24 Dekabr 2024, Çərşənbə axşamı

Biz Azərbaycanın bu dilbər guşəsinə yenidən qayıdacağıq

26 il bundan əvvəl – 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilən Şuşada həmin dövrdə 25 min nəfərədək azərbaycanlı yaşayırdı. Mayın 8-nə keçən gecə təcavüzkar erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının 40 zirehli texnikasının bilavasitə iştirakı və köməyi ilə Şuşa şəhərini işğal etmək planını həyata keçirməyə başlayıb. Səhər saat 6-dək şəhər intensiv artilleriya atəşinə məruz qalıb. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edib. Nəticədə, dağlar gözəli, Azərbaycanın musiqi beşiyi olan qədim şəhərimiz xain düşmənin əlinə keçib.
Gözəlliyi ilə gözoxşayan əsrarəngiz Şuşa şəhəri Pənahəli xan Cavanşirin adı ilə bağlıdır. Belə ki, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənahəli bəy xan elan edilir və Qarabağ xanlığını düşmən hücumlarından qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali bu şəhəri Pənahəli xanın şərəfinə “Pənah­abad” adlandırır. Şişuclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə “Şuşa” adlandırılıb.

Pənahəli xanın ölümündən sonra Qarabağın hakimi olan İbrahimxəlil xanın dövründə Qarabağ xanlığı daha da güclənir və inkişaf edir. Pənahəli xan və İbrahimxəlil xan Qarabağ xanlığının paytaxtı Şuşa şəhərini qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə bina ediblər.
Şəhərin cənub tərəfi hündür və horizontal düzənlikdir. Bura “Cıdır düzü” adlanır. Şuşanın yerləşdiyi sahə isə 350 hektardır. Şəhərə ancaq bir nəqliyyat yolu var idi: Ağdam-Əskəran-Xocalı-Xanbağı-Ağa körpüsü-Şuşa yolu.
Şuşa XX əsrdə 3 dəfə erməni təcavüzünün qurbanı olub. 1905-1907-ci illərdə Şuşa şəhəri ermənilər tərəfindən hücuma məruz qalıb və yandırılıb. 1920-ci ildə şəhərin xeyli hissəsi daşnaklar tərəfindən dağıdılıb. Məlum işğal faktı isə 1992-ci ilin mayında oldu.
Hələ sovet hakimiyyəti illərində ermənilər tərəfindən Şuşadakı tarixi abidələrimiz dağıdılmış, laqeydlik Şuşanın iqtisadi baxımdan tənəzzülü ilə nəticələnmişdi. Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra mümkün olmuşdu. Məhz ulu öndərimizin təşəbbüsü ilə şəhərin tarixi-memarlıq abidələrinin dağıdılmasının qarşısını almaq üçün tədbirlər görülmüş, 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərinin tarixi hissəsini tarix-­memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etmişdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görülmüş, ölkədə milli musiqi alətləri istehsal edən yeganə Şərq Milli Musiqi Alətləri Fabriki istifadəyə verilmiş, Azərbaycan mədəniyyətinin və incəsənətinin korifeyləri olan Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Mir Möhsün Nəvvabın ev-muzeyləri yaradılmış, 1982-ci ilin yanvarında Molla Pənah Vaqifin məqbərəsi açılmışdı.
Ulu öndərimizin hakimiyyətdə olduğu dövrdə Azərbaycanın inkişafının qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Onun XX əsrin 80-ci illərinin sonlarında hakimiyyətdən uzaqlaşdırılmasından sonra xalqımızın ağrı-acılarla dolu dövrü başlandı, Dağlıq Qarabağın işğalı planı hissə-hissə həyata keçirildi və Şuşa xəyanətin qurbanı oldu.
Ümummilli lider Heydər Əliyev Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
Bu gün işğalçı Ermənistanın qeyri­-konstruktiv mövqedə olmasına baxmayaraq, qüdrətli Azərbaycan dövləti beynəlxalq təşkilatların, xüsusilə də münaqişəni dinc yolla nizama salmaq üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun sülhyaratma təkliflərinə hörmətlə yanaşaraq onun işində müntəzəm və əməli şəkildə iştirak edir.
Bu gün ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını xüsusi diqqətdə saxlayan Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələdə yalnız respublikamızın milli və dövlətçilik maraqlarını üstün tutduğunu nümayiş etdirir. Dövlət başçısı ölkə­mizin qəti mövqeyini, dəyişməz siyasətini belə ifadə edib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz ­işimizlə yaxınlaşdırmalıyıq və ­yaxınlaşdırırıq”.
2016-cı ilin aprel döyüşləri bir daha sübut etdi ki, bəli, o gün uzaqda deyil. Biz Azərbaycan torpaqları üzərində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək, yenidən Şuşaya qayıdacağıq!

 Rauf KƏNGƏRLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR