24 Dekabr 2024, Çərşənbə axşamı

Regionların tarazlı və dinamik inkişafı Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasətin başlıca istiqamətlərindən biridir. Elə buna görə də ötən 15 il ərzində mühüm dövlət proqramlarının icrası nəticəsində sosial-iqtisadi sahələrdə ciddi dönüşə nail olunub, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi sayəsində insanların həyat şəraiti və rifahı yüksəlib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin müddətdə regional inkişaf proqramları çərçivəsində Azərbaycanda yaradılan 1,9 milyon yeni iş yerinin 72 faizi re­gionların payına düşüb. Bu dövr ərzində 52,6 min kilometr qaz xətti çəkilib və ya əsaslı təmir olunub, 1700-dən artıq yaşayış məntəqəsi təbii qazla təmin edilib, ümumilikdə isə regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 90 faizə çatıb. 2826 məktəbdə və 300-dən çox məktəbəqədər təhsil, habelə 451 səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Bunlarla bərabər, 38 Olimpiya-İdman Kompleksi inşa olunub, 11 min kilometrdən çox respublika və yerli əhəmiyyətli yolda təmir-tikinti işləri aparılıb, 366 körpü və tunel tikilib, yaxud təmir edilib. Mehmanxana və mehmanxanatipli müəssisələrin sayı 96-dan 550-yə çatıb ki, bunun da 400-ü regionlarda yerləşir.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına vergi güzəştlərinin tətbiqi, aqrar sahənin inkişafı üçün ayrılan güzəştli kreditlər, dövlət büdcəsinin vəsaiti hesabına kəndlilərə verilən subsidiyalar, aqrolizinq xidmətlərinin əlyetərliliyi, genişmiqyaslı meliorasiya tədbirləri, nəhəng su anbarlarının inşası, regionlarda yol-nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi üçün yönəldilən irihəcmli investisiyalar bu sahənin inkişafını şərtləndirən əsas amillər olub.
Dövlətimizin başçısı hökumətin həyata keçirməli olduğu tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Prezident İlham Əliyevin mayın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində sosial-iqtisadi önəm daşıyan bir sıra obyektlərin açılış mərasimlərində iştirakı, həmçinin ictimaiyyət nümayəndələri ilə görüşü də bunun bariz ifadəsidir. Bu, eyni zamanda son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı reallaşdırılan tədbirlərin əhatəliliyindən xəbər verir.
Dövlətimizin başçısı səfər çərçivəsində “Şərur şəhər və ətraf kənd­lərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışında iştirak edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ölkə rəhbərinə layihə ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, layihə üzrə tikinti işlərinin icrasına 2012-ci ildən başlanılıb. Layihəyə əsasən Şərur şəhərinə, Mahmudkəndə və Zeyvə kəndinin bir hissəsinə su, Şərur şəhərinə isə kanalizasiya şəbəkələri çəkilib. Layihənin birinci mərhələsi ötən ilin dekabrında başa çatıb. Layihəyə əsasən Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə eni 1,3 metr, hündürlüyü 2 metr, uzunluğu 134 metr olan qalereya tikilib.
Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Buradan gələn su dezinfeksiya olunaraq su anbarlarına yığılır və öz axını ilə əhaliyə fasiləsiz ötürülür. Bununla da Şərur şəhərində, Mahmudkənddə və Zeyvə kəndinin bir hissəsində 13 min 500 nəfər Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə davamlı olaraq təmin edilir.
Şərur şəhərində borularla 19 kilometrdən çox daxili kanalizasiya şəbəkəsi çəkilib və 1500 ədəd ev kanalizasiya xəttinə qoşulub. Kanalizasiya sularının kənarlaşdırılması üçün 7,3 kilometr uzunluğunda əsas xəttin inşası həyata keçirilib.
Dövlətimizin başçısı “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılış mərasimindən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərək bildirib ki, yaxın gələcəkdə Naxçıvanın bütün şəhərlərinin içməli su-kanalizasiya layihələri tam başa çatacaq. Bu, ölkəmizin gücünü, qüdrətini, sosial siyasətini göstərir: “Həmişə demişəm, bu gün də demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Onun problemlərinin, qayğılarının, bütün sosial məsələlərin həlli üçün bizdə çox güclü iradə, imkanlar var və görülən işlər bizim siyasətimizi əks etdirir”.
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Müəllimlər İnstitutunun yeni binasının açılışında da iştirak edib. Mərasimdə dövlətimizin başçısına bu ali təhsil müəssisəsində yaradılan yüksək şərait barədə ətraflı məlumat verilib. Bu isə bir daha sübut edir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində atılan addımların nəticəsində muxtar respublikada da böyük işlər görülüb. Bütün bunlar isə Azərbaycanda insan kapitalının inkişafı istiqamətində dövlətimizin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.
Prezident İlham Əliyev Müəllimlər İnstitutu ilə tanışlıqdan sonra bu ali təhsil ocağının kollektivi və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərək deyib: “Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm.
Naxçıvan şəhəri, bütün şəhərlər abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Yol boyunca vaxtilə əkilmiş ağaclar indi böyüyüb, çox gözəl mənzərə yaradır. Binalar təmir olunur, yeni gözəl binalar tikilir. Bir sözlə, Naxçıvanın uğurlu inkişafı hər bir Azərbaycan vətəndaşının istəyinə bağlı olan məsələdir. Çünki Naxçıvan bizim tarixi diyarımızdır, qədim Azərbaycan torpağıdır, tarixi yerdir. Burada yerləşən tarixi abidələr Azərbaycan xalqının istedadını göstərir. Onu göstərir ki, Azərbaycan xalqı əsrlər boyu bu diyarda yaşayıb-yaratmışdır”.
Dövlətimizin başçısı nitqində Naxçıvanın strateji ərazidə yerləşdiyini, bu qədim diyarın ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, muxtar respublikanın tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz sovet dövründə də daim Naxçıvana böyük diqqət göstərib və o vaxt muxtar respublikanın inkişafı üçün çox böyük işlər görüb. 1990-cı illərin əvvəllərində – Naxçıvan üçün ən ağır illərdə ulu öndər naxçıvanlılarla birlikdə burada çox ağır şəraitdə bu torpağı böyük bəlalardan qurtara ­bilib: “Biz hamımız o illəri yaxşı xatırlayırıq, bilirik ki, bizim mənfur düşmənlərimizin niyyəti, eyni zamanda, Naxçıvanı da işğal etməkdən ibarət idi. Naxçıvana qarşı onlar silahlı hücumlar təşkil edirdilər. Ancaq naxçıvanlılar ulu ­öndərin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verib onları yerinə oturtmuşlar”.
Azərbaycan Prezidenti çıxışında o dövrdə dahi şəxsiyyətin rəhbərliyi ilə muxtar respublikanın çətin sınaqlardan şərəflə çıxdığını, ölkəmizin müstəqillik əldə etməsində isə Naxçıvanın çox böyük rol oynadığını vurğulayıb: “Məhz o illərdə ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin bayrağını Naxçıvanda rəsmi bayraq kimi təsdiq etdi və Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmışdı ki, bu bayraq dövlət bayrağı kimi qəbul edilsin. Ancaq o vaxt Azərbaycan rəhbərliyi buna imkan vermədi.
O vaxt Naxçıvan “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası” adlanırdı və ulu öndərin təklifi ilə bu addan sovet, sosialist sözləri çıxarıldı. Bu, sovet dövründə baş vermişdir. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Bütün bu işlər böyük cəsarət tələb edirdi. Bütün bu işlər onu göstərirdi ki, ulu öndər həmişə müstəqillik arzuları ilə yaşayırdı. Azərbaycanın dövlət müstəqilliyinin təmin edilməsində ulu öndərin və naxçıvanlıların çox böyük rolu vardır”.
Dövlətimizin başçısı nitqində ümummilli liderimizin Azərbaycan ­Prezidenti kimi həmişə Naxçıvana diqqət, qayğı göstərdiyini, muxtar respublikaya tez-tez səfər etdiyini xatırladaraq bildirib ki, Heydər Əliyev siyasəti bu gün də Azərbaycanda yaşayır, davam edir, əbədi yaşamalıdır və yaşayacaqdır.
Azərbaycan Prezidenti çıxışında daha sonra deyib: “Mən də ulu ­öndərin siyasi xəttinə sadiq qalaraq bütün sahələrdə, o cümlədən Naxçıvana qayğı, diqqət məsələlərində o yolu davam etdirirəm. Bu səfər mənim Prezident kimi Naxçıvana sayca 14-cü səfərimdir. Prezident kimi ilk dəfə Naxçıvana düz 14 il bundan əvvəl – 2004-cü ilin may ayında gəlmişdim. Ötən illər ərzində Naxçıvanda gedən işləri daim diqqətdə saxlamışam və muxtar respublikanın uğurlu inkişafı üçün nə lazımdırsa, onu da etmişik.
İlk növbədə, Naxçıvanın təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük işlər görülüb. Siz burada düşmənlə üz-üzə yaşayırsınız, yaradırsınız. Əlbəttə ki, ilk növbədə, Naxçıvan Muxtar Respublikasının uğurlu inkişafı üçün təhlükəsizlik tədbirləri ön planda və prioritet məsələ olmalıdır. Biz bunu belə də qəbul edirik. Naxçıvanın hərbi potensialının gücləndirilməsində böyük işlər görülüb. Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Naxçıvan Ordusu ən müasir silahlar, texnika ilə təchiz edilmişdir. Biz son illər ərzində Azərbaycan Ordusunu böyük dərəcədə gücləndirə bilmişik. Alınan müasir texnikanın demək olar ki, bütün növləri, yaxud da ki, əksər növləri Naxçıvana göndərilir. Naxçıvanın yerləşməsinə, coğrafi relyefinə uyğun şəkildə bütün müasir texnikalar göndərilir. Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliy­yatı keçirə bilər. Naxçıvanda yerləşdirilmiş müasir silahlar, o cümlədən uzaqmənzilli raketlər düşmənin istənilən hərbi hədəfini məhv edə bilər. Yəni, təhlükəsizlik məsələləri tam təmin olunub. Bu məsələ daim diqqət mərkəzindədir”.
Azərbaycan Prezidenti nitqində Naxçıvan Muxtar Respublikasında artıq on ildən çoxdur ki, qazlaşdırmanın 100 faiz təmin edildiyini, son illərdə burada 8 elektrik stansiyasının tikildiyini, tikilməkdə olan Ordubad Su Elektrik Stansiyasının işə düşməsindən sonra isə muxtar respublikanın öz enerji tələbatının 100 faizini bərpaolunan enerji hesabına təmin edəcəyini xatırladıb.
Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində şəhər Təmiz­ləyici Qurğular Kompleksinin, Naxçıvan şəhər Qaraxanbəyli inzibati ərazi dairəsində 6 nömrəli tam orta məktəbin açılışı mərasimlərində iştirak edib, Dövlət Sərhəd Xidmətinin Naxçıvan şəhər Qaraçuq ərazi dairəsindəki sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordusunun “N” hərbi hissəsindəki Təlim-Tədris Mərkəzində yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri bir daha göstərdi ki, Azərbaycanda 2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq tədbirləri həyata keçirilir, çoxsaylı infrastruktur layihələri reallaşdırılır, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər işə salınır, yeni iş yerləri açılır. Bütün bunlar isə hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə müsbət təsir göstərir.

Vaqif BAYRAMOV
“Xalq qəzeti”
18 may 2018-ci il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR