24 Dekabr 2024, Çərşənbə axşamı

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsi keçirilib.
Sayca yetmiş doqquzuncu məşğələni giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda məruzə edib. O, ulu öndərimizin memarı və qurucusu olduğu Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, Onun milli dövlətçilik konsepsiyasından ətraflı danışıb.
İsmayıl Hacıyev bildirib ki, Azərbaycanın azad, ədalətli, demokratik, siyasi plüralizmin hökm sürdüyü, vətəndaş cəmiyyətinə malik bir ölkə kimi formalaşmasında ümummilli liderin əvəzsiz xidmətləri vardır. Görkəmli dövlət xadimi Heydər ­Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını işləyib hazırlayıb və həyata keçirib, eyni zamanda Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlimin – Azərbaycançlıq ideologiyasınının da əsasını qoyub.

Vurğulanıb ki, dahi şəxsiyyətin əməli-nəzəri fəaliyyətinin mühüm bir hissəsini təşkil edən dövlətçilik fəlsəfəsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, inkişaf etdirilməsində əhəmiyyətli rol oynayıb. Əsl fəaliyyət strategiyası olan dövlətçilik təlimi sayəsində uzun illər öz dövlətçiliyindən və milli-mənəvi köklərindən ayrı salınmaqda olan Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiq prosesi reallaşıb.
Məruzəçi bildirib ki, ulu öndər Heydər Əliyev həyatı boyu istər Azərbaycana rəhbərliyinin birinci, istərsə də ikinci dövründə daim ­Vətəninin, xalqının gələcəyini düşünüb. Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığıyla inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib.
“Ulu öndər Heydər Əliyevin ­ölkəmizə rəhbərliyi dövründə dövlət quruculuğunun digər sahələri kimi bütün Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması da dövlət siyasəti səviyyəsinə qaldırıldı”, – deyən akademik İsmayıl Hacıyev bir faktı xüsusi vurğulayıb ki, başqa sahələrdə olduğu kimi milli ideoloji baxışlar sistemi­nin formalaşdırılmasında da dahi ­şəxsiyyət Azərbaycan Xalq Cüm­huriyyətinin varislik prinsipini saxladı. Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır.
Məşğələyə yekun vuran bölmə sədri qeyd edib ki, bu gün ulu ­öndərin siyasi xəttini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin ölkəmizin firavan gələcəyinin təmin edilməsində ümummilli liderin müstəqil dövlətçilik təliminin müddəalarını əsas götürməsi Azərbaycanın gündən-günə daha da güclənməsində, beynəlxalq arenada özünə layiqli yer tutmasında əhəmiyyətli rol oynayır, bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.

*             *             *

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Ulu öndər Heydər Əliyevin ideyaları gələcəyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.
Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur”, təşkilatın sədr müavini İbrahim Hənifəzadə “Azərbaycançılıq ideologiyasının formalaşmasında dahi şəxsiyyət Heydər Əliyevin rolu”, təşkilatın idarə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nüsrət Həsənov “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, aparıcı məsləhətçi Cahandur Məhərrəmov “Naxçıvan Muxtar Respublikası Heydər Əliyev ideyalarının işığında sürətlə inkişaf edir” mövzularında məruzələr ilə çıxış ediblər.
Qeyd olunub ki, xalqımızın iftixarı, hələ sağlığında ikən bütün dünya azərbaycanlılarının ümummilli liderinə çevrilmiş dahi ­şəxsiyyətin ideyaları və əməlləri qəlbimizdə yaşayır və daim yaşayacaqdır. Müstəqil Azərbaycanın qurucusu olan ulu öndərin xalqımız və ölkəmiz üçün gördüyü işlər əsrlər keçsə də, tarixi dəyərini itirməyəcək. Onun siyasi-mənəvi irsi təkcə xalqımızın deyil, bəşəriyyətin zəngin xəzinəsinə çevrilib.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyev Vətənin müstəqilliyinin möhkəmləndirilməsi, daimi və əbədi olması, ölkənin hərtərəfli inkişafı, xalqın milli-mənəvi dəyərlərinin qorunması və təbliği üçün cahanşümul işlər görüb. Dahi şəxsiyyətin həyatı və fəaliyyəti Azərbaycançılıq məktəbidir. O, Azərbaycançılıq ideyalarının yaradıcısı kimi, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün milli birliyimizin, həmrəyliyimizin zəruri olduğunu bəyan edib. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafı da dahi rəhbərin adı ilə sıx bağlıdır.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin siyasi idarəçilik təcrübəsi, dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və fəaliyyəti boyu həmin prinsiplərə istinad etməsi bu fenomen şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ekstremal vəziyyətdə doğru qərar qəbul etmək bacarığını şərtləndirən amillərdəndir. Bu gün müstəqil Azərbaycan istər siyasi, istər sosial-iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasındadır. Bu, ulu öndərin “Azərbaycan dünyaya Günəş kimi doğacaqdır” arzusunun Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilməsinin əyani göstəricisidir.
Diqqətə çatdırılıb ki, muxtar respublikamız Heydər Əliyev ideyalarının işığında özünün yeniləşən inkişaf mərhələsinə çatıb. Naxçıvan geniş quruculuq meydanına çevrilib, iqtisadi yüksəliş, çoxşaxəli dinamik inkişaf aydan-aya, ildən-ilə Azərbaycanımızın bu qədim diyarına yeniliklər gətirib. Hər il onlarla yeni məktəb, xəstəxana, mədəniyyət müəssisəsi, həkim ambulatoriyası və tibb məntəqəsi, geniş idman qurğuları istifadəyə verilir. 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı və Azərbaycanın Gənclər Paytaxtı olan Naxçıvan həm də beynəlxalq səviyyəli konfransların, idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Bölgədə dövlət gənclər və qadın siyasəti öz uğurlu nəticələrini verir. Bütün bunlar dahi şəxsiyyət tərəfindən əsası qoyulmuş uğurlu siyasətin qədim diyarımızda davam etdirilməsi, bu yola sədaqətin bariz ifadəsidir.
Tədbirin sonunda məktəblilər ulu öndərə həsr olunmuş şeirləri bədii qiraət edib, Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilən bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.

*             *             *

Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatında xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ­ildönümü ilə əlaqədar keçirilən tədbiri təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qürbət Rzayev açaraq çıxış edib.
Bildirilib ki, ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə doğma Azərbaycanımız bütün sahələrdə inkişaf və tərəqqi edib, xüsusilə sosial, iqtisadi, elmi-mədəni sahələrdə böyük nailiyyətlər əldə olunub.
“Ümummilli lider Heydər Əliyevin Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi 1990-1993-cü illərdə Azərbaycanın dövlət müstəqilliyinin əsası qoyulub”, – deyən təşkilat sədri vurğulayıb ki, müstəqilliyini bərpa etmiş ölkəmiz bu qiymətli sərvətdən məhrum olmaq təhlükəsi ilə üz-üzə qalanda xalqımızın nüfuzlu ziyalıları ölkəmizi bu bəladan xilas edəcək şəxsiyyətin rəhbərliyi ilə yeni bir siyasi qüvvənin – Yeni Azərbaycan Partiyasının yaranması zərurəti ilə əlaqədar ulu öndərə üz tutdular. 1992-ci il noyabrın ­ 5-də dahi rəhbər Heydər Əliyev partiyanın təşkilat komitəsinin, noyabrın 21-də isə Naxçıvan şəhərində keçirilən təsis konfransında yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi.
1993-cü ilin iyun ayında görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıtdı. Bundan sonra ölkədə siyasi sabitlik və əmin-amanlıq yarandı, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoydu. 1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi“ adlı ilk neft kontraktları imzalandı, 1995-ci il noyabr ayının 12-də müstəqil respublikamızın ilk Konstitusiyası qəbul olundu, müstəqillik tariximizdə ilk parlament seçkiləri keçirildi, ölkəmizdə tarixi islahatlar aparılmağa başlandı. Torpaq və aqrar islahatlar haqqında, özəlləşdirmə, sahibkarlığın inkişafı, vergi, maliyyə-bank sisteminin yenidən qurulması, ticarətin liberallaşdırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi üçün mühüm qanunvericilik aktları qəbul edildi. Gənc, müstəqil Azərbaycanın beynəlxalq nüfuzu artmağa başladı.
Vurğulanıb ki, bu gün əsası ümummilli ­liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət, quruculuq tədbirləri, respublikanın sosial-iqtisadi inkişafı ölkə ­Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan bu gün iqtisadi potensialı baxımından lider ölkələrdən biridir.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev ideyalarının sədaqətlə həyata keçirilməsi, muxtar respublika iqtisadiyyatının yüksələn xətlə inkişafı hamımızda qürur hissi doğurur və bütün bu nailiyyətlər ulu öndərimizin ideyalarının təntənəsi kimi qiymətləndirilir. Bunu dahi şəxsiyyətin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun timsalında da aydın görmək olar. Məhz görkəmli dövlət xadiminin ideyalarına sədaqətin ifadəsidir ki, bu kiçik rayon bu gün özünün ən gözəl çağlarını yaşayır. Başdan-başa müasirliyə qovuşmuş bölgədə hər il müxtəlif təyinatlı quruculuq tədbirləri həyata keçirilir. İnsanların məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılır. İqtisadiyyatın elmi əsaslarla inkişaf etdirilməsinə ciddi önəm verilir.
Tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynlinin, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Qadınlar Şurasının sədri Könül İsmayılovanın, Gənclər Təşkilatının sədri Elvin Məmmədovun məruzə ətrafında çıxışları olub.
Sonda Ordubad şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ulu öndərə həsr olunmuş şeirlər səsləndirilib, partiya ­sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR