AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev: siyasi liderlikdən ümummilli liderliyə” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirmişdir ki, bu il xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə muxtar respublikamızda müxtəlif tədbirlər keçirilir. “Heydər Əliyev: siyasi liderlikdən ümummilli liderliyə” mövzusunda keçirilən elmi konfrans da dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə siyasi liderlikdən ümummilli liderliyə gedən yolda misilsiz xidmətlərinə bir daha nəzər salmaq məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov elmi konfransda çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikada bir sıra tədbirlər keçirilir.
Tədbirlər Planına əsasən ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeir və mahnı müsabiqələri, Türkiyə Respublikasının Bursa Dövlət Simfonik Orkestrinin konserti keçirilmişdir. Hazırda “Heydər Əliyev kuboku” uğrunda idman yarışları, “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı, Heydər Əliyev lektoriyalarında “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda məşğələlər keçirilir.
Qeyd olunmuşdur ki, “Heydər Əliyev: siyasi liderlikdən ümummilli liderliyə” mövzusunda elmi konfrans da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilən Tədbirlər Planına uyğun olaraq keçirilir.
Qeyd olunmuşdur ki, bütün həyatı boyu Vətəninə, xalqına bağlı olan ümummilli liderimiz Heydər Əliyevin siyasi fəaliyyəti, milli və müstəqil dövlət quruculuğu təcrübəsi müasir tariximizin ən mühüm mərhələsini təşkil edir. Görkəmli dövlət xadimi hansı vəzifədə işləməsindən, harada yaşamasından asılı olmayaraq, ölkəmizin, o cümlədən Naxçıvanın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni problemləri ilə yaxından maraqlanmış, muxtar respublikanın hərtərəfli inkişafı üçün zəruri addımlar atmışdır. Azərbaycana rəhbərliyinin ilk mərhələsində ulu öndərin diqqət və qayğısı sayəsində Naxçıvanda fəal quruculuq işləri aparılmış, çoxsaylı müəssisələr yaradılmış, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri üçün yeni binalar inşa edilmiş, yaşayış massivləri, yollar salınmışdır.
Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyə qayıdışın əsasını qoymuşdur. Həmin dövrdə Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının xalq deputatı kimi fəaliyyət göstərən dahi rəhbər təkcə muxtar respublika üçün yox, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən qərarların qəbul edilməsinə, mühüm islahatların aparılmasına nail oldu. Bu müddət ərzində dövlət atributlarının qəbul olunması, muxtar respublikanın adında dəyişiklik edilməsi, ilk dəfə olaraq 20 Yanvar faciəsinə və Dağlıq Qarabağ probleminə obyektiv qiymət verilməsi, milli ordunun yaradılması, aqrar islahatların həyata keçirilməsi kimi taleyüklü məsələlər öz həllini tapdı. 31 dekabrın “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” kimi qeyd olunması, Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, diyarımızın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, ağıryüklü təyyarələrin qəbulu üçün hava limanının yenidən qurulması, mədəni mühitin dirçəldilməsi kimi böyük tədbirlər Naxçıvanda həyata keçirilən müstəqil dövlətçilik xəttinə layiqli töhfələr idi.
“Ümummilli liderimizin siyasi nüfuzu Azərbaycanın qədim torpağı Naxçıvanı işğaldan xilas etmiş, muxtar respublikada qonşu ölkələrlə xarici iqtisadi əməkdaşlıq münasibətləri qurularaq blokadanın ağır nəticələri aradan qaldırılmışdır”, – deyən Rəhman Məmmədov vurğulamışdır ki, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə qayıdışı şərəfli xilaskarlıq missiyasına – Azərbaycanı Azərbaycana qaytarmaq məramına xidmət etmiş, öz müdrik siyasəti və uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuş, müstəqil Azərbaycanın və Naxçıvanın inkişafını təmin etmişdir. Bu gün inkişaf edən və dünya ölkələri içərisində öz layiqli yerini tutan müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ümummilli liderin şah əsəridir.
Xalqımızın böyük oğlu dünyanın ən nüfuzlu mükafatlarına, fəxri ad və titullarına layiq görülmüşdür. Onun öz sağlığında layiq görüldüyü ən yüksək mükafat isə Azərbaycan xalqının ümummilli lideri adını qazanmasıdır.
Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin yubileyləri muxtar respublikada geniş qeyd olunmuş, adı əbədiləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Heydər Əliyev Muzeyinin yaradılması haqqında” 1999-cu il 18 fevral tarixli Sərəncamı ilə Azərbaycanda ilk dəfə olaraq Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində hazırda Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan Hərbi Lisey, tam orta məktəb, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Saray fəaliyyət göstərir. Şəhər və rayonlarda ümummilli lider Heydər Əliyevin abidələri ucaldılmış, Heydər Əliyev prospektləri salınmışdır. Bununla yanaşı, dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş kitablar nəşr olunur, sənədli filmlər hazırlanır, elmi konfranslar keçirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov “Heydər Əliyev: siyasi liderlikdən ümummilli liderliyə” mövzusunda keçirilən elmi konfransın da ümummilli liderin siyasi fəaliyyətinin, xalqımız qarşısında xidmətlərinin elmi əsaslarla öyrənilməsi baxımından əhəmiyyətli olacağına əminliyini bildirmiş, konfransın işinə uğurlar arzulamışdır.
Konfransda AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərlinin “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və banisidir”, Əbülfəz Quliyevin “Heydər Əliyev irsi və ədəbi dilimizin inkişaf məsələləri”, Vəli Baxşəliyevin “Heydər Əliyevin dövlətçilik təlimi Azərbaycanın uğurlu və hərtərəfli inkişafının əsasıdır”, Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Elçin Zamanovun “Heydər Əliyev və Azərbaycan Xalq Cümhuriyyəti”, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, tarix üzrə fəlsəfə doktoru Xəzər Hüseynovun “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü” və “Naxçıvan” Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin “Heydər Əliyevin siyasi fəaliyyətində xarici siyasət məsələləri” mövzularında çıxışları dinlənilmişdir.
Elmi konfransa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurmuşdur.
Səbuhi HƏSƏNOV