24 Dekabr 2024, Çərşənbə axşamı

Azərbaycan dövlətinin memarı, qurucusu, xilaskarı və əbədiyaşar lideri, milli ideyanı milli gerçəkliyə və tarixi taleyə çevirən görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti, Onun Vətənə sədaqət nümunəsi olan şərəfli həyatında qədim Azərbaycan torpağı Naxçıvana bağlılığı, tükənməz məhəbbəti və ardıcıl qayğısı gələcək nəsillər üçün örnəkdir. 1990-1993-cü illərdə Naxçıvanda yaşayan, Ali Məclisin Sədri vəzifəsində çalışan dahi şəxsiyyət bu diyarı təkcə təhlükələrdən xilas etmədi, həm də siyasi məktəbinin layiqli məzunlarını yetişdirdi, onlara böyük əhəmiyyətə malik gələcəyə hesablanmış strateji inkişaf konsepsiyasını ərməğan etdi. Məhz bunun nəticəsində hazırda Naxçıvan Muxtar Respublikası tərəqqi dövrünü yaşayır. 

 Ümummilli liderin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, blokada şəraitində olmasına baxmayaraq, muxtar respublikada vaxtilə böyük problemlərin mövcud olduğu sahə hesab edilən dəmir yolu infrastrukturu da inkişaf etdirilib. Çünki ölkələr və bölgələrarası mal dövriyyəsinin həcminin artdığı bir dövrdə dəmir yolu nəqliyyatı hər bir məkanın inkişafının təkanverici elementlərindən birinə çevrilir. Bu mənada, istənilən diyarın geosiyasi və geoiqtisadi mövqelərinin gücü, sosial-iqtisadi inkişafı həm də onun nəqliyyat sisteminin, həmçinin dəmir yolu nəqliyyatının inkişafından asılıdır. Məhz elə buna görə də Naxçıvanda dəmir yolu sisteminin tərəqqisinin daim diqqət mərkəzində saxlanılması prioritet məsələlərdən biridir. Bu gün muxtar respublikada aparılan quruculuq işləri dəmir yolu sistemini də əhatə edib, sərnişin vağzalı binaları, inzibati və texniki binalar yenidən qurulub, müasir dəmir yolu infrastrukturu, hərtərəfli iş və xidmət şəraiti yaradılıb. İnfrastrukturun daim yenilənməsi, xidmətin səviyyəsinin yüksəldilməsi bu nəqliyyat növündən istifadə edənlərin sayını artırıb. 

Dəmir yolu təsərrüfatında aparılan quruculuq işlərinin davamı olaraq Ordubad sərnişin vağzalı və yol sahəsi üçün yeni inzibati, eləcə də yol fəhlələri üçün yeni binalar tikilib, stansiyanın İdarəetmə Mərkəzi, yük anbarı və yarımstansiya binası əsaslı şəkildə yenidən qurulub. Aprelin 2-də “Naxçıvan Dəmir Yolları” ­Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad dəmiryol stansiyası kompleks quruculuq işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov açılış tədbirində iştirak ediblər.
Ali Məclisin Sədri Ordubad dəmir­yol stansiyasının və yeni sərnişin vaqonlarının istifadəyə verilməsini əlamətdar hadisə kimi dəyərləndirib, bu münasibətlə dəmiryolçuları və istifadəçiləri təbrik edib. Ali Məclisin Sədri deyib: “Bu gün ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirməsinin nəticəsidir ki, Azərbaycanda bütün sahələr inkişaf etdirilir. Bu inkişaf dəmir yolu nəqliyyatını da əhatə etmişdir... Blokada şəraitində olmasına baxmayaraq muxtar respublikada da dəmir yolu təsərrüfatı qorunub saxlanılmaqla yanaşı, həm də inkişaf etdirilir. “Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı” muxtar respublikada dəmir yolu nəqliyyatının inkişafına təkan vermişdir. Hazırda muxtar respublikada daxili yük və sərnişin daşınmalarının həyata keçirilməsində dəmir yolunun imkanlarından geniş istifadə olunur. Bu da sakinlər və iş adamları tərəfindən məmnunluqla qarşılanır. Bütün bunlar isə həm proqramın uğurlu icrasının, həm də Naxçıvan dəmiryolçularının fədakar əməyinin nəticəsidir”.
Həmin gün muxtar respublikanın dəmir yolu təsərrüfatına daha bir qayğının ifadəsi kimi 8 yeni sərnişin vaqonu təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov yeni sərnişin vaqonlarına baxıblar.
İran İslam Respublikasının Şərqi və Qərbi Azərbaycan vilayətləri ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında mövcud əlaqələr gündən-günə genişlənir. Hazırda nəqliyyat, təhsil, iqtisadi-ticarət, energetika, gömrük, dəmir yolu və digər sahələrdə uğurlu əməkdaş­lıq var. Naxçıvan-Təbriz-Məşhəd-Naxçıvan beynəlxalq sərnişin qatarının və avtobus marşrutlarının fəaliyyət göstərməsi, İrandan olan tələbələrin Naxçıvanda təhsil alması, qarşılıqlı gediş-gəlişin artması əməkdaşlığın genişlənməsindən xəbər verir. Elm və informasiya mərkəzi olan Naxçıvan şəhərinin bu il İslam Mədəniyyətinin Paytaxtı, Təbriz şəhərinin isə İslam Dünyasının Turizm paytaxtı olması mədəniyyət və turizm sahələrində münasibətlərin daha da inkişaf etdirilməsinə şərait yaradır. Yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı əlaqələrin inkişaf perspektivlərinin diqqət mərkəzində saxlanılması isə bir sıra sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişaf edəcəyinə zəmanət verir. Aprelin 6-da İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin Naxçıvan Muxtar Respublikasına səfəri bu baxımdan əhəmiyyətlidir.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.
Ali Məclisin Sədri xalqlarımız arasında mehriban münasibətlərin olduğunu diqqətə çatdırıb, bunu qarşılıqlı əlaqələrin göstəricisi kimi dəyərləndirib, münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini bildirib. Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Aprelin 6-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Naxçıvan Dövlət Universitetində olublar.
Muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin sosial problemlərinin həlli və onların mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı kimi bu il ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvan şəhərində yeni yaşayış kompleksi – “Gənclər şəhərciyi” inşa edilib. Aprelin 7-də həmin yaşayış kompleksi istifadəyə verilib.
Ali Məclisin Sədri açılış tədbirində iştirak edib, 2014-cü ildə təməli qoyulan “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, bu işdə əməyi olanlara və təşkilatçılara təşəkkürünü bildirib. Ali Məclisin Sədri deyib: “O ölkə inkişaf edir ki, orada dövlət-xalq birliyi vardır. Bu gün Naxçıvan şəhərində “Gənclər şəhərciyi” yaşayış kompleksinin istifadəyə verilməsi də dövlət-xalq-sahibkar birliyinin nəticəsidir. Eyni zamanda yeni yaşayış kompleksi ölkəmizdə həyata keçirilən dövlət-gənclər siyasətinin bəhrəsidir. İnsan həyatında ən vacib məsələlərdən biri onun mənzil sahibi olmasıdır. Yaşayış kompleksində gələcəyimiz olan gənclərin mənzillə təmin olunması onların rahat yaşayışını təmin edəcəkdir. Çünki rahat yaşayış şəraiti rahat həyat deməkdir. Dövlətimiz tərəfindən gənc­lərin mənzil şəraitinin yaxşılaşdırılması və işlə təmin olunması, onlara güzəştli ipoteka kreditlərinin verilməsi sahəsində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcəkdir”.
Qeyd edək ki, çox sayda gənc ailə artıq bu yaşayış kompleksində mənzil sahibi olub. Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yerləşən həmin kompleksdə mənzillər gənc ailələrə güzəştli ipoteka yolu ilə verilir. Bu, muxtar respublikamızda insan amilinə, həmçinin gələcəyimiz olan gənclərə verilən yüksək qiymətin daha bir ifadəsidir.
Açılış tədbirində Ali Məclisin Sədri “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin kreditləri hesabına mənzil alan sakinlərə açarları təqdim edib, onlara rahat və firavan həyat arzulayıb.
Muxtar respublikada sahibkarlıq fəaliyyətinin inkişafına göstərilən diqqət və qayğı müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaranmasına səbəb olub. Bu çərçivədə aprelin 9-da Naxçıvan şəhərində “Miraj Gold” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan qızıl və gümüş zinət əşyaları hazırlayan fabrik istifadəyə verilib. Zinət əşyaları müəssisəsinin istifadəyə verilməsi istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında investisiyaların təşviqi ilə bağlı tədbirlər haqqında” Fərmanı­na uyğun olaraq istehsal sahəsinin fəaliyyətinin stimullaşdırılması məqsədilə İtaliya və Almaniyadan idxal edilən avadanlıqlara investisiya təşviqi sənədi verilib, müəssisənin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bu müəssisə muxtar respublikada zinət əşyalarına olan tələbatı daxili imkanlar hesabına ödəməyə imkan verir. Burada zinət əşyalarından başqa, dövlət sifarişləri də yerinə yetirilir, muxtar respublikanın fəxri adlarının döş nişanları burada hazırlanır. Zinət əşyaları istehsalı müəssisəsinin yaradılması muxtar respublikada iqtisadiyyatın şaxələndirilməsinin göstəricisidir. Onun fəaliyyətə başlamasının digər bir əhəmiyyəti isə budur ki, muxtar respublikada vaxtilə zinət əşyaları hazırlayan ustalar olsa da, hazırda onların sayı çox azdır. Yəni varisiliyin təmin olunma­ması zamanla bu sənətin unudulmasına gətirib çıxarıb. 35 nəfərin işlə təmin olunduğu müəssisənin yaradılması və buraya mütəxəssislərin cəlb edilməsi həm zinət əşyalarının hazırlanması üzrə varisliyi təmin edəcək, həm də bu sənət muxtar respublikada yeni inkişaf dövrünə qədəm qoyacaq. Onu da qeyd etmək lazımdır ki, bu, yalnız inkişaf etmiş diyarlara xas olan bir sahədir. Çünki insanların gəlirlərinin az olduğu heç bir yerdə zinət əşyalarına tələbat olmur. Ali Məclis Sədrinin dediyi kimi: “Bu müəssisələr o yerdə yaradılır ki, orada sabitlik, inkişaf, dövlət qayğısı və bazar olsun. ­Hazırda muxtar respublikada özəl bölmənin inkişaf etdirilməsi üçün həm sabitlik, həm də dövlət qayğısı və bazar mövcuddur”.
Müstəqil respublikamızda demok­ratik seçki sisteminin yaradılması seçkilərin ədalətli və şəffaf şəraitdə keçirilməsinə, mövcud sabitlik və inkişaf isə insanların seçkilərdə fəal iştirakına imkan verir. Bu baxımdan aprelin 11-də keçirilən prezident seçkiləri seçicilərin fəallığı ilə yadda qalıb. Muxtar respublikamızda 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsində keçirilən seçkilərdə həmin seçki dairələrində qeydə alınmış seçicilərdən 222 min 895 nəfəri, yəni seçicilərin 82,3 faizi seçkilərdə iştirak edib.
Aprelin 11-də Ali Məclisin Sədri ailə üzvləri ilə birlikdə 4 saylı Naxçıvan Şəhər Seçki Dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verib. Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə ­maraqlanıb.
Naxçıvanda tarixi-mədəni irsimizə, İslam mədəniyyətinin nümunələrinə daim hörmətlə yanaşılır, min illərin yadigarı olan həmin abidələr bərpa olunur, qorunub yaşadılır, gələcək nəsillərə çatdırılır. Nehrəm İmamzadəsində bərpa işlərinin aparılması da bu sahədə görülən işlərin davamıdır.
Aprelin 14-də Ali Məclisin Sədri Nehrəm kəndinə gəlib, İmamzadədə aparılan bərpa işləri ilə tanış olub. Ali Məclisin Sədri muxtar respublikada İslam tarixinin bir hissəsi olan imamzadələrin bərpa olunduğunu diqqətə çatdırıb, onların yaranma tarixlərinə nəzər salıb, imamzadələrin əsrlərdən bəri ziyarətgah və inanc yeri kimi fəaliyyət göstərdiyini bildirib, Nehrəm İmamzadəsinin tarixi abidə və ziyarətgah kimi qorunub saxlanması, İmamzadə haqqında bələdçi mətninin hazırlanması barədə tapşırıqlar verib.
Əvvəldə qeyd etdiyimiz kimi, muxtar respublikamızda yol infra­strukturu gücləndirilib, bu sahədə idarəçilik sistemi böyük inkişaf yolu keçib, yol təsərrüfatının yenidən qurulması istiqamətində kompleks tədbirlər görülüb. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan Yol İstismar idarələrinin maddi-texniki bazası möhkəmləndirilib, yol çəkilişində istifadə üçün müxtəlif təyinatlı 38 texnika alınıb. Həmçinin bu il yeni yol-tikinti texnikalarının alınıb gətirilməsi nəzərdə tutulur. Hazırda keyfiyyətli asfalt istehsalını həyata keçirmək üçün müasir asfalt zavodu qurulur. Yaxşı iş şəraiti, müasir texnika və keyfiyyətli asfalt təminatı avtomobil yollarının keyfiyyətlə çəkilməsinə və uzun müddət istismarına imkan verəcəkdir. Görülən bu tədbirlərin davamı olaraq aprelin 17-də Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib.
Ali Məclisin Sədri Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binasına və agentlik üçün alınan yeni texnikalara baxıb, onlardan səmərəli istifadə olunması barədə tapşırıqlar verib.
Aprelin 25-də “Duzdağ” otelində yaradılan Naxçıvan Duz Muzeyi istifadəyə verilib.
Ali Məclisin Sədri Naxçıvan Duz Muzeyinin istifadəyə verilməsini mühüm hadisə kimi dəyərləndirib, bu münasibətlə tədbir iştirakçılarını və gələcək ziyarətçiləri təbrik edib.
Müasir dövrdə bir bölgənin tanıdılmasında muzeylər müstəsna rol oynayır. Çünki belə mədəniyyət müəssisələri insanlarda maraq yaradır, onlarda bölgənin tarixi keçmişi haqqında təsəvvür formalaşdırır, ən əsası isə ziyarətçilərə daha geniş araşdırma aparmaq, elmi ədəbiyyata yönəlmək, daha çox tarixi məkanlarla tanış olmaq hissləri aşılayır. Məhz buna görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 12 sen­tyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyinin yaradılması böyük əhəmiyyətə malikdir. Bu, həm Naxçıvanın təbliği baxımından önəmlidir, həm də xalqımızın tarixinə, mədəniyyətinə, milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğının daha bir ifadəsidir. Belə bir muzeyin yaradılması Naxçıvanı nəinki Cənubi Qafqazda, ümumilikdə, postsovet məkanında unikal ünvanlardan birinə çevirəcək.
İnsan həyatı üçün vacib olan amillərdən biri və başlıcası sağlam ekoloji mühitin yaradılmasıdır. Muxtar respublikada keçirilən iməciliklər, təbiətin qorunması və yaşıllıqların genişləndirilməsi sahəsində görülən işlər də bu məqsədə xidmət edir. Bu ilin yaz əkini mövsümündə Naxçıvanda 170 hektardan artıq sahədə meyvə bağı və yaşıllıq zolaqları salınıb. Aprelin 28-də muxtar respublikada növbəti iməciliklər keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iməcilikdə iştirak edib, yeni tinglər əkib. Ali Məclisin Sədri muxtar respublikada bərpa əkinlərinin davam etdirilməsi, əkin üçün yararlı olmayan torpaq sahələrində meyvə və üzüm bağlarının salınması barədə tapşırıqlar verib.
Ötən ayın ümumi mənzərəsinə nəzər yetirdikdə bir daha ulu öndər Heydər Əliyev siyasi kursuna böyük sədaqətin, milli dövlətçiliyə, milli-mənəvi dəyərlərə sıx bağlılığın, vətənpərvərliklə həyata keçirilən möhtəşəm işlərin, insan amilinə verilən yüksək qiymətin şahidi oluruq. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanan alternativsiz siyasi xətt bu gün də Naxçıvan Muxtar Respublikasının yüksəlişini təmin edir, bütün dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması ictimai-siyasi, sosial-iqtisadi sahələrdə mühüm nailiyyətlərin əldə edilməsinə rəvac verir. Azərbaycanın tarixi dövlətçilik ənənələrinin saxlanc yeri olan qədim diyarımızda həyata keçirilən praqmatik siyasət yüksək meyarlara cavab verən gələcəyin qarantı rolunda çıxış edir, iqtisadi yüksəlişin davamlı xarakter almasına yol açır. Nəticədə, muxtar respublikamız ildən-ilə, aydan-aya deyil, gündən-günə inkişaf edir. Bu isə məhz ulu öndərimiz Heydər Əliyevin arzularındakı Naxçıvandır. Qurucu Rəhbərin abadlaşdırdığı, bütün sahələr üzrə təhlükəsizliyini tam təmin etdiyi sabitlik və inkişaf adası Naxçıvan.

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR