İctimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olan, qarşıya qoyulan strateji hədəfləri uğurla reallaşdıran, Naxçıvan Muxtar Respublikasının tarixinə mayın 16-sı daha bir əlamətdar hadisə kimi yazıldı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya səfərə gəldi. Ölkə rəhbərinin ötən 15 il ərzində muxtar respublikaya 14 dəfə səfərə gəlməsi və 135-dən çox müxtəlif təyinatlı mühüm əhəmiyyətə malik obyektin açılışında iştirak etməsi Naxçıvanın sürətli sosial-iqtisadi yüksəlişinin bariz nümunəsidir. Azərbaycan Prezidenti qədim diyarımızda müxtəlif sahələr üzrə həyata keçirilən kompleks quruculuq tədbirlərini növbəti səfərində də yüksək qiymətləndirdi. Muxtar respublikanın tanınmış ictimaiyyət nümayəndələri dövlət başçısının Naxçıvana səfərinin xoş təəssüratlarını bizimlə bölüşdülər.
İsmayıl Hacıyev – AMEA Naxçıvan Bölməsinin sədri, akademik: – Ölkə başçısının Naxçıvana hər səfəri muxtar respublikamızın daha da inkişafına əsaslı təsir edir, görülmüş işlər təqdir olunur, yüksək qiymətləndirilir, görüləcək işlərə stimul verilir, əlavə vəsaitlər yönəldilir.
Müstəqilliyin ölkəmiz üçün yaratdığı imkanlardan məqsədyönlü şəkildə istifadə olunması, düşünülmüş daxili və xarici siyasət Azərbaycanın dünyada rolunu və nüfuzunu artırıb. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs və bu kursu qətiyyətlə həyata keçirən Prezident cənab İlham Əliyev Azərbaycan Respublikasını Cənubi Qafqazın lider dövlətinə çevirib. Ölkə başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı iki dövlət proqramı uğurla və ən yüksək səviyyədə yerinə yetirilib, üçüncü proqramın icrası isə artıq yekunlaşmaq üzrədir.
Respublikamızın dinamik və hərtərəfli inkişafında Naxçıvan Muxtar Respublikasının öz yeri və rolu vardır. Ötən illər ərzində qədim diyarımızda çox böyük nailiyyətlər əldə olunub. Dövlət başçısı cənab İlham Əliyev hər səfərində burada görülən işlərin yüksək məhəbbət və zövqlə yerinə yetirildiyini qeyd edib. Həmin səfərləri zamanı ölkə rəhbərinin çıxışlarından sitatlara nəzər salaq: “Blokada şəraitində yaşayan Naxçıvan böyük addımlarla irəliləyir. Çox sevinirəm ki, bu qədim diyar belə sürətlə inkişaf edir”, “Sadəcə olaraq mən öz təəssüratlarımı, öz sevincimi ifadə etmək istəyirəm ki, bu gün Naxçıvan, sözün əsl mənasında, inamla və uğurla inkişaf edir”, “Burada hər bir sahədə gözəl inkişaf vardır. Naxçıvan şəhəri gözəlləşir, yaşıllaşır, abadlaşır. Hər tərəf göz oxşayır, hər tərəfdə böyük zövqlə binalar tikilir. Bütün bu işlər onu göstərir ki, bu işləri görən insanlar doğma xalqına, doğma diyarına qəlbən bağlıdırlar”, “Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”, “Naxçıvan çiçəklənən bir diyardır”. Bütün bunlar muxtar respublikada görülən işlərə Prezident cənab İlham Əliyev tərəfindən ayrı-ayrı vaxtlarda verilən yüksək qiymətdir.
Dövlətimizin başçısı hər dəfə olduğu kimi, 2018-ci il səfərində də müxtəlif obyektlərin açılışında iştirak etdi, quruculuq işlərini həyata keçirənlərin əməyini yüksək qiymətləndirdi, razı qaldığını bildirdi. Naxçıvan Müəllimlər İnstitutunun yeni binası ilə tanışlıqdan sonra Prezident cənab İlham Əliyev şəhər ictimaiyyətinin nümayəndələri və ali təhsil ocağının kollektivi ilə görüşündəki çıxışında ölkəmizin müstəqilliyinin əldə edilməsi və qorunub saxlanılmasında Naxçıvanın rolu, muxtar respublikada aparılan abadlıq-quruculuq işləri, qədim diyarın sürətli inkişafı, qazlaşdırılması və enerji ilə təminatı məsələləri, içməli su və avtomobil yolları layihələrinin uğurla yerinə yetirilməsi, sosial məsələlərin həlli, iqtisadiyyatın real sektorunun inkişafına göstərilən böyük diqqət, Naxçıvanın blokadadan çıxarılması istiqamətində atılan addımlar, bu yurdun təhlükəsizliyi və başqa bu kimi digər mühüm məsələlərdən danışaraq qürurverici faktlarla görülən işlərin əhəmiyyətini qeyd etdi.
Ölkə başçısı Naxçıvan Muxtar Respublikasına səfərindən sonra muxtar respublika ərazisində sosial-iqtisadi inkişafın sürətləndirilməsi, meliorativ tədbirlərin həyata keçirilməsi, Ordubad Su Elektrik Stansiyasının və Culfa-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlərin davam etdirilməsi üçün, ümumilikdə, dörd sərəncam imzaladı, nəzərdə tutulan işlərin yerinə yetirilməsi məqsədilə vəsait ayrıldı.
Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri bir daha onu göstərdi ki, bu gün qədim diyarımızda geniş quruculuq və abadlıq tədbirləri uğurla davam etdirilir, çoxsaylı infrastruktur layihələri reallaşdırılır, müxtəlif istehsal müəssisələri, sosial obyektlər, ali təhsil və elmi müəssisələr işə salınır, yeni iş yerləri açılır. Bütün bunlar isə muxtar respublikanın simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, onların sosial problemlərinin həllinə, elmin, təhsilin, mədəniyyətin inkişafına özünün müsbət təsirini göstərir.
Elman Cəfərli – Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent: – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə muxtar respublikamıza 14-cü səfəri də əvvəlki səfərləri kimi siyasi, sosial-iqtisadi, hərbi baxımdan, həm də ictimai əhəmiyyət baxımından xeyli önəmli idi və bu mənada, səfər zəngin təəssüratlarla yadda qaldı. Belə ki, cənab Prezidentimizin 2018-ci il aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərindən cəmi 1 ay sonra onun Naxçıvana gəlməsi bu dəfə də ölkə gündəminin əsas siyasi hadisəsinə çevrildi. Cənab İlham Əliyevin Naxçıvan, onun işgüzar sakinləri haqqında söylədiyi yüksək fikirlər qəlbimizi fəxarət hissləri ilə doldurdu.
Səfər zamanı müxtəlif təyinatlı obyektlərin açılışlarının olması muxtar respublikanın təhsil, tibbi və hərbi baxımdan maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində əldə edilən ən son nailiyyətlərin göstəricisi idi. Elə buradaca qeyd edim ki, hörmətli Prezidentimizin səfərdən qayıtdıqdan dərhal sonra imzaladığı dörd mühüm sərəncam nəqliyyat, enerji və su təsərrüfatı infrastrukturunun daha da möhkəmləndirilməsində böyük əhəmiyyətə malik olacaq, muxtar respublikamızın inkişafına yeni töhfələr bəxş edəcəkdir.
Ən əsası isə cənab İlham Əliyevin səfəri muxtar respublika əhalisinin yaddaşında daha bir əlamətdar ictimai-siyasi hadisə kimi iz qoydu. Dövlət başçısının hər səfərinin gətirdiyi yüksək ovqat, onun bütün zəhmətkeş naxçıvanlıların əməyinə verdiyi yüksək qiymətdən doğan böyük sevinc hissi uzun müddət bizi tərk etməyəcək və yeni-yeni nailiyyətlərin qazanılması üçün stimul olacaqdır.
Sədaqət Həsənova – Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, professor: – Hər bir xalqın təhsili onun gələcək taleyini müəyyənləşdirən göstəricilərdən biridir. Bu gün Azərbaycan təhsili hərtərəfli şəkildə irəli gedir və mühüm inkişaf mərhələsini yaşayır. Mayın 16-da Azərbaycan Respublikası Prezidenti Naxçıvana səfəri zamanı yenidən qurulmuş Naxçıvan Müəllimlər İnstitutu binasının açılışında söylədiyi dərin nitqində də bu barədə ətraflı danışdı.
Dövlət başçısının təhsil quruculuğuna da xüsusi diqqət və qayğı göstərməsi təhsil işçilərində, tələbələrdə ruh yüksəkliyi yaradır, onlara daha uğurlu nəticələrə nail olmaq hissi aşılayır.
Qədimliyi və müasirliyi ilə seçilən Naxçıvan şəhərinə yaraşıq gətirən yeni binanın istifadəyə verilməsi isə tədris prosesinin ən müasir səviyyədə təşkilinə şərait yaradıb.
Ölkə rəhbərinin Naxçıvan Müəllimlər İnstitutunun binasının açılışında iştirakı professor-müəllim və tələbə heyətini ürəkdən sevindirdi, onlarda gələcək fəaliyyət üçün böyük həvəs və inam yaratdı. Bütün kollektiv Prezidentimizin etimadını doğrultmaq üçün var-qüvvəsi ilə çalışmaq əzmindədir. Bizə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığımızı bildiririk.
Yeganə Məmmədova – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi: – Bu gün hər birimiz qürur duyuruq ki, Azərbaycan, həmçinin onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Prezidentimiz cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 15 ildə tarixi nailiyyətlər qazanıb.
Muxtar respublikanın sosial-iqtisadi tərəqqisi, hər il yeni sənaye və istehsal müəssisələrinin işə salınması, tikilən, yaxud yenidən qurulan sosial-mədəni obyektlər, bu məqsədlə əsas kapitala yönəldilən investisiyaların artımı buna bariz nümunədir. Hərtərəfli inkişafın əsasında isə Prezident cənab İlham Əliyevin dövlət başçısı kimi muxtar respublikaya mütəmadi diqqət və qayğısı, ümummilli lider Heydər Əliyev ideyalarının doğma Naxçıvanımızda siyasi uzaqgörənlik və qətiyyətlə davam etdirilməsi dayanır.
Muxtar respublikamızın ümumi inkişafı Şərur rayonunun timsalında da aydın görünür. Ötən illər ərzində rayonda geniş abadlıq-quruculuq işləri aparılıb, bir sıra əhəmiyyətli obyektlər tikilərək istifadəyə verilib. Mayın 16-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışı bölgədə aparılan quruculuq işlərinin növbəti təzahürüdür. Bununla da Şərur şəhərində, Mahmudkənddə və Zeyvə kəndinin bir hissəsində 13 min 500 sakin Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq təmin edilir. Onu da qeyd edim ki, bu layihə ulu öndərin təşəbbüsü ilə rayonumuzda ötən əsrin yetmişinci illərində icra olunan Arpaçay Su Anbarının tikintisindən sonra ikinci ən böyük layihədir.
Mən də bu bölgənin sakini kimi muxtar respublikamızda görülən işlər, həyata keçirilən quruculuq, abadlıq tədbirləri ilə qürur hissi keçirir və şərəf duyuram ki, bu gün doğma Naxçıvanımız böyük sürətlə inkişaf edir. Bu inkişaf ulu öndərimiz Heydər Əliyev ideyalarına sadiqliyin bəhrələridir.
Aidə Allahverdiyeva – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi: – May ayı naxçıvanlılar üçün daha bir əlamətdar hadisə ilə yadda qaldı: ayın 16-da ölkə başçısı cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəldi, burada bir sıra obyektlərin açılışında iştirak etdi. Ölkə başçısının Naxçıvan haqqında, Naxçıvanın son 15 ildə əldə etdiyi yüksək inkişaf səviyyəsi, sosial və iqtisadi cəhətdən qazanılan uğurlar, yüksək quruculuq-abadlıq işləri haqqında söylədiyi fikirlər həm bir naxçıvanlı, həm də bir ziyalı kimi məni çox qürurlandırır.
Bu gün muxtar respublikamızda təhsilə yüksək dövlət qayğısı göstərilir. Məhz bunun nəticəsində, ölkə başçısı Naxçıvana hər səfərində burada bir sıra təhsil müəssisələrinin də açılışında iştirak edir. Mayın 16-da isə Naxçıvan şəhərinin Qaraxanbəyli kənd 6 nömrəli tam orta məktəbinin, Naxçıvan Müəllimlər İnstitutunun açılışında iştirak etdi. Onu da deyim ki, hər iki təhsil ocağı ən müasir infrastrukturla, maddi-texniki baza ilə təchiz olunub. Bütün bunlar biz təhsil işçilərini sevindirir və məsuliyyətimizi daha da artırır. Yeni uğurlara ruhlandırır.
Ölkə başçısı ictimaiyyət nümayəndələri ilə görüşündə Naxçıvanda görülən işləri yüksək qiymətləndirdi. Bu, hər bir naxçıvanlı üçün qürurverici haldır. Buna isə ulu öndər Heydər Əliyev siyasi xəttinin muxtar respublikamızda uğurla davam etdirilməsi nəticəsində nail olunub.
Dilsuz Əliyev – ehtiyatda olan polkovnik-leytenant: – Ordu quruculuğu, onun döyüş və peşəkarlıq səviyyəsinin artırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Naxçıvanın müdafiə qabiliyyəti daha da artıb, bir mərkəzdən idarəetmə təkmilləşdirilib və nəticədə, daha effektiv müdafiə sistemi qurulub. Həyata keçirilən tədbirlər sayəsində muxtar respublikada birləşmə və hissələrin döyüş qabiliyyəti və peşəkarlığı artırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı xeyli yüksəldilib. Məhz bunun nəticəsində Əlahiddə Ümumqoşun Ordu 2017-ci ildə hazırlıq planına əsasən görülən işlərin nəticələrinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə olunmuş nailiyyətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələri üzrə birinci yerə layiq görülüb. Bunu da xatırladaq ki, ötən il oktyabrın 18-də muxtar respublikada ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad da ordumuzun Naxçıvanda yerləşən hissələrinin gücünü bütün dünyaya nümayiş etdirdi.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev mayın 16-da qədim diyarımıza səfəri zamanı bir daha vurğuladı ki, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Buna görə də hərbi potensialın gücləndirilməsi məqsədilə Əlahiddə Ümumqoşun Ordu ən müasir silahlar, Naxçıvanın coğrafi yerləşməsinə, relyefinə uyğun şəkildə bütün müasir texnikalarla təchiz edilib. Bu mənada, təsadüfi deyil ki, həmin gün muxtar respublikaya səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsinə gələn ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyev silahlanmaya yeni qəbul edilən hərbi texnikalarla tanış olub.
Dövlət başçısı Naxçıvanda hərbi infrastruktur quruculuğuna, onun müasir tələblər səviyyəsində yaradılmasına xüsusi diqqət yetirir. Mayın 16-da Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsinin yeni hərbi xəstəxanasının açılışında iştirakı, Əmiraslan Əliyev adına Sərhəd Dəstəsində, Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olması bunu bir daha təsdiq edir.
Rauf KƏNGƏRLİ