24 Dekabr 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamında yeniyetmə və gənclərin hərtərəfli inkişafına, şəxsiyyət kimi formalaşmasına mühüm təsir göstərə biləcək əsərlər seçilib mütaliə üçün tövsiyə olunmuşdur. Siyahıda qeyd edilən kitablarda yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi, tarixi keçmişə, milli kökə bağlılığının möhkəmləndirilməsi, siyasi dünyagörüşünün yetkinləşməsi, müstəqil dövlət quruculuğu prosesində iştiraka ­hazırlanması, ailədə, ictimai mühitdə davranış qaydalarına yiyələnməsi və sair kimi çox mühüm vəzifələr öz əksini tapmışdır. 

Oxunması zəruri olan kitabların siyahısı ümummilli liderimiz Heydər Əliyevin 2000-ci il 29 dekabr tarixli “Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” ilə başlanır. Biz bu əhatəli, konseptual və möhtəşəm müraciətdə Azərbaycan xalqının keçdiyi inkişaf yolunun elmi şəkildə təhlil olunub siyasi-iqtisadi, ideoloji-mədəni aspektlərdən dəyərləndirilməsini, eradan əvvəlki çağlardan başlayaraq bizim dövrümüzə qədər hər bir tarixi mərhələnin qiymətləndirilməsini, eyni zamanda müstəqil dövlət quruculuğu prosesində qarşıda duran gələcək vəzifələrin dəqiqliklə müəyyənləşdirilməsini görürük. Müraciətlə tanış olan hər bir vətəndaş, sözün əsl mənasında, vətənpərvərlik dərsi alır.
Görkəmli dövlət xadimi Heydər Əliyev həmin müraciətində qədim tarixə malik doğma Azərbaycanımızı bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biri kimi səciyyələndirmişdir: “Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz və Xocalı mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri, Kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur”.

Şərq və Qərb sivilizasiyalarının qovuşuğunda yerləşən Azərbaycanın mədəniyyətinin hələ eramızdan əvvəl birinci minilliyin sonunda, eramızın birinci minilliyinin əvvəlində özünəməxsus forma və məzmuna malik olduğunu nəzərə çatdıran dahi rəhbər sonrakı mərhələlərdəki hərtərəfli inkişafı da konkret faktlar, təhlillər və ümumiləşdirmələr əsasında dəyərləndirmişdir: “İkinci minilliyin tarixi əyani surətdə göstərir ki, Azərbaycan xalqı dünya mədəniyyətində öz dəst-xətti ilə seçilən xalqlardandır. Keçən iki min il ərzində bəşər sivilizasiyasının ayrılmaz hissəsi kimi azərbaycanlılar dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişlər”.
Ulu öndər haqlı olaraq diqqəti həm də ona yönəldirdi ki, “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm bir abidənin varlığı bu torpaqda hələ bizim eramıza qədərki dövrdə böyük bir mədəniyyətin mövcudluğundan soraq verir. Xalqımızın əsrlər boyu yaratdığı çoxsaylı ədəbiyyat və mədəniyyət nümunələrində həyat eşqinin, azadlıq və müstəqillik duyğularının təsvirini mühüm faktor kimi qiymətləndirən ümummilli liderimiz Heydər Əliyev bəşər sivilizasiyasında silinməz izlər qoymuş Qətran Təbrizi, Nizami Gəncəvi, Əfzələddin Xaqani, Xətib Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi korifeylərin əsərlərinin ümumbəşəri ideyaların tərənnümünə, haqqın, ədalətin, humanist idealların bərqərar olmasına xidmət göstərdiyini, Səfiəddin Urməvinin, Əcəmi Naxçıvaninin, Sultan Məhəmməd Təbrizinin və digərlərinin bəşər mədəniyyəti xəzinəsinə verdikləri inciləri, həmçinin dünya elminin inkişafında mühüm xidmətləri olan Nəsirəddin Tusinin, Əbülhəsən Bəhmənyarın, Şihabəddin Sührəvərdinin və digər mütəfəkkirlərin fəaliyyətini məxsusi vurğulamış, Azərbaycanda təşəkkül tapmış intibah mədəniyyətinin Şərq, ümumən, dünya intibahında mühüm mövqeyini yüksək qiymətləndirmişdir.
Ulu öndər Azərbaycanın qəhrəmanlıq salnaməsinə, zəngin dövlətçilik ənənələrinə də xüsusi önəm vermiş, Cavanşir və Babək kimi sərkərdələrin qəhrəmanlıqlarını böyük vətənpərvərlik məktəbi kimi səciyyələndirmiş, Məhəmməd Cahan Pəhləvanın, Qızıl Arslanın, Uzun Həsənin, Şah İsmayıl Xətainin və başqa dövlət xadimlərimizin fəaliyyəti sayəsində xalqın Vətən sevgisi və dövlətçilik hissinin daha da inkişaf etdirildiyini nəzərə çatdırmışdır.
Üçüncü minilliyin astanasında xalqına tarixi müraciətində XIX əsrdə xalqımızın üzləşdiyi mürəkkəb ictimai-siyasi proseslərə nəzər salan dahi rəhbər həmin dövrün sosial­-iqtisadi və mədəni həyatını da xarakterizə etmiş, xüsusən yüzilliyin ikinci yarısında neft sənayesinin və digər sahələrin inkişafını da mühüm hadisə saymışdır. XIX əsrdə Azərbaycanda müasirtipli təhsil ocaqlarının, o cümlədən qızlar üçün məktəbin fəaliyyətə başlaması, milli mətbuatın, teatrın əsasının qoyulması, maarifçi ədəbiyyatın təşəkkülü və inkişafı, bütün bu hərəkatda Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, Məhəmməd Tağı Sidqi, Firudun bəy Köçərli kimi milli ruhlu ziyalıların fədakar əməyi də ulu öndər tərəfindən mühüm amil kimi səciyyələndirilmişdir.
Tariximizin ən önəmli və mürəkkəb dövrlərindən olan iyirminci əsrdəki inkişafımızı ümummilli lider Heydər Əliyev dörd mühüm mərhələyə ayırmış, hər mərhələnin əhatəli təhlilini, mükəmməl elmi xarakteristikasını vermişdir. Ötən əsrin əvvəlindən 1918-ci ilə qədərki dövrü əhatə edən birinci mərhələdə siyasi-iqtisadi həyatın səciyyəvi xüsusiyyətləri ilə yanaşı, ictimai fikrin, ədəbiyyatın, mətbuatın, mədəniyyətin hərtərəfli inkişafına da nəzər salan ulu öndər bu proseslərdə Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdi­yevin, Mirzə Ələkbər Sabirin, Süleyman Sani Axundovun, Üzeyir bəy Hacıbəyovun, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin və başqalarının əvəzsiz xidmətlərini ehtiramla xatırlamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünü iyirminci əsr tariximizin ikinci mərhələsi kimi yüksək qiymətləndirən görkəmli siyasi xadim Heydər Əliyev fikrini belə ümumiləşdirmişdir: “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələrimizin bərpası işində böyük rol oynamışdır”.
1920-1991-ci illəri əhatə edən sovet dövrünü iyirminci əsr tariximizin üçüncü mərhələsi kimi ətraflı səciyyələndirən ümummilli lider Heydər Əliyev bu mərhələnin sosial, siyasi, iqtisadi və mədəni həyatının əsas inkişaf tendensiyalarını nəzərdən keçirmiş, əldə olunmuş uğurları da, yol verilmiş nöqsanları da obyektiv şəkildə təhlil etmişdir. 1920-1930-cu illərin mürəkkəb şəraiti də, İkinci Dünya müharibəsi dövrünün ağrı-acıları da, həmin müharibədə qazanılmış qələbədə Azərbaycanın xüsusi payı da özünün tarixi-siyasi qiymətini almışdır. 1950-1960-cı illərin sosial-iqtisadi mənzərəsi, nailiyyətlər və geriləmələr barədəki təhlillər də konkret faktlara əsaslanır.
Sovet dövrü tariximizdə 1970-ci illərin xüsusi yeri vardır. Müraciətdə də deyildiyi kimi, Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 1970-ci illərin bariz əlamətinə çevrildi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır” .
Nəhayət, iyirminci əsr tariximizin dördüncü mərhələsi 1991-ci ildə dövlət müstəqilliyinin elan olunması ilə başlanır. Müraciətdə bu mərhələnin də ətraflı xarakteristikası verilmişdir. Ozamankı Azərbaycan rəhbərliyinin yarıtmaz fəaliyyəti, bir çox hallarda isə fəaliyyətsizliyi nəticəsində artıq 1993-cü ilin yazında Azərbaycan öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir vaxtda xalqın təkidli tələbi ilə respublikaya rəhbər seçilən ulu öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində müstəqil Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu.
Ulu öndər müraciətdə ayrıca vurğulayırdı: “...daxili siyasət Azərbaycanda demokratik, hüquqi dövlət qurmaq, bazar iqtisadiyyatı yaratmaq və iqtisadi islahatlar aparmaqdan, Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq, hüquqlarının qorunmasını təmin etmək və öz rifah halını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarətdir”. Müraciətdə ölkəmizin xarici siyasət sahəsindəki əsas prioritetləri barədə də konseptual prinsiplər öz əksini tapmışdır. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, müstəqil Azərbaycanın xarici siyasəti dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu surətdə faydalı əlaqələr qurmaq, inkişaf etdirmək, bu əlaqələrdən həm ölkəmizin beynəlxalq mövqelərini möhkəmləndirmək, həm də onun iqtisadiyyatını, elmini, mədəniyyətini daha böyük tərəqqiyə qovuşdurmaq üçün səmərəli istifadə etmək məqsədi daşıyır.
Düşünülmüş daxili və xarici siyasət aparan ulu öndər Heydər Əliyevin möhtəşəm fəaliyyəti nəticəsində qısa müddət ərzində ölkədəki hərc-mərclik, anarxiya aradan qaldırıldı, qanunların aliliyinə əsaslanan hüquqi-demokratik idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqiyə geniş rəvac verən qlobal layihələrin gerçəkləşdirilməsinə başlanıldı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi, haqq işimizin dünyaya çatdırılması istiqamətində mühüm tədbirlər həyata keçirildi. Xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan kontraktın imzalanması və onun gerçəkləşməsi yolunda görülən nəhəng işlər, ölkəmizin beynəlxalq təşkilatlarda layiqincə təmsil olunması, mənafelərinin əzmlə qorunması, müstəqil Azərbaycanın hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyasının qəbulu, mənəvi dəyərlərə ehtiram, mədəni dirçəlişə böyük qayğı, iqtisadiyyatın əsaslı şəkildə yenidən qurulması, bazar münasibətlərinin tənzimlənməsi, aqrar islahatın uğurla aparılması, ümumi daxili məhsulun ciddi artımı, dünya azərbaycanlılarının həmrəyliyinin formalaşdırılması, xaricdə yaşayan soydaşlarla sıx əlaqələrin təşəkkülü, yeni iş yerlərinin yaradılması, əhalinin maddi rifah halının əsaslı şəkildə yaxşılaşdırılması, bir sözlə, müstəqil Azərbaycanın sosial, siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi, əhəmiyyətli yüksəlişin baş verməsi dahi şəxsiyyətin möhtəşəm fəaliyyətinin saysız­-hesabsız bəhrələrindəndir.
Ulu öndərin müraciəti hər bir vətəndaşın, o cümlədən gəncliyin diqqətini müstəqil dövlət quruculuğu prosesində qarşıda duran vəzifələrə də yönəldir. Bu müraciəti oxumaqla hər bir şəxs həm bizim tarixi keçmişimizin obyektiv mənzərəsini dərk edir, həm də müstəqil ölkənin vətəndaşı kimi vəzifələrini aydınlıqla yəqinləşdirir. Ulu öndər tövsiyə edir ki: “Gərək hər bir insan, xüsusən gənc nəsil müstəqilliyin nə qədər müqəddəs olduğunu bütün varlığı ilə dərk etsin, onu qorumaq və möhkəmləndirmək üçün hər cür qurban verməyə hazır olsun. Bunun üçün isə o, ilk növbədə yüksək mənəviyyata malik olmalıdır, xalqımızın milli­-mənəvi dəyərləri onun şəxsiyyətinin mahiyyətini təşkil etməlidir. O, Azərbaycançı­lığın, mənsub olduğu Azərbaycan xalqının mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, elminin nə olduğunu dərindən bilməlidir. Bu, çox mühüm məsələdir”.
Ümummilli lider Heydər Əliyev “Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”ndə xalqımızın çox qədim və qiymətli irsə malik olduğunu qürurla vurğulayaraq müasir mərhələdə də, gələcəkdə də hər bir yurddaşımız üçün əsl vətənpərvərlik təlimi sayılan müdrik tövsiyələrini belə ümumiləşdirmişdir: “Keçdiyimiz yola nəzər salarkən aydın olur ki, biz nadir bir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkə­mizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
Hazırda müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin yolu ilə inamla irəliləyir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə möhtəşəm uğurlar qazanır. Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da blokada şəraitinin yaratdığı çoxsaylı çətinliklərə baxmayaraq, sürətli inkişaf dövrünü yaşayır.
Ölkəmizdə bu il aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələri də Heydər Əliyev ideyalarının əbədiyaşarlığını bütün dünyaya bir daha nümayiş etdirdi. Cəmiyyətin ən müxtəlif təbəqələrinə mənsub milyonlarla seçicinin mütləq əksəriyyətinin etimadını qazanan cənab İlham Əliyevin qələbəsi onun ötən on beş il ərzində müstəqil Azərbaycana böyük uğurla rəhbərlik etməsinin məntiqi nəticəsi, bütövlükdə, Heydər Əliyev ideyalarının təntənəsi, xalqın zəfəri, demokratiyanın qalibiyyətidir.

Hüseyn HƏŞİMLİ
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı, professor

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR