24 Dekabr 2024, Çərşənbə axşamı

Xəbər verdiyimiz kimi, Bursa Bölgə Dövlət Simfonik Orkestrinin kollektivi Naxçıvan Muxtar Respublikasına qastrol səfərinə gəlib. Səfər çərçivəsində onlar qədim diyarın bir çox gəzməli-görməli yerləri ilə tanış olublar. Orkestr üzvləri ilə görüşüb həmsöhbət olduq, qonaqlardan bir neçəsinin Naxçıvanla bağlı təəssüratlarını öyrəndik:
Yalçın Adıgözəlov – orkestrin dirijoru, Azərbaycan Respublikasının Xalq artisti: – Bu, Bursa Bölgə Dövlət Simfonik Orkestrinin Azərbaycana ilk qastrol səfəridir. Səfərin Naxçıvandan başlanması heç də təsadüfi deyil. Çünki Nuhun vətəni sayılan qədim diyar həm də Türk dünyasının böyük tarixi-mədəni mərkəzlərindəndir. Bu yurd tarix səhnəsinə neçə-neçə qəhrəman igidlər, vətənpərvər el­oğulları, böyük mütəfəkkirlər, elm adamları, ictimai-siyasi xadimlər bəxş edib. Məhz dahi rəhbər Heydər Əliyevin də bu diyarda dünyaya gəlməsi, siyasi fəaliyyətinin daim Naxçıvanla bağlı olması qastrol səfərinin ilk olaraq buradan başlanmasını şərtləndirən əsas amil oldu.
Onu da qeyd edim ki, mən dəfələrlə Naxçıvana gəlmişəm və sevindirici haldır ki, hər gəlişimdə buranın daha da ­gözəlləşdiyinin şahidi oluram. Ən çox diqqətimi çəkən yüksək qonaqpərvərlik, Naxçıvan şəhərinin səliqə-sahmanı, küçələrin təmizliyi oldu. Bir sözlə, Naxçıvanda olmaq mənə xüsusi zövq verdi. Gəzintinin təşkilində əməyi keçən hər kəsə minnətdaram.

Nazlı Esin – fleyta ifaçısı: – Naxçıvana gedəcəyimizi eşidəndə hər kəs sevindi. Qədim diyarın gözəlliyinə yaxından tamaşa etməyi, gəzməli-görməli yerlərində olmağı orkestrdə çalışan hər kəs arzu edirdi. Elə bu düşüncə ilə də Naxçıvanın bir çox tarixi abidələrini, mədəniyyət, səhiyyə müəssisələrini gəzdik. Bu yerin ecazkar təbiəti mənə müsbət enerji verdi. Əshabi­-Kəhf ziyarətgahı ilə tanışlıq olduqca maraqlı keçdi. Mənim əvvəllər də bu ziyarət ocağı haqqında məlumatım var idi. Ancaq, necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Ziyarətgahda olduğum müddətdə diləklər tutub, dualar etdim. Möcüzəli abidənin mövcudluğunun İslam dinindən öncəyə təsadüf etməsi Naxçıvanın böyük tarixi sivilizasiya məkanı olduğunu sübut edir. Bir daha əmin oldum ki, bu qədim yurdun hər daşında, hər qayasında böyük bir tarix yatır. Təqdirəlayiq haldır ki, muxtar respublikada tarixi-mədəni abidələr qorunur, bərpa edilir və gələcək nəsillərə ərməğan olunur. Gəzib-gördüyüm yerlərdə bu mütərəqqi addımın təzahürü ilə qarşılaşdım.
İlkər Kıroğlu – faqot ifaçısı: – Qədim diyarla tanışlığımız qısa olsa da, məndə böyük təəssürat yaratdı. İlk olaraq Heydər Əliyev Muzeyində olduq. Burada dahi rəhbərin həyat və fəaliyyətinə dair eksponatlara baxdıq. Öyrəndiklərimdən belə nəticəyə gəldim ki, Türk dünyasının iki dahi şəxsiyyətinin – Mustafa Kamal Atatürklə Heydər Əliyevin siyasi fəaliyyətlərinin oxşar cəhətləri çoxdur. Onların apardıqları uzaqgörən siyasət müstəqil dövlət quruculuğuna, xalqın firavanlığına xidmət etməklə bərabər, həm də iki qardaş ölkəni bir-birinə bağlayıb. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları bu tarixi şəxsiyyətlərin hər iki ölkənin bugünkü birliyinin əsasını təşkil edir. Bu gün uğurla davam etdirilən bu siyasət ölkələrimizi qırılmaz tellərlə bir-birinə bağlayır.
Azərbaycanın qədim torpağı Naxçıvanda müasir infra­strukturun yaradılması, geniş park və xiyabanların salınması, gülkarlıq ərazilərin çox olması buranı əsl cənnətməkana çevirib. Qastrol səfərimiz zamanı gəzdiyimiz yerlər xatirəmdə silinməz izlər buraxdı, olduqca yaddaqalan günlər yaşadıq. Bizə bu imkanı yaradanlara minnətdaram.
Pınar Balcı – skripka ifaçısı: – Bu, mənim Naxçıvana ilk gəlişim olsa da, qədim diyar haqqında kifayət qədər məlumatlı idim. Naxçıvanda gəzdiyim yerlərdən ən çox diqqətimi çəkən Möminə xatın türbəsi oldu. Həqiqətən də, bu abidəyə tamaşa etdikcə heyranlığını gizlədə bilmirsən. Əsrlər öncə insan oğlunun bu qədər dəqiq hesablama əsasında gözəl bir abidə yaratdığına həsəd aparmamaq mümkünsüzdür. Abidə ilə tanışlıq zamanı öyrəndim ki, Azərbaycan milli memarlığının möhtəşəm nümunəsi, Şərq memarlığı incilərindən olan bu türbə 1186-cı ildə ucaldılıb. Fəxr edə bilərsiniz ki, Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatının şərəfinə tikilən bu abidə əsrlərdən bəridir ki, bütövlükdə, Türk dünyasında anaya, qadına yüksək sevgi və ehtiramın rəmzi kimi məhz Naxçıvan torpağında ucalır. Görkəmli Memar Əcəminin sənət inciləri bütün Türk dünyasına məlumdur. Səmərqənddən Təbrizə, Marağadan Konyaya qədər hər yerdə bu memarlıq məktəbinin nişanələrini görmək olar. Abidənin yerləşdiyi ərazini seyr etdikcə qədimliklə müasirliyin vəhdəti gözlər önündə canlanır.
Naxçıvanla tanışlıq məndə bu diyar haqqında zəngin təəssürat yaratdı. Böyük fərəh hissi ilə deyirəm ki, Naxçıvan əsl gəzməli-görməli, yaşamalı yerdir. Buranı cəlbedici göstərən amillər çoxdur. İnsanların gülərüz və qonaqpərvərliyi, tarixi-mədəni abidələr, səliqə-sahman və abadlıq, təmiz hava, gözəl təbiət, müasir infrastruktur, bir sözlə, görünən hər şey könül­oxşayandır. Burada olduğum üçün çox sevinc­liyəm. Gələcəkdə yolumu tez-tez Naxçıvandan salmağı ­düşünürəm.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR