Şərur rayonu
Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti boyu ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatlar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunda da silinməz izlər qoyub. Rayon sakinləri ulu öndərin rəhbərliyi ilə 1969-1982-ci və 1993-2003-cü illərdə həyata keçirilən tədbirləri bu gün də minnətdarlıq hissi ilə xatırlayırlar.
Rayon sakinləri ulu öndərin tövsiyələrinə layiqincə əməl edirlər. Hər il istifadəyə verilən yeni infrastrukturlar, sosial-mədəni obyektlər, sənayedə və aqrar sahədə əldə olunan uğurlar bunu təsdiqləyir. Ötən əsrin 90-cı illərinin ortalarından başlanan tərəqqi, yüksəliş bu gün də davam etdirilir. Rayonun 45-dən artıq yaşayış məntəqəsi yeniləşən kəndlər siyahısına daxil edilib.
Ötən il rayonun sosial-iqtisadi həyatının bütün sahələrində müsbət irəliləyişlər müşahidə olunub. İl ərzində tikinti-quruculuq işlərində istifadə olunan investisiyanın həcmi 73 milyon 571,2 min manat təşkil edib, rayonda istehsal olunan sənaye məhsullarının həcmi əvvəlki illə müqayisədə 1,4 faiz artaraq 92 milyon 193,3 manata çatdırılıb. Rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında da müsbət irəliləyişlər qeydə alınıb. Bu sahədən əldə edilən gəlir 140 milyon 477,2 manat olub. Makroiqtisadi göstəricilər rayonun həm iqtisadi, həm də sosial sahələrinin daha dinamik və sürətlə inkişaf etdiyini göstərir.
Bu inkişaf cari ildə də davam etdirilir. Bu il fevral ayının 1-də Ərəbyengicə kəndində yeni sosial obyektlər istifadəyə verilib. Hazırda Kosacan, Kərimbəyli və İbadulla kəndlərində müasir infrastruktur formalaşdırılır. Bütün bunlar xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siyasətinin uğurlarıdır.
Görkəmli dövlət xadiminin anadan olmasının 95-ci ildönümü münasibətilə mayın 10-da rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbərin İcra Hakimiyyətinin qarşısındakı əzəmətli abidəsi önünə gələrək ümummilli liderə, onun əbədiyaşar siyasətinə sadiq olduqlarını bir daha nümayiş etdirib, abidə önünə tər qərənfillər düzüblər.
Axşamüstü isə Şərur şəhərindəki Heydər Parkında rayonun mədəniyyət işçilərinin iştirakı ilə geniş konsert olub.
Babək rayonu
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Babək rayonunda da yüksək əhval-ruhiyyə ilə qeyd edilib. Mayın 10-da Babək rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilatların kollektivləri dahi şəxsiyyətin rayon mərkəzindəki abidəsini ziyarət edib, önünə tər gül dəstələri qoyublar.
Dahi rəhbərin təşəbbüsü ilə 1978-ci il oktyabrın 23-də təşkil olunan Babək rayonu da muxtar respublikamızın digər bölgələri kimi bu gün öz müasir görkəmi ilə diqqəti cəlb edir. Totalitar sovet rejimi dövründə rayona Babək kimi bir xalq qəhrəmanının adının verilməsi ulu öndərin siyasi iradəsinin və milli tarixi ənənələrə böyük bağlılığın nəticəsi idi. Müstəqillik illərindən başlayaraq rayon mərkəzi də daxil olmaqla, kənd yaşayış məntəqələrində yaradılmış infrastruktur, tikilən və yaxud yenidən qurularaq istifadəyə verilmiş inzibati və yaşayış binaları, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, yeni park və istirahət mərkəzləri Heydər Əliyev siyasi xəttinin rayon sakinlərinə bəxş etdiyi töhfələrdir. Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 fevral tarixli Sərəncamı, bu dövlət sənədinın icrası ilə bağlı keçirilən tədbirlər, aparılan quruculuq və abadlıq işləri rayon sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb. Bütün bunları ümummilli liderin ölməz ideyalarının uğurlu davamı kimi qiymətləndirən rayon sakinləri ulu öndəri minnətdarlıqla xatırlayıb dahi rəhbərin rayon mərkəzindəki abidəsini ziyarət edib, Onun xatirəsinin ürəklərdə daim yaşadığını bir daha nümayiş etdirdilər.
Həmin gün Babək qəsəbəsindəki mərkəzi meydanda rayon mədəniyyət evinin musiqiçilərinin təqdim etdiyi rəngarəng konsert proqramı rayon sakinlərinə bayram əhval-ruhiyyəsi bəxş edib.
Ordubad rayonu
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonu bu gün öz inkişafının yeni müstəvisindədir. Görkəmli dövlət xadimi ölkəmizə rəhbərliyinin hər iki dövründə bu rayona da böyük diqqət və qayğı göstərib. Ancaq sovet dönəminin son illərində bütün bölgələrimiz kimi, Ordubad rayonu da baş verən hadisələrdən sığortalana bilmədi. Ölkədə tüğyan edən anarxiya, xaos, özbaşınalıq Ordubadın da qaynar həyatını pozdu. Yaranan sosial-iqtisadi çətinliklər ordubadlıları sıxsa da, onlar doğma yurd yerindən üz döndərmədilər. Vətən, torpaq təəssübü hər şeyə üstün gəldi. Çünki onlar hər qaranlıq gecənin bir işıqlı gündüzü olacağına inanırdılar. Və bu inamlarında yanılmırdılar. Bu ziya xalqımızın ümummilli lideri Heydər Əliyev idi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ulu öndər öz fəaliyyəti ilə bu bölgəni də əvvəlki həyat ritminə qaytardı.
Böyük inkişaf və yeni tərəqqi müstəvisində olan Ordubadda son illərdə həyatın bütün sahələrində güclü yeniləşmə diqqəti çəkir. Bu dövrdə rayonun kəndlərində kompleks quruculuq tədbirləri aparılıb. Ordubad şəhərində qaçqın ailələri üçün hər cür şəraiti olan mənzillər inşa edilib. Qarabağ əlilləri, şəhid ailələri də bu qayğıdan yararlanıb. Rayondakı tarixi-memarlıq abidələrinə ilkin quruluşu saxlanılmaqla onlara yeni həyat bəxş olunub.
Quruculuq tədbirləri cari ildə də rayonda davam etdirilir. Ordubad şəhərində İcra Hakimiyyətinin, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, rabitə şöbəsinin binaları yenidən qurulur, muxtar respublikanın ən böyük yaşayış məntəqələrindən biri olan Dəstə kəndində kompleks quruculuq tədbirləri çərçivəsində yeni məktəb, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası üçün yeni binalar inşa olunur.
Saatbasaat dəyişən, gözəlləşən Ordubad bu gün ayrı büsatdadır. Bu, ümummilli liderimiz Heydər Əliyev siyasətinə sadiqliyin ifadəsidir. Ordubadlılar inanırlar ki, Heydər Əliyev siyasəti yaşadıqca ölkəmiz, onun ayrılmaz tərkib hissələrindən biri olan Ordubad daha böyük uğurlara imza atacaq.
May ayının 10-da rayon sakinləri görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Ordubad Rayon Mədəniyyət Evində ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunmuş filmə baxıblar.
Axşamçağı rayonun “Gənclik” parkındakı xalq gəzintisi zamanı Ordubad Rayon Mədəniyyət Evinin “Dübəndi” instrumental ansamblı rayon sakinləri qarşısında rəngarəng musiqi nömrələri ilə çıxış edib.
Culfa rayonu
Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Culfada da qeyd olunub. Rayon ictimaiyyətinin nümayəndələri ulu öndərin Culfa şəhərinin mərkəzində ucalan abidəsi önünə gələrək gül dəstələri düzüblər.
Taleyin hökmü ilə iki dəfə xilaskarlıq missiyasını üzərinə götürən ulu öndər Heydər Əliyev Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqının köməyinə çatıb, zamanın ağır məngənəsindən onu xilas edib. Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə irəliləməsi ümummilli liderimizin uzaqgörən siyasəti və yorulmaz fəaliyyəti sayəsində mümkün olub.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə Culfa rayonunda bütün sahələrin inkişaf etdirilməsi diqqətdə saxlanılıb, müsbət nəticələr əldə edilib. Ötən əsrin sonlarında dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda torpaq islahatları ilk dəfə Culfa rayonunun kəndlərində aparılıb, nəticədə, kəndli əkib-becərdiyi torpağın sahibinə çevrilib.
Naxçıvan Muxtar Respublikasında da ümummilli liderin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində qədim tarixə və mədəniyyətə malik olan Culfa rayonu da bu gün özünün inkişaf dövrünü yaşayır. Bu yeni inkişaf mərhələsində rayonun kənd yaşayış məntəqələrinin böyük əksəriyyətində kompleks quruculuq işləri aparılıb, onlarla məktəb binası, səhiyyə ocağı, mədəniyyət obyekti tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Görülən bütün işlər rayon sakinlərinin rahat şəraitlə təmin olunmasına zəmin yaradıb, onları ümummilli lider Heydər Əliyev ideyaları ətrafında daha sıx birləşməyə sövq edib. Culfalılar onlara bu xoşbəxt günləri bəxş edən ümummilli liderimizin misilsiz xidmətlərini unutmurlar.
Dünən ümummilli liderin anadan olmasının 95-ci ildönümü münasibətilə Culfa rayonunun Mədəniyyət və İstirahət Parkında xalq gəzintisi və rayon Mədəniyyət Evinin özfəaliyyət kollektivinin konserti də xoş ovqat və bayram əhval-ruhiyyəsi ilə yaddaqalan olub.
Kəngərli rayonu
Görkəmli dövlət xadimi Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın taleyi etibarlı əllərdədir və qurulan möhkəm təməl, aparılan uğurlu siyasət müstəqilliyimizin sarsılmazlığına tam təminat verir.
Ümummilli liderin ideyalarının bəhrələrini Naxçıvan Muxtar Respublikasının timsalında da aydın görmək olar. Dahi şəxsiyyətin xalqımızın tərəqqisi naminə irəli sürdüyü inkişaf konsepsiyası, irimiqyaslı proqramlar muxtar respublikada uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il martın 19-da Kəngərli rayonunun yaradılması haqqında imzaladığı Azərbaycan Respublikasının Qanunu göstərilən qayğının və həyata keçirilən tədbirlərin davamıdır. Yeni rayonun yaradılması yüzlərlə yeni iş yerinin açılmasına, bölgə iqtisadiyyatının güclənməsinə, ailələrin məskunlaşmasına şərait yaradıb. Tarixi bir adı özündə yaşadan Kəngərli rayonu qısa müddət ərzində muxtar respublikanın digər rayonlarının inkişaf səviyyəsinə çatıb. Xüsusilə qeyd olunmalıdır ki, rayonun bütün yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri aparılıb, bölgənin kəndləri müasirliyə qovuşub.
Tarix üçün çox qısa bir dövrü əhatə etsə də, ötən illər ərzində burada mühüm infrastruktur layihələri həyata keçirilib, Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib. Rayon mərkəzində tikilən müasir inzibati binalar, mədəniyyət və istirahət parkı, gözəl memarlıq quruluşuna malik mədəniyyət evi Kəngərlinin simasına xüsusi yaraşıq verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ötən dövr ərzində Kəngərli rayonunda görülmüş işləri yüksək dəyərləndirib, rayona səfərləri çərçivəsində bir sıra quruculuq ünvanlarının açılışında iştirak edib. Fəxrlə demək olar ki, Kəngərli rayonu muxtar respublikamızın ən gənc rayonu olmasına baxmayaraq, qısa müddət ərzində böyük inkişaf yolu keçib. Muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərindən öz payını alan bu qədim yurd yeri indi müasirliyi, sosial-iqtisadi uğurları ilə gələcəyə doğru inamla addımlayır. Bütün bunlar ulu öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurlu bəhrələridir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Kəngərli rayonunda da geniş qeyd edilib. Rayon ictimaiyyəti, bölgənin müxtəlif idarə, müəssisə kollektivlərinin ulu öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət etmələri dahi şəxsiyyətə olan hörmət və ehtiramın növbəti təzahürü olub.
Axşamçağından etibarən Kəngərli Rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında başlayan xalq gəzintisində qələbəlik müşahidə olunub, rayon Mədəniyyət Şöbəsinin “Kəngər” instrumental ansamblının və digər musiqi kollektivlərinin çıxışları alqışlarla qarşılanıb.
Şahbuz rayonu
Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü muxtar respublikamızın hər yerində olduğu kimi, Şahbuz rayonunda da geniş qeyd edilib. Rayon ictimaiyyətinin nümayəndələri ulu öndərin Şahbuz şəhərinin mərkəzində ucaldılmış büstü önünə tər gül dəstələri düzüb, görkəmli dövlət xadiminə bir daha öz dərin ehtiramlarını bildiriblər.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Şahbuz rayonunun da iqtisadiyyatı inkişaf etdirilib, tikinti, quruculuq və abadlıq tədbirləri geniş vüsət alıb. Ötən əsrin 70-80-ci illərində rayonda Şərab, Badamlı mineral sular, Avtomobil təmiri zavodları, Naxçıvan şəhərindəki Radio zavodun və Alt Trikotaj Fabrikinin Şahbuz filialları fəaliyyət göstərib. O dövrdə rayonda dərman bitkiləri, dəri, meyvə, süd emalı və yun tədarükü məntəqələrinin də fəaliyyətə başlaması əhalinin məşğulluğunun artırılması və həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradıb.
Ulu öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dövründə Şahbuz rayonunda da genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Həyata keçirilən abadlıq işləri nəticəsində simasını büsbütün dəyişən rayon təkcə muxtar respublikamızın deyil, ölkəmizin gözəl bölgələrindən birinə çevrilib. Şahbuz qəsəbəsinə şəhər statusu verilib.
Muxtar respublikada ümummilli liderin hərtərəfli inkişaf strategiyasının uğurla davam etdirilməsinin parlaq təzahürünü bu gün Şahbuz rayonunda aydın görmək olar. Bölgə sakinlərini firavan həyata qovuşduran müasir yollar, yeni təhsil və səhiyyə ocaqları, sosial xidmət obyektləri və istehsal müəssisələri ulu öndər Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasətin bəhrələridir.
Dahi öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə Şahbuz Rayon Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkil olunan rayon Mədəniyyət Evinin “Batabat” instrumental ansamblının maraqlı konsert proqramı axşam saatlarınadək davam edib.
Sədərək rayonu
Ulu öndərin təşəbbüsü ilə Sədərəyin 1990-cı il avqust ayının 28-də muxtar respublikanın inzibati ərazi bölgüsünə rayon kimi daxil olması bölgənin geostrateji mövqeyi ilə bağlı idi. Ulu öndərimizin tövsiyələrinə uyğun olaraq Sədərəyə bu gün də xüsusi diqqət yetirilir.
Sərhəd bölgəsinin sakinləri ümummilli liderin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki xidmətlərini dərin hörmət və ehtiramla xatırlayırlar. Onlar qürur duyurlar ki, sakini olduqları rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.
Mayın 10-da Sədərək rayonunda da ictimaiyyət nümayəndələri ulu öndərin Heydərabad qəsəbəsinin mərkəzində ucalan büstünü ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.
Günün ikinci yarısında Heydərabad qəsəbəsində yerləşən Mədəniyyət və İstirahət Parkında Mədəniyyət Şöbəsinin “Oğuz eli” instrumental ansamblının kollektivi konsert proqramı ilə çıxış edib. Tədbirdə səsləndirilən mahnılar, nümayiş olunan ədəbi-bədii kompozisiya iştirakçılara xoş anlar yaşadıb.
Rayon sakinləri ilə söhbətlərdən belə bir fikir hasil olundu ki, Sədərək rayonunun sürətli inkişafı bu gün mənfur düşmənlərə ən böyük gözdağıdır. Sədərəkdə torpaq həm qorunur, həm də becərilir. Burada son illərdə müasir tələblərə cavab verən onlarla yaşayış evləri, eyni zamanda rayonun idarə, müəssisə və təşkilatları üçün inzibati binalar tikilib. Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan rayonun Sədərək kəndi də hərtərəfli dövlət qayğısı hesabına bu gün qəsəbə təsiri bağışlayır. Rayonun bir neçə idarə və təşkilatı bu kənddə fəaliyyət göstərir. Onlar üçün son illərdə müasir tələblərə cavab verən yeni tikililər inşa olunub. Bütün bunlar hər bir sədərəklini ruhlandırır, onları torpağa, elə-obaya daha sıx tellərlə bağlayır.
Xəbərlər şöbəsi