəsidir.

Ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il ərzində isə Naxçıvan davamlı inkişaf və əmin-amanlıq yolu ilə inamla addımladı. Muxtar respublikanın inkişafının 2003-cü ildən sonrakı dövrü isə ulu öndər Heydər Əliyevin quruculuq xəttinin yaradıcı gücünün əyani ifadəsidir. Bu dövrdə Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Azərbaycanın bütün bölgələri kimi, Naxçıvan Muxtar Respublikası da dinamik inkişaf yolu keçib. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası paytaxt Naxçıvan şəhəri ilə yanaşı, rayonların və ucqar dağ kənd­lərinin də inkişafına səbəb olub. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, son 10 ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı 10 dəfə artıb.
Bu günlərdə Prezident İlham Əliyevin Naxçıvana səfəri respublikamızın bu bölgəsinin yüksəlişinin dinamik, davamlı və nümunəvi olmasından xəbər verdi. Qeyd edək ki, bu, Prezident İlham Əliyevin dövlət başçısı kimi Naxçıvana sayca 14-cü səfəri idi. İlk səfər isə 14 il əvvəl, 2004-cü ilin may ayında olmuşdu. Bu müddətdə Prezidentin hər səfəri Naxçıvanın yüksəlişindən xəbər verməklə yanaşı, həm də həmin bölgənin inkişafında yeni mərhələnin əsasını qoyub.

Aparılan işlər yüksək qiymətə layiqdir

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində öz qədimliyini və tarixiliyini qorumaqla bu gün də sürətlə inkişaf edən Naxçıvan Muxtar Respublikasında əsaslı dəyişikliklər baş verib, sənaye məhsulunun həcmi 34,4, əsas kapitala yönəldilmiş investisiyalar 15,9, o cümlədən tikinti-quraşdırma işləri 15,2 dəfə artıb. Yaradılan yüzlərlə istehsal müəssisəsində 72 mindən çox yeni iş yeri açılıb.
Naxçıvan şəhərinin özündə və rayon mərkəzlərində, demək olar ki, bütün kəndlərdə genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, müasir avadanlıqla təchiz edilmiş idman kompleksləri, təhsil və səhiyyə müəssisələri, mədəniyyət və turizm obyektləri inşa edilib. Xüsusən muxtar respublikanın bütün kəndlərində yeni məktəblər, xəstəxanalar, idman qurğuları və inzibati binalar inşa olunub. Hər yerdə istirahət bağları və parklar salınıb. Naxçıvanda irimiqyaslı digər infrastruktur layihələri də yerinə yetirilib. Belə ki, Naxçıvan Muxtar Respublikasında artıq on ildən çoxdur ki, qazlaşdırma 100 faiz təmin edilib. Son illərdə 8 elektrik stansiyası tikilib. Hazırda tikilməkdə olan 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyası işə düşəndən sonra muxtar respublika öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcək.
Naxçıvanın yol infrastrukturu da son illər həm inkişaf edib, həm də genişlənib. Naxçıvandan Sədərək, Şahbuz və Culfa istiqamətlərinə gedən, eləcə də Naxçıvan şəhərinin özündə, rayon mərkəzləri və kənd­lərdə yollar müasir səviyyədə təmir olunaraq yenidən qurulub. Bu gün də bölgədə avtomobil yollarının tikintisi və yenidən qurulması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilməkdədir. Hazırda respublikanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı mühüm layihələr uğurla icra olunur.
Son səfəri zamanı Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının açılışında ictimaiyyətin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev muxtar respublikada görülən işlərin çox yüksək qiymətə layiq olduğunu bildirib: “Bu yaxınlarda ulu öndərin 95 illiyinə həsr edilmiş təntənəli mərasimdə çıxış edərkən o cümlədən onun Naxçıvan dövrü haqqında söz açmışdım. Bildirmişdim ki, Heydər Əliyev siyasəti bu gün də Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır. Biz bu siyasətin gözəl nəticələrini ölkəmizin hər bir yerində görürük, o cümlədən Naxçıvan Muxtar Respublikasında. Bir daha demək istəyirəm ki, burada aparılan işlər çox yüksək qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə, böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın, Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin”.
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Şərur şəhər və ətraf kənd­lərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin, Naxçıvan Müəllimlər İnstitutunun yeni binasının, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 480 şagird yerlik 6 nömrəli tam orta məktəbin binasının açılışlarında iştirak edib. Bütün bunlar bir daha Naxçıvanda infrastruktur layihələrin sürətlə həyata keçirilməsindən xəbər verir.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu böyük qüvvəyə malikdir

Səfər zamanı dövlət başçısı Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsində Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində və Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsində yaradılan şəraitlə də tanış oldu. Ümumiyyətlə, Naxçıvanda diqqəti çəkən məsələlərdən biri də Əlahiddə Ümumqoşun Ordunun son illərdə maddi-texniki bazasının əhəmiyyətli dərəcədə yüksəldilməsidir.
Qeyd edək ki, Naxçıvanın etibarlı müdafiəsinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvanda müdafiə və hərbi quruculuq sahəsində həyata keçirilmiş tədbirlər bölgənin düşmən əlinə keçməsinin qarşısını aldı, sabit­liyin və əmin-amanlığın möhkəm əsası yarandı. 1993-cü ildən sonra ulu öndər Heydər Əliyevin başladığı yeni ordu quruculuğu muxtar respublikanın müdafiəsini daha da gücləndirdi. Bu gün isə dahi şəxsiyyətin Naxçıvana diqqət və qayğısı Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirilir. Bu diqqət və qayğı digər sahələrin inkişafı ilə yanaşı, Naxçıvandakı hərbi birləşmələrin döyüş qabiliyyətinin daha da artırılmasında özünü göstərir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər: “Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın, demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliy­yatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.
Azərbaycanın digər regionlarında olduğu kimi, Naxçıvanda da həyatın bütün sahələrindəki irəliləyişlər davamlıdır. Prezident İlham Əliyevin Naxçıvana bu günlərdə etdiyi səfər bunu bir daha təsdiq etdi. Dövlət başçısının açılışında iştirak etdiyi infrastruktur obyektləri göstərdi ki, qədim Azərbaycan yurdu olan Naxçıvan Muxtar Respublikası blokada vəziyyətində olmasına baxmayaraq, sürətli inkişaf və yüksəliş yolundadır.

Rəşad CƏFƏRLİ
“Azərbaycan” qəzeti
22 may 2018-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR