Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində muxtar respublikanın vergi orqanlarında vakant vəzifələrin tutulması üçün bu il fevral ayının 19-da elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
Müsabiqəyə 25 vakant vəzifə çıxarılıb, həmin vəzifələrin tutulması üçün 28 namizəd sənəd təqdim edib. Test imtahanında keçid balını toplamış 7 namizəd müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. Namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verildikdən sonra ixtisas üzrə 90, məntiqi təfəkkürün yoxlanılması üzrə 10 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib. Sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilib.
Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə cavab kartı və nəticəyə dair arayış təqdim olunub. Test imtahanında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər.
İmtahanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti