Əlahiddə Ümumqoşun Orduda növbəti zabit heyətinin təkmilləşdirilməsi kursunun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursu müvəffəqiyyətlə bitirən zabitlər yuxarı vəzifələrə təyin olunublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə zabit İsmayıl Mədətov çıxış edərək bildirib ki, kurs zamanı Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində müxtəlif ixtisaslar üzrə dərslər keçilib, trenajorlarda şəxsi heyətin sürücülük və atəş qabiliyyəti praktik olaraq daha da artırılıb. Kursa cəlb edilmiş zabitlərin virtual təlim meydançasında qazandıqları yeni biliklər real döyüş şəraitinə yaxın təşkil edilmiş məşğələlərdə daha da təkmilləşdirilib.
Məzunlar söz veriblər ki, kursda qazandıqları yeni taktiki bilikləri xidmət yerlərində uğurla tətbiq edəcək, ordumuzun peşəkarlığının daha da artırılması üçün əllərindən gələni əsirgəməyəcəklər.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin şəxsi heyətə təbriki çatdırılıb. Bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda peşəkar hərbçilərin yetişdirilməsinə xidmət edən digər kurslar kimi zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur. Ordumuzun gücünü nümayiş etdirən hərbi parad və taktiki təlimlərdə qazandığımız nailiyyətlərin məntiqi davamı olaraq Əlahiddə Ümumqoşun Orduda təşkil edilən zabitlərin təkmilləşdirilməsi kursunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Çünki həmin kurslar zamanı hərbi qulluqçuların bilik, bacarıq və peşəkarlıqları daim artırılır. Təbii ki, bütün bunlar da hərb işinə verilən yüksək qiymətdən xəbər verir.
Sonra kursu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib.
Kurs birincisi tərəfindən yaş kötüyünə buraxılış emblemi vurulub və məzunların yuxarı vəzifələrə təyin olunmaları ilə bağlı verilən əmr mərasim iştirakçılarının diqqətinə çatdırılıb.
Əmr oxunduqdan sonra məzunların tribuna önündən təntənəli keçidi olub.
Nəriman NƏCƏFOV