24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasında son 15 ildə ÜDM istehsalı 10 dəfə artıb 

Məlum olduğu kimi, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin ­rəhbərliyi ilə sürətlə inkişaf etməyə başladı. Bu inkişaf bölgələrin simasını dəyişdi, potensialını hərəkətə gətirdi. Ölkəmizin digər regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da nəhəng sosial-iqtisadi layihələr həyata keçirildi. Bunun nəticəsidir ki, hazır­da muxtar respublikada istər sənaye, istərsə də kənd təsərrüfatı məhsullarının istehsalı artır, əhalinin sosial müdafiəsi güclənir.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin Naxçıvana göstərdiyi misilsiz qayğını davam etdirir. Dövlət başçısının Naxçıvan Muxtar Respublikasına cari ayın 16-dakı səfəri də bu qayğının təzahürüdür. Prezident səfər zamanı “Şərur şəhər və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılış mərasimində iştirak etdi. Bildirildi ki, tikintisinə 2012-ci ildə başlanmış layihəyə əsasən Şərur şəhəri, Mahmudkənd kəndi və Zeyvə kəndinin bir hissəsində su şəbəkəsi, Şərur şəhərində kanalizasiya şəbəkəsi qurulub. Layihə çərçivəsində rayon əhalisinin su təminatını yaxşılaşdırmaq məqsədilə Arpaçay subölücü­sündə gölün dibindən 6 metr dərinlikdə qalereya tikilib. Qalereyanın su sərfi saniyədə 1150 litrdir. Çaydan çəkilən kəmər vasitəsilə gələn su dezinfeksiya edilərək su anbarlarına yığılır və öz axını ilə fasiləsiz ötürülür. Ümumiyyətlə, layihənin bölgə üçün böyük əhəmiyyəti var. Belə ki, birinci mərhələdə işlər başa çatdıqdan sonra adları çəkilən ərazilərdə 13,5 min nəfər 24 saat ərzində Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin edilir.

Açılış mərasimində Prezident İlham Əliyev demişdir: “Naxçıvan Muxtar Respublikasında sosial sahənin inkişafı üçün çox böyük işlər görülübdür, xəstəxanalar, məktəblər tikilibdir, içməli su və digər infrastruktur layihələri icra edilir. Əlbəttə ki, bu məsələlər insanların rahat yaşaması üçün əsas şərtdir. İçməli su insan sağlamlığı üçün əsas məsələdir və biz bu məsələni ölkə üzrə hər yerdə həll edirik”.
Naxçıvanlıların ali təhsil alması üçün muxtar respublikada bir sıra təhsil ocaqları var. Onlardan biri Naxçıvan Müəllimlər İnstitutudur. Dövlət başçısı səfər zamanı institutun yeni binasının istifadəyə verilmə mərasimində də iştirak etdi. Bildirildi ki, 2003-cü il avqustun 26-da fəaliyyətə başlayan bu təhsil ocağı muxtar respublikanın həyatında mühüm rol oynayır. Ötən dövr ərzində institut ixtisaslı müəllim kadrları, lazımi tədris şəraiti, maddi-texniki baza ilə təmin olunub, yeni ixtisaslar açılıb.
Bu ali məktəbdə, ümumilikdə, 23 auditoriya, 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana və oxu zalı, elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları var. Təsviri incəsənət, coğrafiya, musiqi, hərbi, tibbi, Azərbaycan dili, ali riyaziyyat və informatika otaqları tələbələrin biliklərinin artırılması üçün bütün zəruri avadanlıqla təchiz edilib. Təhsil ocağı, həmçinin psixologiya laboratoriyası, idman zalı, 132 və 20 yerlik iclas zalına malikdir.
İlham Əliyev prezident kimi Naxçıvana 14 dəfə səfər edib. Bu səfərlər zamanı muxtar respublikada 135-dən çox sosial-iqtisadi obyektlərin açılışında iştirak edib. Dövlət başçısının qayğısı sayəsində Naxçıvanda qazlaşdırma tam həyata keçirilib. 1990-cı illərin əvvəllərində qaranlığa qərq olan Naxçıvan bu gün elektrik enerjisi ixrac edir. Muxtar respublikada son 15 ildə ümumi daxili məhsul istehsalı 10 dəfəyədək artıb.
Naxçıvan Muxtar Respublikası Türkiyə, İran və Ermənistanla həmsərhəddir. Sərhədlərimizin etibarlı mühafizəsini həyata keçirmək üçün Naxçıvanda da çox işlər görülüb. Səfər zamanı Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsindəki sərhəd dəstəsində yaradılan şəraitlə tanış oldu. Dövlət başçısına məlumat verildi ki, sərhəd dəstəsinin qərargah və yataqxana binası üç mərtəbədən ibarətdir. Burada rabitə, xidmət, silah, yataq otaqları, mətbəx, əsgər və zabit yeməkxanası yaradılıb. Binanın birinci mərtəbəsində hərbçilər üçün 16 yerlik yataqxana, 48 yerlik əsgər və 4 yerlik zabit yataqxanaları yerləşir. Eyni zamanda burada kinoloji xidmət üçün 7 yerlik və atların saxlanması üçün 12 yerlik tövlə binası tikilib. Bir sözlə, sərhədlərimizin etibarlı qorunması üçün sərhəd xidmətçilərinə hər cür şərait yaradılıb.
Bu da təbiidir. Ermənilər həmişə Naxçıvana da ərazi iddiaları irəli sürüb. Dağlıq Qarabağ münaqişəsi başlayanda Naxçıvanda da şiddətli döyüşlər gedirdi. Blokada şəraitində olan Naxçıvan bütün çətinliklərə baxmayaraq, cəsarətlə mübarizə aparıb. Bunun nəticəsidir ki, düşmən Naxçıvanı işğal etmək niyyətini həyata keçirə bilməyib. Sözsüz ki, bu sahədə ulu öndər Heydər Əliyevin tarixi xidmətləri var.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusu yaradılıb. Bu ordu müasir döyüş silahları ilə təchiz edilib. Məsələn, çəkisi cəmi 28 kiloqram olan “ORBİTER-3B” pilotsuz uçuş aparatı 5500 metr maksimal hündürlükdə canlı yayımda gecə və gündüz şəraitində düşmən ərazisində havadan kəşfiyyat aparmaq, aşkar edilmiş hədəflərin koordinatlarını müəyyən etmək gücündədir. Sürəti saat­da 93 kilometr olan aparatın maksimal uçuş məsafəsi 120 kilometr, uçuş müddəti 7 saatdır. Düşmən tərəfi belə hərbi vasitələrə malik deyil. Buna görə də biz bu texniki üstünlüyümüzdən istifadə edərək daim düşmənin hərəkətlərini nəzarətdə saxlayırıq, təxribata əl atdıqda dərhal lazımi tədbirlər görürük. Bir sözlə, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu müasir aviasiyaya, raket artilleriyaya, tank və zirehli texnikaya və digər atıcı silahlara malikdir. Bu üstünlük Naxçıvana özünü qorumaq və lazım gəldikdə düşmənə sarsıdıcı zərbə endirmək imkanı verir.

Rüstəm KAMAL
“Azərbaycan” qəzeti,
19 may 2018-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR