Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı tərəfindən təşkil olunan tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev “Müasir, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda çıxış edib. Çıxışda tariximizin parlaq səhifələrindən birini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, süquta uğraması səbəblərindən, müstəqilliyimizin bərpası və qorunub saxlanılması istiqamətində yaxın keçmişimizdə görülən işlərdən bəhs edilib.
Qeyd olunub ki, Azərbaycanda müstəqil dövlət quruculuğu prosesinin kökləri qədim, müstəqilliyə gedən yol isə çox çətin və keşməkeşli olub. Təcrübə göstərir ki, bu istəyə çatmaq üçün, ilk növbədə, xalqın məqsəd birliyi, daha sonra isə münbit ictimai-siyasi şərait mövcud olmalı idi. Nəhayət, ötən əsrin əvvəllərində belə bir imkan yarandı və 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsi qəbul olundu. 24 səslə qəbul edilən qərar və 6 bənddən ibarət İstiqlal Bəyannaməsi müstəqil Azərbaycan dövlətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı qəbul olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edildi, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirildi, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. İstiqlal Bəyannaməsində demokratik dövlətə məxsus atributların dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. Bəyannamənin qəbulu ilə Azərbaycan siyasi-hüquqi və mənəvi-psixoloji statusa qədəm qoydu.
“Tarixi təcrübələr göstərir ki, müstəqilliyi qoruyub saxlamaq, inkişaf etdirmək onu əldə etmək qədər çətindir”, – deyən təşkilat sədri qeyd edib ki, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti xarici və daxili siyasət amilləri ilə izah olunan mürəkkəb bir şəraitdə fəaliyyət göstərib. Gənc dövlət həm region ölkələri, həm də Azərbaycanın daxili siyasi, etnik qüvvələri tərəfindən birmənalı qarşılanmayıb. Beynəlxalq aləmdə baş verən dəyişikliklər nəticəsində müsəlman Şərqindəki ilk demokratik dövlət süquta uğrayıb.
Çıxışda ötən əsrin sonlarında müstəqilliyin yenidən bərpa olunması istiqamətində respublikamızda aparılan azadlıq uğrunda mücadilə zamanı baş vermiş faciəli hadisələr, rastlaşdığımız maneələr və ciddi təhlükələr də xatırladılıb. Ümummilli lider Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi, sarsılmaz və əbədi olması istiqamətində gördüyü misilsiz xidmətlərdən ətraflı bəhs edilib. Bugünkü nailiyyətlərin əsas səbəbinin ulu öndərin yoluna dərin sədaqət olduğu nəzərə çatdırılıb, dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin xalqımızın tərəqqisi naminə gördüyü işlərin əhəmiyyəti, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikamızın sosial-iqtisadi inkişafındakı xidmətləri vurğulanıb.
Tədbirdə Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı İdarə Heyətinin üzvü Vaqif Cabbarov, partiya fəalları Musa Şirəliyev və Həcər Əsgərova çıxış ediblər.
* * *
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının keçirdiyi tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov çıxış edərək bildirib ki, 1918-ci il 28 mayda yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti çox çətin bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu dövrdə Azərbaycan dövlətçiliyi üçün vacib olan bir sıra məsələlər həll edilib, siyasi və sosial sahədə islahatlar həyata keçirilib.
Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyəti nəinki ölkə daxilində bir çox mühüm işlər həyata keçirib, hətta beynəlxalq aləmdə tanınmaq, ölkənin siyasi maraqlarını beynəlxalq səviyyədə müdafiə etmək üçün ciddi addımlar atıb. Məhz bunun nəticəsi idi ki, Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox dövlət tərəfindən de-fakto tanınıb və bu ölkələrin Bakıda konsulluq və nümayəndəlikləri açılıb.
Vurğulanıb ki, Xalq Cümhuriyyəti dövründə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan çox gərgin bir vəziyyətdə olsa da, naxçıvanlıların mübarizliyi nəticəsində bu ərazi ölkəmizin ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılıb.
Diqqətə çatdırılıb ki, bu gün Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının müstəqilliyinin əbədiliyinin təmin edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki çox çətin bir dövrdə O, Azərbaycanı bəlalardan, parçalanmaqdan xilas etdi. Əgər ulu öndərimizin zəngin və müdrik dövlətçilik təcrübəsi olmasaydı, bu gün müstəqil Azərbaycan yaşaya, dünya birliyi dövlətləri sırasında öz layiqli yerini tuta bilməzdi.
Bu gün ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, partiyanın fəal üzvləri Kəmalə Əliyeva, Nəsimi Rzayev, Fatma Abbasova və Polad Rzazadə çıxış edərək bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olmasına baxmayaraq, tariximizin xüsusi səhifəsini təşkil edir. Belə ki, müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan cümhuriyyət çox mühüm dövlətçilik tədbirləri həyata keçirib.
Tədbirin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilən film nümayiş olunub.
Xəbərlər şöbəsi